ABBA ilə Stokholmdan Ağdama
Stokholm səfərində ilk dəyəcəyimiz yer kimi mən ABBA muzeyini seçəndə uşaqlar bir ağızdan “Gröna Lund” deyib durdular. Çoxsaylı atraksiyonları, karuselləri, nə bilim, şouları olan əyləncə parkı balalara daha cəlbedici gəlirdi. Parkın qapısı ağzında onlardan ayrılanda xanıma dedim: “Qoy, onlar öz dünyalarına getsinlər, gir qoluma, səni öz uşaqlıq çağıma aparacam”.
***
ABBA The Museum.
Rəsmi adı belədir muzeyin. Dövrünün, fikrimcə elə bütün zamanların ən uğurlu pop qruplarındandır ABBA. Boş yerə 1970-ci illərə “ABBA illəri” demirlər.
Muzey qrupun 10 illik ömrünü əks etdirən eksponatlarla doludur. Öyrənirsən ki, 1972-ci ildə yaranan ansambl iki il sonra ilk beynəlxalq uğurunu qazanıb. 1974-cü il Avroviziya mahnı müsabiqəsinin qalibi olub. Sonra bir-birini əvəz edən dünya turları. Neçə-neçə ölkənin musiqi xitlərindən həftələrlə, aylarla düşməyən mahnıları, milyon-milyon tirajla satılan valları ilə başgicəlləndirən uğurlara imza atıb. Satılan valların sayına görə təkcə Elvis Preslidən, bir də Bitlzdən geri qalıb.
Açığı muzeyə qədər bilmirdim ki, bu əfsanəvi qrupun üzvləri bir-birləriylə evliymişlər: Benni Anni-Fridlə, Byörn isə Aqneta ilə. ABBA-nı zirvələrə daşıyan uğurun bir sirri də bunda imiş sən demə – Sevgidə!
Sevgisiz zirvə fəht edilərmi?!
Adlarının baş hərflərindən qurduqları ansambl-ailə hər iki cütlüyün evliliyi bitəndən sonra dağıldı. Sevgi bitəndə ürək də soyuyur: nə o əvvəlki ruhcoşduran mahnılar yazıldı, nə o şövqlə oxumalar oldu. Odur ki, kvartet dağılanda ayrılıqda oxunan solo ifalar da uğur qazana bilmədi.
***
Ağlım kəsəndən evimizin alt mərtəbəsində kirayişin qızlar qalıb. Ağdam Musiqi Texnikomuna tək Azərbaycanın rayonlarından yox, başqa respublikalardan da oxumağa gəlirdilər. Məndə musiqiyə sevginin yaranmasında, zövqün formalaşmasında onların müstəsna rolu olub. Uşaqlıq illərimin səhərləri onların çaldığı musiqilərlə açılıb. Klassik musiqini, bəstəkarları, musiqi alətlərini onların söhbətlərindan tanımışam. Mosartı onlarla birgə baxdığım “Amadeus”, violini “Nikkolo Paqanini” filmlərindən tanıyıb sevdiyim kimi, məsələn.
ABBA-nı da mənə onlar tanıdıb.
1970-ci illərin ortalarında ABBA SSRİ-nin dəmir sərhədlərini yarıb milyonların qəlbini fəth eləməyə başlamışdı. Televizorumuzda hər dəfə ABBA oxuyanda səsi artırır, döşəməni döyəcləyirdim. Evimizin kirayişin qızları dərhal yüyürüb gəlirdilər. O qoşa cütlüyə elə həsrətlə baxırdılar ki.
Qrupun qaraşın üzvünü Donaraya oxşadırdıq. Donara Leninakandan gəlmişdi, piano sinfinə gedirdi. Otaq yoldaşları Qreta, Roza onu inandırdılar ki, saç düzümünü bir azca dəyişsə, o qarabuğdayı qıza bənzəyəcək. Bir gün gördük, saçına əl gəzdirib gəlib. Doğrudan da ABBA-nın qarasaç qızına – Anni-Frid Lyngstada oxşayırdı. Qaraşın deyirdik, əslində isə Anni saçını qırmızı rəngləyirmiş. Bizim ağ-qara “Qorizont” televizorumuz saçını qara göstərirmiş.
Mənimsə gözüm sarışını tutmuşdu.
Onda heç 10 yaşım da yox idi. Baxmayın uşaqlığıma, qadın gözəlliyini duymağı bacarırdım. Mənə inanmırsınız, Freydə inanın. Dünya psixoloqlarının atası Ziqmund Freydə. Biləcəksiniz nə dediyimi.
Adı Aqneta imiş. Aqneta Fəltskoq (Agnetha Fältskog). Onda adını bilmirdim. Eləcə sarışın, şıltaq qız idi mənim üçün, “blandinka” deyirdik. Kəsdirə bilmədiyim bir istilik, şirinlik, doğmalıq vardı onda. Onu milyonlara sevdirən də elə üzündəki təbəssümdən doğan bu istilik idi bəlkə də.
Bir də səsi. Elə təkcə “Qalib hamısına sahibdir” (“The winner takes it all”) mahnısını dinləyin yetər.
Uşaqlığımın o şirin çağında yüz il qala ağlımın ucundan belə keçməzdi ki, SSRİ dağılacaq, sərhədlər açılacaq və tale küləyi məni üzlərindəki təbəssümlə dünyanın hardasa o başından – xoşbəxt insanların yaşadığı yerlərindən xəbər verən bu dördlüyün vətəni İsveçə atacaq. Onların o xoşbəxt ölkəsində hər dəfə mahnılarını eşidəndə dik atılırmış kimi oyanıb anlayacam ki, sən demə, dünyanın ən xoşbəxt çağı elə atalı-analı günlərimdə ağ-qara televizorumuzda onlara baxdığım anmış; bu qrupun mahnılarını dinlədiyim evimizmiş; adına “Qafqaz Xirosıması” deyiləcək, daşı daş üstündə qalmayan şəhərimizmiş.
Heyif, ömrün geriyə yolu olmur!
…Amma, oldu! Məni geriyə aparan o yolu tapdım! ABBA muzeyində nostalji duyğular burulğanına düşəndə gördüm o yolu. Gördüm dördü də əl-ələ verib 70-ci illərə gedirlər. Yüyürüb çatdım, bir əlimdən Qaraşın, o birindən Sarışın tutdu. Benni saçımı qarışdırdı, Björn gülüb göz vurdu. Üzümüz Qarabağa idi – bizə sarı. Yetişdik. Darvazadan həyətimizə girdik. Pilləkəndə əlimi buraxdılar, irəli ötürüb, “özün qalx” dedilər…
Qulağımda “Mamma mia”nın (“Mənim anam”) sədaları pillələrlə evimizin yuxarı mərtəbəsinə qalxıram. Əlimlə pilləkənə sarı uzanan armudun ağ çiçəkli budağına sığal çəkib keçirəm. Anam qarşılayır məni – Mamma Mia – üzündə həmişəki gülüş, dilində “Maman saa qurban”.
Muzeyi dolaşdıqca, onların qrim əşyalarına, geyimlərinə, musiqi alətlərinə, səfər şəkillərinə baxdıqca neçə dəfə beləcə 70-lərə gedib qayıtdım. ABBA-nın iri fotosu fonunda skamyada oturdum. Xanım şəklimi çəkdi. İstədi nağıl kimi bir aləmdən, uşaqlıq çağıma xəyali səfərimdən bir fotom qalsın.
***
Bu sətirləri yazdığım noyabr günlərində ABBA-nın Voyage adlı albomu çıxdı. Bu, 1981-ci ildən sonra qrupun ilk albomudur.
Məşhur kvartetin sonu 1982-ci ildə gəldi, sonuncu Visitors albomundan sonra qrup birgə fəaliyyətə son qoyduğunu elan eləmişdi. Bu, gözlənilməz qərar deyildi. 1979-cu ildə cütlüyün biri, 1981-də isə o biri rəsmən nigahlarını pozdular. Mətbuata müsahibələrində şəxsi həyatlarındakı bu ayrılıqların birgə fəaliyyətə təsir etməyəcəyinə inandırmaq istəsələr də, alınmadı, ABBA erası sona çatdı. Qrup kimi.
Mahnıları isə hələ neçə-neçə nəsillərin könlünü fəth edəcəkdi.
Onları bir-birinə bağlayan, uğurun zirvəsinə daşıyan tək musiqiləri yox, həm də bir-birlərinə olan sevgiləri idi, bayaq dedim. Elə 1972-ci ildə İsveçdə debüt mahnıları da “İnsanlara sevgi gərəkdir” (People Need Love) adlanırdı.
Sonralar dünyaca məşhur musiqi şirkətləri, prodüsorlar onları bir yerə yığmaq üçün, heç olmasa bir konsert vermələri üçün minnətçi düşəcəkdilər. Onlarsa ağlasığmaz qonorar təkliflərindən imtina edəcəkdilər. 1 milyard dollardan belə. 2000-ci ildə adını açıqlamayan bir investor 250 konsert üçün məhz bu qədər qonorar vəd etdi. Cavab isə Aqnetadan gəldi: “Biz bunu bir dəfə eləmişik”. Sonra qrupun digər üzvləri də imtina açıqlamaları verdilər.
2022-ci il bütün zamanların sevimli pop qrupu ABBA-nın 50 illiyidir. Deyirlər, uzaq 1982-ci ildən sonra qrup bir də yığılacaq və Londonda yubiley konserti verəcək.
Çox istərdim o konsertə bilet tapam, gedəm. Evimizə gedirmişəm kimi gedərəm o konsertə, həyətimizə girirmişəm kimi girərəm zala, ömrün ən şirin çağını təkrar yaşayırmış kimi yaşayaram o gecəni…
***
Səfərdən geri dönürdük. Yol boyu muzeydən aldığımız diskdə ABBA-nın mahnıları bir-birini əvəz edirdi: “S.O.S.”, “Gimme! Gimme! Gimme!”, “Mamma Mia”, “I do, I do, I do”.
Muzeyin havası başımdan çəkilməmişdi. Gözümün önündə İsveç meşələri, meşələrdə burulan yolumuz deyildi. Gözümün önündə Ağdamdakı həyətimiz idi. Hər birini ilk notundan tanıdığım bu mahnılar sanki öz səs qanadlarında əks-səda kimi məni uşaqlığıma göndərmişdilər.
Qəribədir! Həyətimizdə bütün ağaclar eyni vaxtda çiçəkləmişdi. Narın qırmızı, zoğalın sarı çiçəyi gilənarın, armudun ağ ləçəklərinə qarışmışdı. Qonşu Elza xalanın sarmaşıq gülü hasarı aşıb bizim qızıl güllərə dolaşmışdı. Anamın dibçəklərdəki gülləri də hovuzun qırağından boy verirdi. Qaranquş da balkonumuzdakı yuvasına dönmüşdü, bir ucdan balalarına yem daşıyırdı.
…Gözüm maşının güzgüsünə sataşdı. Uşaqlar yatmışdılar. Üçü də üzdə təbəssüm yuxuya getmişdi. Mahnılarmıydı bu təbəssümün səbəbi? Bəlkə mənim xəyalımdakı həyətimizi onlar da görürdülər yuxularında…
Vahid Qazi
Noyabr 2021
Helsinqborq, İsveç