11 Fevral 2022 14:18
2106
MƏDƏNİYYƏT

“Ad günü” nün ad günü: Filmin ilk baxış tarixindən 45 il ötür

Bu gün rejissor Rasim Ocaqov tərəfindən 1977-ci ildə ekranlaşdırılmış “Ad günü” filminin çəkilişlərindən 45 il ötür.

Adalet.az xəbər verir ki, çəkilişlərinə 1976-cı ildə başlanılan bu filmin ilk baxışı 1977-ci il 11 fevralda baş tutub.

Yazıçı Rüstəm İbrahimbəyovun "Ad günü" və "Ezamiyyət" hekayələri əsasında Moskva Mərkəzi Televiziyasının sifarişi ilə çəkilən filmin maraqlı məzmunu var. Lirik-psixoloji film həqiqi dostluq haqqındadır. Filmi "Dost haqqında söhbət" də adlandırmaq olar. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir

Film şəkili müəllim Mustafanın Bakıya ezamiyyət səfəri ilə başlayır. Qohumu Nazimin evində qonaq qalan Mustafa poçt şöbəsində xoşagəlməz təsadüf nəticəsində Fəridə ilə tanış olur. Mustafa Fəridəyə ona Bakını göstərməyi təklif edir. Digər tərəfdən kadrda Əlinin ailəsi görünür. Əli oğluna ad günü etmək və uşaqlıq dostlarını bir araya yığmaq qərarına gəlir. Qapı-qapı gəzib dostlarını dəvət etdikdən sonra Əli ad günü tədbirinə ciddi cəhdlə hazırlaşır. Fəridə ilə Bakını gəzən Mustafa isə Fəridəni evinə yola salarkən güclü yağış yağır və Fəridə onu yağış kəsənəcən evinə qonaq dəvət edir. Əlinin isə tədbiri baş tutmuşdur, qonaqlar bir yerə yığışmış, deyib-gülüb əylənirlər. Fəridə yağışın kəsmədiyini görcək Mustafaya onun evində qalmağı təklif edir və ona mətbəxdə yataq qurur.

 

Əli isə həyəcan və yorğunluqdan tədbirin yarısında yatır. Dostlar isə öz kefindədirlər. Gecənin yarısında yağış kəsir və Fəridə Mustafaya öz evinə getməsini məsləhət bilir. Nəticədə Mustafa gecə vaxtı tanımadığı Bakının küçələrində qalır. Əli oyanır, görür ki, tədbir bitib və hamı dağılışıb. Kor-peşman eyvana çıxır və yoldan keçən Mustafanı görür; tez onun dalınca qaçıb evinə qonaq dəvət edir. Və onlar əsl ad gününü qeyd edirlər...Bu filmdə insan tədqiq və təsvir olunur, onun məişəti və yaşayışı, gündəlik həyatı ekranda canlandırılır.

Filmin quruluşçu rejissoru Rasim Ocaqov, quruluşçu operatoru Zaur Məhərrəmov, quruluşçu rəssam Kamil Nəcəfzadə, operator Kənan Məmmədov, bəstəkar Emin Sabitoğlu, direktor Qəhrəman Hümbətov olub.

Baş rollarda Hacı İsmayılov, Şəfiqə Məmmədova, David Uplisaşvili, Şüküfə Yusupova, Sədayə Mustafayeva, Fuad Poladov, Yaşar Nuri, Səməndər Rzayev, Hüseynağa Sadıqov və başqaları çəkilib.

“Ad günü” filminə 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında I mükafat, 1980-ci ildə Berlində ADR televiziyasının diplomu, 1980-ci ildə Azərbaycan dövlət mükafatı verilib.

Bu uğurlu ekran əsər sovet məkanında hər zaman tamaşaçı rəğbəti qazanıb.

Əntiqə Rəşid