28 Noyabr 2022 11:07
403
ELM VƏ TƏHSİL

Şagirdlərə və tələbələrə hazır bilikləri mənimsətmək... - Etibar Əliyev yazır

Böyük yazıçı və maarifçi Yusif Vəzir Çəmənzəminli yazırdı: “Bir çox tərcümeyi - hallar göstərir ki, təbii vergilər ilk uşaqlıqdan büruzə verilməyə başlayır. Burada da ana yada düşür. Bu böyük məsul vəzifə də ona həvalə olunur. Çünki analar övlada tərbiyə verib həmişə ömürlərini onlarla keçirirlər. Tərbiyədən də ümdə məqsəd uşaqlarda olan təbii vergilərə meydan verib onların tərəqqisinə çalşmaqdır."

Çəmənzəminli bu fikirləri 112 il bundan öncə yazıbdır.

İndi məktəblə birlikdə çalışan, bütün səylərini əsirgəməyən, tələb edən, kömək edən, bu sahədə nə etməyin lazım olduğunu xeyli dərəcədə bilmiş olan valideynlər dövrüdür. Onların vəzifəsi oxutmağa razılıq verməklə bitmir, oxutmaq həm də onların birbaşa vəzifəsidir, üstəlik, buna şərait yaratmaqla kənarda durmur, təhsil prosesinin bir komponenti, iştirakçısıdır.

O, artıq “Oxutmasam əl çəkməm!” deyən və bunun necə edildiyini yaxşı bilən valideyn olmalıdır!

O, səriştəli valideyn olmalıdır!

Valideynlərin təhsil prosesindəki roluna yeni baxışlar hazırda bir mədəni qavramdan kifayət qədər uzağa gedib. Valideynlərin təhsil prosesinin fəal iştirakçısına çevrilməsi pedaqoji və tərbiyə psixologiyası zərurətlərini də aşır. Dünyada formalaşan yeni trendə görə, onlar məktəbə kömək etməklə yanaşı, təhsil prosesinin ayrılmaz iştirakçısı olurlar.

Pedaqoji amillər və tərbiyə psixologiyası da bunu zəruri edir, amma müasir baxışlara görə, valideynlər təhsil prosesində hüquqi tərəfdir, onların bur prosesdə yaxından iştirak etmək üçün qanuni haqqı var və təhsil müəssisəsi qarşısında tələblərlə çıxış edə bilərlər. Onların öz övladlarının nəticələri ilə bağlı hesabat tələb etməyə haqqı var.

Ata-ana və ya valideyn hüququnu daşıyan şəxs kimi, bu, onların mənəvi borcudur, həm də vergiödəyənlər qismində buna hüquqları var. Amma təhsil müəssisəsi də öz vəzifəsini yerinə yetirməyin mümkün və effektli yolunu valideynlərin təhsil prosesində səriştəli iştirakında görür. Təcrübə göstərir ki, bunsuz həmişə yüksək nəticəyə nail olmaq çətindir. Əksinə, valideynlər “pedaqojiləşdikcə” uğurlar artır.

Söhbət valideynlərin tədris prosesinə, fənn tədrisinə yönləndirilməsindən getmir, onlar təhsil prosesinin yaxın və pozitiv iştirakçısı olmaqla hətta övladlarının tədris prosesində çətinliklərinə necə kömək etməyin yollarını bilirlər. Onlar bacarıqlı müəllimlərin bacarıqlı tərəfdaşı olur, yeni təhsil mühiti yaratmış olurlar.

Təhsil hazırda həm də sosial və iqtisadi amildir, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, insan kapitalının inkişafı, ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması təhsil sisteminin başlıca vəzifəsini təşkil edir. Təhsil artıq ictimai və tarixi paradiqmaya çevrilib. Dövlətin və cəmiyyətin bütün göstəricilərində onun təməl payı var.

XVII əsrdə çex pedaqoqu və yazıçısı Yan Amos Komenski indi də mövcud olan sinif-dərs sisteminin əsasını qoymuş, sonrakı dövrlərdə isə tədrisin alman modeli formalaşmışdır. Alman modeli Vilhelm Homboltun təşəbbüsü ilə universitet təhsilini mütərəqqi formasına ( mühazirə -seminar) çevrildi və bütün Avropaya yayıldı. Alman modeli müəllim və tələbələr arasında qarşılıqlı ünsiyyəti yeni mərhələyə qaldırdı və təhsil azadlığı ideyasına söykənirdi. Alman modeli və klassik təhsil sistemi dayanmadan, bizim dövrümüzə qədər dəyişməyə başladı. Dəyişməyən forma və cəhətlər də qalmaqdadır, amma innovasiyalarla yanaşı, yeni paradiqmalar və ideyalar da ortaya çıxmışdır.

Hazırda bütün dünyada səriştələrə yönəlik təhsilin qurulması bizim çağın yeni təhsil ideyasına çevrilib. Şagirdlərə və tələbələrə hazır bilikləri mənimsətmək modeli artıq səriştə və bacarıqların yaradılması ilə əvəzlənir. Biliklər səriştələrə keçməli, təcrübədə özünü doğrultmalıdır.