adalet.az header logo
  • Bakı 19°C
16 Iyun 2022 09:27
1205
ƏDƏBİYYAT

"Adı titul olan adam" - Pərvanə Bayramqızı yazır

Adı – İntiqam Mehdizadə.

Fəxri adı – İntiqam Mehdizadə.

Vəzifəsi – İntiqam Mehdizadə.

Dünyasını dəyişənədək saflığını qoruyan, prinsiplərinə sadiq qalan, əqidəsini pula, şəxsiyyətini yaltaqlığa qurban verməyən İntiqam Mehdizadə.

Bir insanın böyüklüyünü, peşəkarlığını, həyat tərzini, kim olduğunu, nə üçün yaşadığını, nəyə çalışdığını bundan artıq ifadə etmək mümkün deyil. İntiqam Mehdizadə imzası insanlığa nümunə olduğu kimi, çalışdığı jurnalistika sahəsində də qeyri-rəsmi tituldur.

Haqqında yenə yazacağımı bilirdim, amma ölümündən sonra yazacağım fikri ağlıma gəlmirdi. Ən azı belə tezliklə olacağını düşünmürdüm.

Hardasa bir yazı başlayıb yarımçıq qoymuşam, tapa bilmirəm, sözüm çox olduğundan yenisini başladım. Sağlığında da ondan dönə-dönə yazmışam, bundan sonra da yazacam. Xətri, xatirəsi əziz insandır, “bilirəm, məni yaşadacaqsan” demişdi... bəli, O yaşayacaq.

İntiqam Mehdizadə adında xatirələr, müsahibələr toplusunu itirdik. Mənə elə gəlirdi ki, İntiqam Mehdizadə adında ayrıca radio da var, efirə yararlı səsilə o qədər maraqlı söhbətlər edirdi ki, bir yerdə olanda elə bilirdim radio dinləyirəm. Vatsapda göndərdiyi səslərə qulaq asanda Azərbaycan radiosunun verilişi təsiri bağışlayırdı. Jurnalistikanın adam formasıydı. Maraqlı, kitablıq xatirələri çox idi. Kimləri görməmişdi?

2020-ci ilin fevral ayının 14-də onun profilində paylaşmışdım ki, İntiqam Mehdizadə təkcə yazıları redaktə edib səliqəyə salmır, onun həyatı da həmişə redaktəli, səliqəli olub. Seyran Səxavət deyir, dostlarımız arasında ən safı İntiqamdır. Haqqında bu cür fikir söylənilən adamı kim sevməz?

2021-ci il fevralın 14-də isə: “adətən, insanlar sağollaşanda bir-birinə: “özündən muğayat ol” deyirlər İntiqam müəllimsə hər dəfə danışanda mənə sözü əmanət edir: “iki-üç cümləlik statuslarında çox vaxt hekayəlik süjet olur, onları itirmə mütləq genişləndir” fikirlərimi qeyd etmişdim. Bunu mənə ziyalıların çoxu tapşırır, amma İntiqam müəllimin sözlərində canıyananlıq, narahatlıq duyulur.

 

“Fikir bir, söz min” adlı yazımda bildirmişdim: “İ.Mehdizadə haqqında artıq ikinci dəfədir fikirlərimi bir yerə toplamağa cəhd edirəm. Əgər ikinci dəfədirsə, deməli, ilk yazıda demədiyim nəsə qalıbmış”. Üçüncü, dördüncü yazı da olacaq... layiq olduğu sözlər hələ yazılmayıb, tapılmayır o sözlər.

Yazını oxuyub demişdi, yaxşı ki, “filan şeylərdən yaz” demədim, səni üslubundan döndərə bilərdim. Özünün əla üslubun var, beləcə davam elə. Bu qaydayla Əli Kərimdən, Gülyanaq Məmmədovadan da yaz. “Əli Kərimdən yazmağa cəsarətim çatmaz” – dedim “haqqında çox yazıblar”. Cavabı məsuliyyətimi bir az da artırdı: “Pərvanə kimi ki yazmayıblar”.

On birinci sinif şagirdinin statusuna düşəcək dərəcədə xətri əziz insandır. Altıncı sinif şagirdinin təəssüflənib: “mən onun şəklini çəkmişdim” deyib kövrəlməsi İntiqam müəllimi yaxşı xarakterizə edir.

Mənim Azərbaycan Yazıçılar Birliyinə üzv olmağımı necə istəyirdi. Buna çox səy göstərirdi. Ora elə gözəl münasibət bəsləyirdi ki, bir dəfə də olsun ordakıların haqqında pis danışmadı. Hər şeyə yaxşı tərəfdən yanaşırdı. Məktəbli məsuliyyəti, uşaq saflığı vardı. Bu keyfiyyətdə uyğunluğumuz vardı, ona görə çox istəyirdik bir-birimizi. İnanmıram kiminsə vicdanı yol verib onu aldatmağa cürət etsin. Amma gözünü yolda qoymağa ürəkləri gəldi. Layiq olduğu fəxri adı vaxtında vermədilər. Gözləyə - gözləyə getdi.

Kitabımı redaktə edəndə çox gedib-gəldi deyə utanıb növbəti kitabın nəşrində ona heç nə demədim. Əlyazmamı gəlib götürür, yoxlayır, qaytarıb gətirirdi. Mən vörddə işləyirdim, ona isə bu çətin idi . “Bulaq” verilişi üçün mətn yazanda da dəqiqə və saniyəyədək dediyi vaxtda gəlirdi. Onu ilk dəfə 2003-cü ildə görəndə, getdikcə bələd olanda: “bu ki dədədir” demişdim. (anamın atasına dədə deyirdik) Babam da sənəd işlərinə çox dəqiq idi. Vaxtı da qaydasında bölürdü. Bir çox cəhətləri oxşar idi.

İntiqam Mehdizadənin ölümü atanmdan sonra ikinci ağır itkim oldu.

O vaxt atamla İntiqam müəllimin bir yerdə şəkillərini çəkmədiyimə görə özümü qınayıram. Sonra yadıma düşür ki, axı çox vaxt özümüz də şəkil çəkdirmirdik. O qədər maraqlı söhbət edirdi ki, ayrı heç nə yadıma düşmürdü, yalnız dinləmək istəyirdim.

Atamın profili kimi İntiqam müəllimin də profilində paylaşımlarım çoxdur. Baxanlar təsdiq edər ki, onu ən çox sevən, diqqət göstərən, unutmayan mən olmuşam. Deyirdi, Pərvanə, sənə böyük yaxşılığım keçməyib, amma bu cür ehtiramla yanaşırsan, vaxtilə əl tutduqlarım, hər cür kömək etdiklərim var ki indi yüksək vəzifəyə keçəndən rastlaşanda salam vermirlər. Cavabım belə olmuşdu: “Yazımdakı qüsurları bildirməklə mənə böyük yaxşılıq etmisiniz, inkişaf etməyim, səhvlərimi düzəltməyim sizin sayənizdədir, bundan artıq nə yaxşılıq uma bilərəm?” Gördü ki, insanlıq haqqında təsəvvürümüz eynidir: “balamsan, Pərvanə!” dedi.

Mənə yaxşılığı keçən pis adama "yaxşı", pisliyi keçən yaxşı adama isə "pis" demərəm. Hər şeyi ədalətlə təyin edirəm, həqiqət mənimçün hər şeydən vacibdir. Əgər bir insanı çox istəyirəmsə, deməli, həqiqətən sevgiyə layiqdir. Əmin olun; qərəzli fikir söyləmirəm.

Üç insanı çox istəyirəm, üçü də doğmalaşmış yadlardır, üçü də yaşca məndən böyükdür, üçü də həyalı, sanballı adamdır. İlk tanıdığım İntiqam Mehdizadə olub. Daha heç kəsi çox istəməyəcəm. İtkilərinə dözə bilmirəm.

Yazıya çox həssas idi, yetmiş yeddi yaşında da kiçik bir mətndən ötrü özünü oda-suya vururdu. Bircə dənə hərf səhvinə görə qanı qaralırdı. Sözarası hansısa yazının adını çəksəm, sabah onu tapıb gətirirdi. Sənəd işlərinə çox diqqətli və məsuliyyətli idi. Bir imzadan ötrü bir gündə 2-3 dəfə uzun yol gedib gəlirdi, təki iş düzəlsin. Yazı, efir, peşəkarlıq, onunçün hər şey idi. Namusla işləməkdən başqa heç nə bilmirdi. Yaxşı ki, bilmirdi, yoxsa İntiqam Mehdizadə olmazdı ki. Yoxsa yoxluğuna təəssüflənənlər tapılmazdı.

Nigaran qalırdım deyə tez-tez zəng edib, halını soruşurdum. Eynən atam kimi, heç nədən şikayət etməzdi. Statuslarımı əzbər deyirdi, gülürdü: “izləyirəm səni yaxşı çıxışlar edirsən, zarafatların əladır, hələ ləhcə ilə yazdıqlarına qəşş edirəm”.

Vatsapda yazmağa həvəslənmişdi. Bəlkə, də məcbur oldu. Hər dəfə yazdım, səs göndərdim, axırda “evdəkilərdən öyrəndim” dedi. Bir dəfə gülə-gülə səs göndərdi: “Pərvanə, telefonun harasına neynəmişəmsə, gülməli danışırsan, axı sən təmkinlə danışansan. Yəqin mən nəsə eləmişəm”. İzah etdim ki, sürətləndirmisiniz, təzədən bir də toxunun, yoxlayın, asta danışacam. Alınmasa, uşaqlara deyin.

Səs: “elə gözəl izah elədin ki, özüm düzəltdim” dedi. Dedim mən də təzə öyrənmişəm, bu funksiyadan xəbərim yox idi.

Martın səkkizində zəng elədi: “qızım uzaqlardadır, Pərvanə, telefonu əlimə alan kimi, onun əvəzinə, birinci səni təbrik edirəm, qalanlarına sonra zəng edəcəm.” Bu ehtiramın qarşısında ona həmin an atamın qəbri üstünə getdiyimi demədim. Şən ovqatla təşəkkür etdim. (Bu atamın ürəyindən olan rəftar idi.)

Bir dəfə danışanda səsindən narahat oldum, zəif çıxırdı. Soruşdum, atam kimi: “heç nə yoxdur, narahat olma” dedi. Bir müddət sonra tam yaxşılaşıb etiraf etdi ki, ciddi şəkildə problemi varmış. Ondan sonra qorxub daha da tez-tez əlaqə saxlayırdım. Əməl edib-etməyəcəyini bilməsəm də, tövsiyələr edirdim. Yalnız iyunun səkkizində bildim ki, əməl etmirmiş.

Sonuncu dəfə mayın iyirmi ikisində səs göndərmişdim. Atam da son mesajıma cavab yaza bilməmişdi, İntiqam müəllim də... Ondan sonra problemlərim olduğundan əlaqə saxlaya bilmirdim. Ovqatım yaxşı deyildi. Amma hər dəfə “sabah özümə gəlib hal-əhval tutacam” deyirdim. Acı xəbəri alanadək hər gün deyindim: “bu gün də zəng etmədim...”

Avtobusda feysbukda Şərif Ağayarın paylaşımını oxuyanda “ayaq üstə ölmək” ifadəsini yaşadım. Gözümdən leysan axdı. Harda olduğumu unutdum. “Bəlkə, yalandır” ümidi ilə altıya beş dəqiqə qalmış zəng etdim, telefonu açan olmadı…

Doğmaların yadlaşması nə qədər pisdirsə, yad adamların doğmalaşması ondan ikiqat gözəldir. Bircə ölüm olmaya...

Doğma insanlar çoxdur, hərəni bir cür sevirik. Bir-biri kimi sevdiyimiz insanlar da var, birini hamıdan çox sevdiyimiz də. İtkilər də elədir, hərənin yoxluğu bir cür göynədir, eləsi də olur ki, onu itirəndə ölümə üsyan etmək istəyirsən. İntiqam müəllimin ölümü ilə atamdan sonra olan-qalan həvəsim də öldü. Yenə özümü qərib hiss etməyə başlamışam, ikisi də yaşlarıyla müqayisədə sağlam və gümrah idi. O cür sağlamlıqla düşünürdüm ki səksənə çatacaqlar. Sən demə, bunlar el dilində desək, gəzə-gəzə köçəcəklərmiş. Kimsəni narahat etmədən.

Bir ara səhhətimdə problem olduğunu bilmişdi: “Sənə ağrımaq yaraşmır,gül, əylən, yaz, xəstəliyə tabe olma” dedi. Başqa problemlərimi bildirmədim. Narahat olacaqdı.

Böyüdüyüm mühitdə nənələr çox olub, o vaxtlar onların əfsanə, rəvayət və nağıllarına marağım olmadığından dinləmirdim. İnanclarına isə acıqlanırdım. "Filankəs uğursuz adamdır", "filankəsə bədnəzər dəyib" və s. Boş-boş şeylərlə vaxtımı aldıqlarını düşünürdüm. Hərdən təəssüflənirəm. Bəzən elə məqam olur ki, nənələrin işlətdikləri ifadənin məqamı çatır, haqlı olduqlarını dərk edirəm. Onları dinləyib nələr yaza bilərdim! Heyif ki, ta gecdir. Kasıbın çalışıb çabalamağına baxmayaraq, məhsulunun olmaması, varlının əkib becərmədiyi torpağında öz-özünə bitən faydalı bitkiləri görəndə nənələr deyirdilər, var varı sevər. Bunun nə demək olduğunu o zamanlar anlamırdım. Orden medalları qatar-qatar düzülən adamları görəndə o məsəli xatırlayıram. Dəyişərək: “medal medalı sevər” formasına salıram. İntiqam Mehdizadənin layiq olduğu fəxri adı verməyənləri qınayıram. Onun yazdığı qonorarla dolananlar yüksək yerlərdə vəzifə tutan əməyi darlar əməyi genişmiş kimi təltif edildilər. İntiqam müəllim haqq etdiyi adı gözləyə-gözləyə köçdü dünyadan.

Atamın dünyasını dəyişdiyini bilib zəng etmişdi. Təsəlli verməyə çalışmışdı. Atası onun toy dəvətnaməsi paylanılanda rəhmətə getmişdi. Həyatını danışdı: “dözümlü olmaq lazımdır” – dedi, – “ləyaqətli qızsan. Pis adamlardan uzaq dur, heç kəsin tayı deyilsən, neçə ki, sağam qızım kimi qoruyacam səni, məndən sonra da bu cür qalmağa çalış”. Belə insandan ötrü necə göz yaşı tökməyəsən? Siz istəməzsinizmi qan qohumluğunuz olmayan bir insanın saf niyyətlə sizə qayğı göstərməyini? Sevinməzsinizmi belə insanların varlığına? Görün, Zərifə Ağahüseynqızı nə deyir – Aybəniz Məmmədəliyeva ilə mənim qardaşımız yoxdur, İntiqam müəllimi qardaş bilirdik. Qadınlardan bu güvəni qazanan adamın yeri görünməzmi?

Bu həyatda hər şeyin intiqamı alınacaq, təkcə Mehdizadə İntiqam olmayacaq.

Cəmiyyətə doğan işıq söndü...

Ruhunuz şad olsun, İntiqam Mehdizadə.

Jurnalistikanın siz hördüyünüz divarları möhkəmdir, uçub-dağılan sizi tanıyanların mənəvi dünyasıdır.