adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Mart 2024 15:55
4039
MÜSAHİBƏ

"39 il azad yaşayan, 20 il işğalçıya qarşı döyüşən Babəkin edamı..." - Dosentdən açıqlama

Bu gün Xalq qəhrəmanı Babəkin ərəb istilaçıları tərəfindən qəddarlıqla öldürüldüyü gündür.

Adalet.az
xəvər verir ki, 838-ci ilin 14 martında Xürrəmilər hərəkatının başçısı, Azərbaycan xalq qəhrəmanı Babək (795-838) Samirə şəhərində edam olunub. 20 il boyu Abbasilər xilafətinə qarşı mübarizə aparan Babək ərəblərin bir neçə qoşununu darmadağın edib. Babək erməni Səhl Sumbatın xəyanəti nəticəsində əsir düşüb və öldürülüb. 

 Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevdən 1200 əvvəl baş vermiş o edamla bağlı araşdırmalarının nəticəsini bizimlə bölüşməyi xahiş etdik .

Zaur müəllim  Azərbaycanın Hürrəmiyə İmperatorluğunun hökmdarı, böyük sərkərdə Babək dünya tarixində qırmızı bayrağı dövlət rəmzi edən ilk hökmdar idi. Onun edam olunması üçün məhz Samirə şəhərinin seçilməsi də təsadüfü deyildi. Samirə-ərəbcədən tərcümədə "onu görən sevinir " mənasını   verir və Xilafətdə Azərbaycan və digər türk xalqları üçün salınmış şəhərdir. Burda yaşayanların 90 faizi türklər idi və xəlifə Möhtəsim Babəki burda edam etməklə onlara ərəbin türk üzərində gücünü göstərmək niyyəti güdürdü.

Babək həbsə atılanda İbn əl-Əsir yazır ki, xəlifə Mötəsim də paltarını dəyişərək və kimliyini gizlədərək Babəkin yanına gəlib və onunla söhbət edib. Qızıl möhürlü aman məktubu ona təqdim edir, amma Babək bunu qəbul etmir. O dəfələrlə Babəki öz ətrafına çəkib ordu Komandanı etmək istəyirdi. Düz 2 ay 10 gün Möhtəsim Babəki edam etmək əmrini gecikdirir, səbəbi isə onu öz ətrafına çəkmək niyyəti idi.

Ərəb mənbələri yazır ki, Möhtəsim deyib : "Babək çox zirək, möhkəm iradəli və müharibə işlərində misilsiz şəxs idi. İnadkar, təhlükəli adam olmasaydı onu əhv edib, xidmətlərindən faydalanmaq olardı".

Babəkin qətli haqqında ərəb tarixçiləri belə yazırlar: qətl günü cəlladlar onu Möhtəsimin hüzuruna aparanda gözünü qırpmadı, rəngi qaçmadı. Möhtəsimin əmri ilə əli kəsiləndə ondan soruşdular: "Öldürürdün, ölmək asandırmı?!" O, cavab verdi: -azadlıq uğrunda "ölmək nə qədər də asandır!"

Nizam əl Mülk Babəkin qətli haqqında belə deyir: O, Möhtəsimin suallarına cavab vermədi. Möhtəsim onun əllərinin və ayaqlarının kəsilməsini əmr etdi. Babəkin bir əlini kəsəndə, o biri əlini qana batırıb, üzünə sürtdü və üz-gözünü qızartdı.

Möhtəsim onu söydü və dedi:- Nə üçün belə etdin?

Cavab verdi: " üzümü ona görə qana buladım ki, bədənimdən qan axıb gedən zaman, üzümün rəngi solacaq, adamlar mənə baxanda elə biləcəklər ki, ölümün qorxusundan rəngim qaçıb"

39 yaşında edam edilən Babək Möhtəsimin qarşısında baş əyməyərək bu sözləri demişdir:

"Bir gün şah olmaq 40 il kölə olmaqdan yaxşıdır…Sağ qalmağım və ya ölməyim önəmli deyil; əsas odur ki, harada mən varamsa, ya xatırlanıramsa, orada mən şaham"


İbn əl-Əsirin yazdığına görə, xəlifənin əmri ilə Babəkin başı Xorasana göndərilir, başsız bədəni isə çarmıxa çəkilir. Babəkin edamı ilə Möhtəsim düşünürdü ki, Azərbaycanda ona qarşı heç kim çıxmayacaq .. Amma bu mübarizə illərlə davam edir və Hülakü xan Babəkin intiqamını ərəb xilafətindən alır...

 Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının rayonlarından biri Babəkin adını daşıyır. Naxçıvanda -  Babək rayonun və Xaçmaz şəhərində heykəlləri qoyulub.Xalq qəhrəmanımızın  adı Bakı və Gəncə şəhərlərində prospektə verilib. Xalq yazıçısı Ənvər Məmmədxanlı "Babək" romanını yazıb və 1979-cu ildə "Azərbaycanfilm" kinostudiyası "Mosfilm" kinostudiyası ilə birlikdə Eldar Quliyevin rejissorluğu ilə Babək haqqında film çəkilib. 1996-cı ildən başlayaraq hər il Babəkin doğum günü kimi qeyd edilən 26 iyun tarixində Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri Bəzz qalasına yürüş keçirirlər. Həmçinin hərb tariximizin şərəfli səhifəsi olan   Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu 26 iyun 1918-ci ildə yaradıldı. Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü kimi qeyd edilir.

Azərbaycan bəstəkarı Aqşin Əlizadə 1979-cu ildə şərəfinə Babək baletini bəstələyib.Cəfər Cabbarlının "Od gəlini" faciəsinin qəhrəmanı Elxanın prototipi də Babəkdir.
Azərbaycan yazıçısı Taleh Şahsuvarlının 2009-cu ildə çapdan çıxan "Canlanma" tarixi metaromanında Babəkdən bəhs olunub
Akif Əli Babəkin şərəfli mübarizəsindən bəhs edən "Azman" əsərini yazıb.

Bunu ona görə qeyd edirik ki, aradan 1200 il keçməsinə baxmayaraq xalq öz qəhrəmanının heç vaxt unutmur və unutmayacaq.

 Əntiqə Rəşid