18 Sentyabr 2023 11:46
1994
MEDİA

”A qızım, yaman höcətsən”

18 sentyabrda doğulub, 18 iyulda torpağa qovuşan vətən həsrətlisi...

2004-cü il idi . Kəndimizin iki şəhidindən yazı yazmışdım. Dedilər ki, “Qarabağ” qəzeti qonarar verir, yazılarını ora apar. Mən də gəldim redaksiyaya. Orada heç vaxt görmədiyim, tanımadığım uca boylu, cüssəli, ciddi görkəmli bir kişi:”Yazıları ver, get. Bir həftədən sonra qəzet dərc olunacaq. Yaxşı yazı olsa, çap edəcəyik, olmasa da, biz heç nə deyə bilmərik”.

Bir həftəni həyəcanla gözlədim. Bu da həyatın imtahanlarından biri idi. Həm pula ehtiyacım var idi, həm də axı mən gələcəyin peşəkar jurnalisti olacaqdım. Nəisə...

Çox nigaran halda gəldim redaksiyaya. Mən redaksiyaya girən kimi həmin o, cüssəli, ciddi görkəmli kişi gülümsünərək dedi ki, a qızım, yazılarının ikisi də yaxşıydı deyə, ikisini də çap etmişik.

Qəzetdə yazıları görəndə necə sevindimsə, qəzeti qapıb qaçırdım ki, adam olmayan bir yerdə atdanım-düşüm, sevincimi çölə səpələyim... Həmin adam arxadan çağırdı:” A qızım, gəl, qonararını da götür”-dedi. Az qala qonararımı da unutmuşdum.

Bəli, bu adam, iki yazımla mənim yaradıcılığımı- qələmimi dəyərləndirən, “Qarabağ” qəzetində qalıb işləməyimi rəhbərlikdən xahiş edən, qəzetin redaktoru Sarvan Şamiloğlu Ağayev idi.

Qaldım redaksiyada. O, redaktor olduğu üçün bütün yazılarımı məcburən oxumalıydı və oxuyurdu. Hərdən yazını müzakirə edirdik, dəfələrlə olub ki, yazı üstündə mübahisə də etmişik. Mübahisəmiz olsa da, heç vaxt heç bir məqaləm kənarda qalmayıb, qəzetdə böyük manşetlə verilib. Mübahisələrdə çox vaxt haqq olduğumu sonda Sarvan müəllim deyirdi. Dodağının ucunda gülümsəyib:”A qızım, yaman höcətsən”

Ümumiyyətlə, bilirdim ki, yazdığım məqalələlərə görə, ən çox tərif aldığım adam idi Sarvan Ağayev.

İxtisasca jurnalist olduğuma görə, hətta redaksiyaya Bakı Dövlət Universitetindən praktikaya gələn tələbələri öhdəmə buraxıb, onların “praktika müəllimi” olmağımı tələb edirdi. Mən də bildiklərimi sayca 10-15 arası tələbəyə sevə-sevə öyrədirdim.

Jurnalistlər ailəsi

18 sentyabr 1955-ci ildə Ağdamda doğulub. Birinci sinifdən onuncu sinfə qədər Ağdam şəhər 2 saylı orta məktəbində oxuyub, sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) ali təhsil alıb.

Sarvan Şamiloğlu ali təhsilini başa vurduqdan sonra Ağdamda 136 saylı Texniki Peşə Məktəbində komsomol komitəsinin katibi vəzifəsində çalışıb. O, 1990-cı ilin fevral ayından ömrünün sonuna kimi "Qarabağ"qəzetində işləyib. "Qarabağ"qəzetində müxbirlikdən baş redaktorun müavinliyinə qədər şərəfli yaradıcılıq yolu keçib.

İxtisasca jurnalist olmasa da, redaksiyamızda yeganə peşəkar jurnalist idi Sarvan müəllim. “Niyə”sini də deyim?

Çünki başqa yazarlardan fərqli olaraq Sarvan Ağayevin atası jurnalist Şamil Ağayev uzun müddət "Lenin yolu" ("Ağdam") qəzetində məsul katib vəzifələrində işləmiş, anası Zərifə Ağayeva isə Ağdam rayon radio qovşağının diktoru işlədiyi dövrlərdə cəbhə bölgələrindən xəbərləri, quruculuq illərində iqtisadiyyatın, mədəniyyətin, elmin inkişafı ilə başlı məlumatları səsləndirmişdi. Bəli, Sarvan, Qarabağ mövzusuna aid maraqlı məqalələrin müəllifidir.

Sarvan peşəkar jurnalistlərin ailəsində gözünü açıb, genetik olaraq bu sənətə meyilli olub. Odur ki, Sarvan Şamiloğlu ailədən gələn yetənəklə hələ kiçik yaşlarından bu sənətin sehrinə düşüb. Jurnalistikaya gəlişi isə 60-cı illərin sonlarından - orta məktəb illərindən başlayıb. Onun pioner drujinasının fəaliyyətindən, məktəbli dostlarının uğurlarından bəhs edən məqalələri "Pioner" jurnalında, "Lenin yolu" (indiki "Ağdam" qəzeti) qəzetində çap olunub.

Sarvan Şamiloğlunun "Qarabağ"qəzetində işlədiyi 24 illik fəaliyyəti dövründə xalqımızın başına gətirilən müsibətlərin, faciələrin ictimaiyyətə çatdırılmasında böyük xidməti olub. Onun köçkünlərimizin ağır həyatından, Qarabağ həqiqətlərindən bəhs edən yazıları bu gün də öz aktuallığını saxlamaqdadır.

1992-cildə Jurnalistlərin Azad Həmkarlar İttifaqının təsis etdiyi "Zəfər" mükafatına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci tarixli sərəncamı ilə milli mətbuatımızın 130 illik yubileyi münasibətilə Sarvan Şamiloğlu “Tərəqqi” medalına layiq görüldü.

2014-cü ilin 16 iyul idi. İşdən çıxıb evə gedirdik. Sarvan müəllim yenə bizə bərk-bərk tapşırdı ki, 23 iyul Ağdamın işğalı ilə bağlı yeni sayımız çapdan çıxacaq, həm də xüsusi buraxılış olacaq. Tez gəlin ki, yazıların oxunmasına yardımçı olun. 17 iyul səhər saat 9-da bütün heyət redaksiyadaydı. Hətta Sarvan Şamiloğlunun ən yaxın dostu, tanınmış jurnalist Surxay Əlibəylidə gəlib çıxmışdı. Təkcə Sarvan müəllim görünmürdü. Hamımız onu gözləyirdik. Saat on oldu, onbirin yarısı oldu. Maraqlıydı, heç telefonuna da zəng çatmırdı. Əvvəl variantımız bu oldu ki, yatıb qalıb, (halbuki heç vaxt belə bir şey olmamışdı), sonra “harasa müsahibəyə gedib”-deyə düşündük. Daha sonra əsəbləşdik. Surxay müəllim ərkyanə gileyləndi: “Ay zalımın balası, heç olmasa, telefonu aç”. Özümdən asılı olmadan Surxay müəllimə tərəf döndüm: “Surxay müəllim, niyə elə deyirsiniz? Bəlkə başına bir qəza gəlib, bəlkə, iraq olsun maşın vurub, bəlkə huşu özündə deyil? –dedim. Surxay müəllim eyni gərginliklə “Əşşi, heç olmasa telefonu açıq saxlasın də...”-söylədi.

Yenə də özümdən asılı vəziyyətdə olmadan: “ Bəlkə elə yıxılıb ki, telefonun üstünə düşüb, telefonu sınıb? Nə bilirik”-dedim. Surxay müəllim susdu. Bir siqaret yandırdı. Bu zaman otağın telefonuna zəng gəldi. Texniki işçi olan qadın telefonu götürdü. Xəttin o başından nə dedilərsə, qadın burdan “Allah sən saxla !” dedi:” Avtomobil qəzası harda olub?Sağdırmı?Xanımının telefon nömrəsi məndə var, deyim yazın!” Hamımız həyacanla qadının üzünə baxırdıq.

Sən demə, Sarvan Şamiloğlu işə tezdən gəlirmiş, yolu keçərkən sürətlə gələn avtomobil onu vurur, zərbənin gücündən yolun kənarına çırpılan həmkarımızın cibindəki telefon da qırıq-qırıq olur. Polislər onun yaxınlarına xəbər vermək üçün əlaqə nömrəsi tapa bilmədikdə üstündə yeganə sənəd olan “Qarabağ “ qəzetinin vəsiqəsini tapır. Onun vasitəsilə redaksiyamızı tapıb xəbəri ailəsinə çatdırmağı çalışan polislər bizə məlumatı belə verdilər. Biz “Semaşko” deyilən 1 saylı Kliniki Tibbi Mərkəzə çatanda həyat yoldaşı Yeganə xanım da, oğlanları Şamil də, Adil də ordaydı. Bilmirəm, həmin gün təəssüfümüzü, kədərimizi təsəvvür edirsiniz ya yox, amma , Sarvan müəllimin yoxluğunun ən böyük zərbəsi “Qarabağ” qəzetinə dəydi.

Bir gün sonra-18 iyul tanınmış jurnalis, “Şəhid şəhərin şəhid oğulları”, “Qandan göyərən yollar” kitablarının müəllifi, yurd-vətən həsrətlisi Sarvan Şamil oğlu Ağayev vəfat etdi.

Bu gün Sarvan müəllimin ad günüdür. Yaşasaydı 68 yaşı olardı, həyat yoldaşı, övladları, nəvələri onun başına yığışardılar. deyib-gülüb sevinib, onunla fəxr etdiklərini dilə gətirərdilər, onu təbrik edərdilər... Təəssüf, nə o yaşamadı, nə 9 ildir sevdiyi insanların onu hansı kədərlə, hansı ağrı ilə xatırladığını bilmədi...

Ruhuna böyük hörmətlə Əntiqə Rəşid