adalet.az header logo
  • Bakı 33°C
  • USD 1.7
02 Avqust 2022 10:02
430
MƏDƏNİYYƏT

29 ildir sevilən “Zaur”un doğum günüdür: 67 yaş...


Bu gün Azərbaycanın Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafovun doğum günüdür.

Adalet.az
xəbər verir ki, aktyorun 67 yaşı tamam olur.

Fəxrəddin Manafov 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında filmlərə çəkilib.
Azərbaycan tamaşaçısı Manafovla II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş “Ölsəm... bağışla” bədii filmində tanışdı. Film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif (Fəxrəddin Manafov) onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır. Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? O, sevdiyi qızla xoşbəxt həyat sürməyi arzulayır.


Filmin sonunda qəhrəman ölür. Onun qəlbi hər cür natəmiz fikirlərdən uzaq olduğu üçün qara qüvvələrlə sona qədər mübarizə apara bilmir. Və Yusif (Fəxrəddin Manafov) tamaşaçıların favorisi oldu. Daha sonra “evləri köndələn yar” tamaşasındakı Şamil obrazı da izləyicilərinin ürəyincə oldu. Sevimli aktyorun yaradıcılığında “Qəm pəncərəsi “(film, 1986) — Kefli İsgəndər, “Özgə ömür” (film, 1987) — Tahirbəyov, “Əlvida, cənub şəhəri “(film, 2006) — Rza, “ Çalış, nəfəs alma” (film, 2006), “Hökmdarın taleyi “(film, 2008) — İbrahim xan, “Silah” (film, 2008) (Rusiya), “ Sübhün səfiri “(film, 2012) — Abbasqulu ağa Bakıxanov, “ Mahmud və Məryəm” (film, 2013) — Ziyad xan, “Həyat çiçəyi” (teleserial, 2013) — Aslan Quliyev və bir sıra obrazlar onun istedadının sübutudur.
.

1987-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülub.
Aktyor bir çox filmlərdə rol alıb. Ən sevilən obrazı isə "Təhminə" filmindəki Zaurdur. Baxdıqca baxılan və sevilən 1993-ci ildə çəkilmiş bu Azərbaycan filmi Fəxrəddin Manafovun yaradıcılığında pik nöqtə hesab oluna bilər. Filmdə əsərin baş qəhramanları olan Zaur (Fəxrəddin Məlikov) və Təhminənin (Meral Konrat) melodram həyatından bəhs edir. Onları mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gətirir. Tanınmış professor Zeynallının (Həsən Məmmədov) oğlu atası və anası olmayan Təhminəyə aşiq olur. Zaurun anası Zivər xanım və atası buna qarşı çıxır. Sonsuzluq və aralarındakı soyuqluq səbəbiylə Arifdən boşanan Təhminə Zaurla birlikdə yaşamağa başlayır. Bundan sonra hər gün Zivər xanım telefonla zən edərək Təhminəni təhqir edir. Çox gözəl olduğundan işlədiyi yerdə bütün kişilərin diqqətini özünə çəkən Təhminə Zaurun qısqanclığına səbəb olur.
Təhminə və Zaur bir-birilə tez-tez mübahisə edirlər, ancaq sonuncu dəfə dalaşırlar və barışmaq ümidi qalmayaraq ayrılırlar. Bu ayrılığa Təhminə dözə bilmir davamlı olaraq içki içir və sonda qara ciyər seryozundan həyatını dəyişir. Həmin vaxt isə Zaur İstanbulda bal ayında olur. Qayıtdıqdan sonra bundan xəbər tutur və Təhminədən ona yeganə xatirə Sankt-Peterburqda olanda Zaurun aldığı cəza qəbzi (Xoşbəxtlik qəbzi) qalır.
Bəli, bu filmdə də sevilən aktyor oyun tərzi, jestləri, nümayiş etdirdiyi təbiilik növbəti dəfə pərəstişkarlarının sevgisinə səbəb oldu.

Qeyd edək ki, 2013-cü ildə - “Təhminə” filminin qəhrəmanları Fəxrəddin Manafov və Meral Konrat 20 ildən sonra görüşərək ötən günləri xatırlayıblar.
Həmin vaxt filmin qəhrəmanları “Nargis” jurnalının layihəsi çərçivəsində bir araya gəliblər.

Əntiqə Rəşid