25 Oktyabr 2024 14:19
975
ƏDƏBİYYAT

AQİBƏT - Fərəc Fərəcov yazır

 ( Zarafatyana   hekayə)

                             

  - Rüşvət! Cənab Feyziyev, rüşvət!.. Rüşvət deyirəm ee, Sizə. Bu, elə-belə rüşvət deyil ha!

   -Əə, nə rüşvət? Hansı rüşvət?! Nə sayıqlayırsan? Bir yanını yerə qoy, ağıllı-başlı anlat görüm sözünün qəmbər-qulusu nədir? Ay mənim qarışqadan fil düzəldən müstəntiqim.

   Zabit Qafarlı oturacağını rahatlayıb yenidən üyüdüb tökdü:

    -Sizin canınız əzizdir mənə... öz canım haqqı, cənab şefim, DSMF adlanan idarənin başdan xarab bir müdiri var, adı Cəbidir. Bütün rayonu qorxudub. Aləm dəyib bir-birinə. Heç bilirsiz nə oyun çıxarıb?! Dəhşətdir, dəhşət! Şəhərdə, kənddə təqaüdçü qalmayıb ki, hərəsindən mincə manat qopardıb aylıqlarını artırmasın. Elə bil dədə-babasının halalca bangı üstə oturub köpəyoğlu... Dövlətimiz külli miqdarda zərərə düşüb. Daha bundan artıq nə olacaq! Birmənalı şəkildə deyirəm, rayonumuzda analoqu olmayan rüşvət olayı törənib. Biz ciddi fikirləşməliyik bu haqda...

   İllərin enişli-yoxuşlu dolaylarından ilantək sıyrılıb rahatca çıxmış yerli hüquq məmurunun sifəti gərildi, ağlı-qaralı qalın qaşları çatıldı. Burnu ilə ağız məsafəsini tamamilə örtən ağ lopa bığını dil-dodağı ilə yalamağa, didməyə başladı. Və uzun bir sükutdan sonra sanki ciddiyyət mücəssiməsinə çevrildi:

     -Əə, Zabit, düz buyurdun. Bu həqiqətən də tez-tez qulağımızı şişirən adi rüşvətlərdən deyilmiş. Sən belə et: o Qoçoğlan var ha, tanımamış olmazsan... onu çağıtdırıb yaxşıca başa sal, de ki hər ehtimala qarşı yerli-yataqlı məktub ötürsün ünvanımıza. Heç adını göstərməsin, anonim olsun.

    -Baş üstə, cənab Feyziyev... Dəmiri soyumağa qoymazlar.

    -Ay müstəntiq, o nə sözdü elə: “dəmiri soyumağa qoymazlar” – gülür- Dədələrimizdən misal çəkirsənsə, barı denə “Dəmiri isti-isti döyərlər”.

   

                                                  2

-Düz buyurursunuz, elədir, ay Feyziyev... bağışlayın, cənab Feyziyev... Vallah bu rüşvət hadisəsi fikrimi tamam çaş-baş salıb.

     -Nə isə, məsəl-misala vaxt ayırıb başımızı xarab etməyək. Get işinlə məşqul ol.

    -Oldu! Cə...

     -Get, get..

                                       ***

      Fürsəti qaçırmayan inzibati məmurlar çoxillik təcrübələrinə söykənib qısa zaman ərzində rayonda hamının “bərk gedən” müdir kimi tanıdığı Cəbi müəllimə əməlli-başlı cəhənnəm acılarını yaşatdılar. Çünki həmin o “bərk gedən” Cəbi müqəddəs qanunları tapdalayaraq ağır günaha girmiş, yəni rüşvət almışdır. Özü də kimdən? Və ya kimlərdən? Diqqət edin, ömürlərinin barmaqla sayılacaq illərini, günlərini, ola bilsin dəqiqələrini yaşayaraq, əbədi dünyalarını gözləyən qocalardan... Pah atonnan, bu cür də alçaqlıq, rəzillik olar? Amma əfsus ki, olmuşdu! Və bu hadisənin ağırlığını nəzərdən qaçırmayan səlahiyyət yetgililəri bəlkə də acığa düşərək suçunu boynuna çəkmiş Cəbini o ki var soymuş, lap el dili ilə desək, dərisini dabanından çıxarmışlar.

     Yazıq Cəbi də (rüşvətxora “yazıq” demək əslində düz deyil. Di gəl ki, “yazıq” ifadəsi indi populyar olduğundan, özüm də hiss etmədən ağzımdan qaçırdım) iki göz qamaşdıran imarətini, bir neçə maşınını, o qədər də qiymət tutmayan ata mülkünü dəyər-dəyməzinə xırıt edib borclarını ödədi. Bununla da üzülüb oxlova bənzəyən şirin canını baş verə biləcək məhbus həyatının əzab-əziyyətindən kənarlaşdıra bildi.

    Feyziyevin kiçik, lakin hökmü böyük  olan komandası “ədaləti” bərpa etmək naminə çox baş sındırmadı. Düşündü ki rüşvət alan tərəf qatı cinayətkar sayılırsa, bəs onda rüşvət verən?! Təbii ki, onlar da bu cinayətin bərabər səviyyəli iştirakçılarıdır. Noolsun ki, qocadırlar, yaxud təqaüdçüdürlər. Yoox... ola bilməz, bizim humanist qanunlarımız hamının qapısını bərabər döyməlidir.

  Bu düşüncələrlə balaca komanda tez-tələsik bütün rüşvət verənlərin geniş siyahısını tərtib etdi. Oxumaqla bitməyən adlar və soyadlar səliqə ilə bir-birinin altına muncuq təkin düzüldü. Sonra cinayətkarların hər

                                                 3

biri öz sırasında ədalət mühakiməsinə çağrılıb dindirildi. Suçlarını isə asanlıqla üzərlərinə götürmək zorunda qaldılar. Axı heç başqa sayaq da ola bilməzdi. Çünki təsdiqləmişlər ki, öz ayaqları ilə gedib, öz əlləri ilə də mincə manatlarını rüşvət manyakının (yəni Cəbinin)  ovcuna qoymuşlar...

     Yerli məmurlar sən deyən insafsız deyildi. Cinayətkarlar bu ahıl çağlarında qan iyi verən barmaqlıqlar arxasına salınmasınlar deyə, hər birindən çox yox, cəmi-cümlətanı min manat tələb etdilər. Heç tələbə ehtiyac duyulmadı. Nə cür hala salınmışlar ki “baş üstə”, “razıyıq” deyə hamısının fikri yekdil olmuşdu. Niyə də olmayaydı. Məgər bu ölhəöl çağlarında qazamata düşməli idilər?.. Sonda hər biri hətta “xilaskarlarına” dualar yağdırıb sevinə-sevinə pul axtarmağa qaçmışdır.

      Elə bilirsiz həmin təqaüdçülərin aylarla qanunsuz mənimsədikləri pulları barədə çarə düşünülmədi? Düşünüldü! Özü də dərhal. Yekdil fikir belə oldu: dağılmış dövlət vəsaiti aybaay hər bir təqaüdçüdən son qəpiyinədək tutulsun. Hökm əlüstü icraata alındı. Sözsüz ki, onlar bu cəzaya da etiraz etməyə söz tapa bilmədilər. Düzdür, arada azacıq qanqaraldan nəsnələr ortaya çıxdı. Yəni neçə-neçə xəstə kişi və zənən xələyağı fikir-xəyaldan borcunu kəsib bitirməmiş dünyasını dəyişdi. Bəzi ağzıgöyçəklər istədilər bu cür olaylara basqa don geydirsinlər... Baş tutmadı. Qarşısını əlbəəl aldılar. Tibbi ekspertiza cəsədləri qəbrdən çıxartdırıb konkret rəyini verdi. Sən demə, onların hər biri bu və digər sağalmaz dərd üzündən vəfat etmişdir.

    Nə isə, mənasız söz-söhbət üçün mövzudan uzaqlaşmayaq. Qayıdaq rüşvət məsələsinə. Yerli qanun mənsublarının öz balaca kabinetlərində yığdıqları şoğqərib rüşvətin əks-sədası üst qatlardakı səlahiyyət sahiblərinin qulaqlarını yaman cingildətmişdi. Elə cənab Bahadur müəllim bu ağlasığmaz işdən lap dəhşətə gəlmiş, qeyzlə demişdir: -Onlar nə karədilər ki, bizdən xəbərsiz belə oyunlar oynayırlar?                                           

Qudurğanlığa bir bax! Dövlət dağılıb  bəyəm?! Təcili olaraq o Feyzidi, Feyziyevdi,  nədi, onu yanıma gətirin.

    Bu yerdə ataların bir məsəli yadıma düşdü. Deyərlər oğrudan oğruya halaldır. Bahadur müəllim də əlinə dönüm, necə təpindisə, Feyziyev

                                           4

vicdan əzabı çəkmədən qamarladığı rüşvətin üstünə bir o qədərin də əlavə etməli oldu. Ertəsi gün cənab Bahadurun hüzuruna getdi və daxilindəki hiss-hikkəni peşəkarlıqla boğaraq, sözü gedən əmanəti gülə-gülə böyük məmura təqdim etdi:

     -Buyurun, qurbandır Sizə... Xeyirə xərcləyəsiniz. Allah sizi başımızın üzərindən yox etməsin.

 

                                            ***

    Rüşvət oyunu bununla bitdimi? Yoox, .. bitmədi, hələ acı bağırsaq kimi uzandıqca uzandı. Axı Bahadur müəllimdən də hökmlü bahadurlar vardı. Hekayəmizin bir nömrəli qəhrəmanına çevrilmiş həmin o dilsiz-ağılsız rüşvət dilli-dilavər işbaz məmurların əlləri ilə üz yuxarı dırmanırdı. Və dırmana-dırmana qalxıb uca kürsünün aşağı qatında qərarlaşdı. Dayanıb bir yerdə qalmağına xeyli sevindi də. Sanki natəmiz əllərdə dolanmaqdan bezmiş, usanmışdı biçarə rüşvət. Elə bu ara kabinetin sahibi olan məmur Rəzzaq Qərəzlinski üz-gözü öyrəşdiyi amanata yaxınlaşdı və əllərini onun üstündə xeyli gəzdirib dərindən köks ötürdü... Eyni vaxtda uzaq bir qitədə başladacağı nəhəng layihənin sevincini yaşadı. Di gəl ki iç dünyasından qaynayıb çıxan bu sevinci birdən birə alternativ olaraq kədər, qorxu hissi də yaxaladı. Ürəyi anidən bərk sancdı. Qorxu şiddətləndi. Elə bil nəsə baş verəcəkdi. Diksinən kimi oldu. Həyəcanla qapı-pəncərəyə göz gəzdirdi. Həmin andaca qaralmış, görünüşündən zəhrimar yağan havada vahiməli göy gurultusunun baş verməsi, ildırımın pəncərədən içəri düşəcəyi qədər yaxında çaxması məmurda daha ürək-göbək qoymadı. Xeyli vaxtdan sonra özünə gəlib amanata qəribə bir nəzər yetirdi. İlk dəfəydi həmişə ürəyi, canı-qanı hesab etdiyi rüşvət ona o şirinliyi bəxş etmədi. Əksinə, ardarda diqqət kəsildikcə, qiymətli amanat gözündən düşürdü. Üzünü cəld yana döndərdi. Ürəyindən keçirdi ki, bir də ona sarı çevrilsə, lap qan düşmənini görürmüş kimi olacaq. Çaş-baş qalmışdı. Axı nə baş verir? –deyə üzüb-düzdü. Niyə belə oldum mən? Başımı itirmişəm... İndi nə edim? Bu günkü hava da elə bil qəsdimə dayanıb. Hələ başdakı  şef anlasa... onda gör nələr olar. O böyük kişi rüşvət üstündə neçə

                                                   5

dəfə abrımı büküb ətəyimə. İşdən qovmaq istəyib. Yalvarıb-yaxarmışam, ayaqlarına yıxılmışam. Son dönəm barmaq silkməsi də gözümdən və qulaqlarımdan çəkilmir:

    -Bir də belə qələtləri dartsan, dünyaya gəlməyinə peşman edəcəyəm səni. Qandın dediklərimi?!

    Mən köpəyoğlu da indiyəcən nə etmişəm, nə oyunlardan çıxmışamsa, elə onun mübarək adına arxalanmışam. Öz yanımdan “o deyib”, “o tapşırıb” demişəm. Açıq-aşkar hiss edirəm ki, son günlər məni qarabaqara izləyir. Bilirəm, bir gün gələsidi üstümə. Daha yalvar-yaxarla canımı xilas edə bilməyəcəyəm. İçimə bərk üşütmə düşür.

     Böyük məmur təlaş içində yenə qorxulu monoloqunun ardını davam etmək istəyəndə qapılar taybatay açıldı. Açılması ilə də üfunət qoxuyan otağa yaraqlı-yasaqlı iki nəhəng canlı daxil oldu. Gələnlər qeyri-adi və zəhmli idilər. Demək olar ki, indiyəcən yer üzərində bu tövrdə bəni-insan görünməyib. Onsuz da təpədən dırnağa harama bulaşmış məmur buna bənd imiş kimi tır-tap yerə sərildi. Xapsız gələn qonaqlardan biri vaxt itirmədən onu sol əlinin iri, ətli barmaqları ilə tutub dik qaldırdı, üz-gözündən döyəcləyib ayıltdı. Bir anda cansız müqəvvaya dönən məmur:

    -Ba... bağışlayın, siz kimsiniz? Kim göndərib sizi? –deyə titrəyə-titrəyə sual etdi.

   -Bizi?... Biz, bax, ordan, lap yuxarıdan enmişik. Anladın? Yuxarıdan...

    -Yuxarıdan?.. Nə yaxşı! Demək, sizi bizim öz ali şefimiz göndərib, eləmi?

    -Xeyir! Biz böyük Yaradanın əmrinə görə buradayıq. Gəlmişik ki, insaf, həya, abır bilmədən aldığınız rüşvətləri, çirkli pullarla qurduğunuz cah-cəlalları başınıza çırpaq, burnunuzdan tökək... Başa düş ki, biz də göylərdən enmiş müstəntiqlərik. Biz haq-ədalət müstəntiqləriyik. Doğrunu, düzü əyrinin, natəmizin ayağına verən deyilik. Bizdən sonra da Əzrail təşrif buyuracaq buralara.

    -Yox, yox, başınıza dönüm, ayaqlarınızın altıında ölüm, elə danışmayın... Əzrailin adını çəkməyin. Bir də yoldaş müstəntiqlər,  anladın görüm bütün bunları mənim öz şefim bilir?   Yoxsa?...

                                            

                                                 6

 -Bilir, bilir... əlbəttə bilir. O da zinhara gəlib sizin və sizin kimilərin əməllərindən... Gizlədəsi deyilik, əslində elə şefiniz özü xahiş edib.Bəli, bəli özü xahiş edib. Təəccüblənmə. Hətta deyib ey böyük Allah, mən artıq bu rüşvət manyakları ilə bacara bilmirəm. Yardımına, köməyinə ehtiyacımız var, eşit səsimi, qüdrətini göstər. Hər kəsə də layiq bildiyin cəzanı əsirgəmə.  İndi ay yaramaz məmur, təhvil aldın nələr baş verir?... Daha gecdir, vaxtımızı itirməyək, düş qarşımıza gedək. Uzaqlaşaq bu yerlərdən.

    -Ha... hara?

    -Haraya layiqsiniz, oraya!

    Baş məmur fürsət edib qorxa-qorxa rüşvətdolu bağlamaya əl uzadanda Allahın müstəntiqlərindən biri qeyzlə onun natəmiz əlinin üstünə ağır bir zərbə endirdi və uca səslə:

    -Toxunma ona, alçaq, o sənin malın deyil.

    -Bəs kimindir? –deyə məmur astadan və yazıq, məzlum bir sifətdə soruşdu.

     -Xalqın! Hamısını onlara paylayacağıq.

     -Elə hamısını?.. Çox olmaz onlara?

     -Çox olmaz! Azdır, çox az. Hələ üstünü xeyli artırmalı olacayıq.

     -Necə? Haradan?

     -Haradan?! Sənin və sənin kimilərin oğurladıqlarından.

      -Yoldaş Əzraillər, bağışlayın, müstəntiqlər, dərdiniz-səriniz mənə gəlsin, başınıza dönüm, onda barı qıymayın canıma... Əzrail zad gəlməsin. Yalvarıram, keçin günahlarımdan, əhv edin məni. Bilirəm, qurban olduğum uca Allah bağışlayandır.

   -Bəli, doğru buyurdunuz, o, bağışlayandır. Amma sənin aqibətin heç də yaxşı görünmür. Çünki xalqına bu dərəcədə zülm edənlərin əhv olunacağına inanmırıq.