adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2025 15:04
120
MEDİA
A- A+

Aİ ilə Azərbaycan arasında media sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın Rumıniyadakı səfirliyində Avropa Parlamentinin deputatı Kristian Terheşlə görüş keçirilib.

Bu barədə Adalet.az-a Medianın İnkişafı Agentliyindən (MEDİA) bildirilib.

Qeyd edilib ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər.

Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında informasiya, kommunikasiya və media sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regionda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub.

Kristian Terheş qeyd edib ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda sülhün möhkəmlənməsinə və dialoqun təşviqinə böyük önəm verir. O, Azərbaycanın müasir informasiya siyasətini, medianın müstəqilliyinin və rəqəmsal transformasiyanın dəstəklənməsini yüksək qiymətləndirib.

Görüşdə, həmçinin sülhün bərqərar olmasından sonra Azərbaycanın regiondakı aparıcı rolu müzakirə edilib. Avropa Parlamentinin deputatı avqustun 8-də Vaşinqtonda ABŞ-ın iştirakı ilə Azərbaycanla Ermənistan arasında imzalanan Birgə Bəyannaməni yüksək qiymətləndirib. Tərəflər bu sənədi Cənubi Qafqazda əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndiriblər.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şurasının sədri İsmət Səttarov çıxışlarında Azərbaycan mediasının beynəlxalq inteqrasiyasının və Avropa informasiya məkanında fəal iştirakının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, son illər ərzində Azərbaycanın media qurumları ilə Avropa ölkələrinin aparıcı informasiya agentlikləri arasında əməkdaşlıq əlaqələri genişlənib, birgə layihələr, jurnalist mübadiləsi proqramları və təlimlər həyata keçirilir.

Səfir Qüdsi Osmanov bildirib ki, Azərbaycan ilə Rumıniya arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsi media əməkdaşlığında da yeni imkanlar açır. O, Avropa Parlamentinin üzvü Kristian Terheşi Azərbaycan reallıqları, xüsusilə də regionda sülh və bərpa prosesləri barədə obyektiv məlumatların Avropa ictimaiyyətinə çatdırılmasında dəstək göstərməyə dəvət edib.

Görüşdə, həmçinin dezinformasiya ilə mübarizə, rəqəmsal media savadlılığı, gənc jurnalistlərin Avropa təcrübəsinə çıxışı və enerji təhlükəsizliyi ilə bağlı ictimai kommunikasiyanın gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər media sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və Azərbaycan–Avropa informasiya əlaqələrinin genişləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər.