Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… -  IX (DAVAMI)

AQİL ABBAS
1140 | 2023-01-26 19:00

(Abdal-Gülablı Şakirin xatirəsinə)

(povestdən bir parça)

ƏVVƏLİ BURADA

***

- Ə, nemes, burda bizim pulnan nə qədər pul var?

- Vay dədəm, vay. Ə, nə bilim, bir meşok. Özünə bir cip ala bilərsən, özü də Rəmişinkindən. O Surenin dranquletini də at getsin.

- Hə, elə maa cip yaraşır dədeyin goru haqqı. Surenin maşınını atmaram, amanatdı. Geri qayıdanda qaytarıf verəjəm özünə.

- Ə, səfeh-səfeh danışma, indiyə Suren qalar?

- Bijin biridi. Dəyirmanın gözünə ölü salsan, altınnan pırttıyıf diri çıxar.

Market Vəliş bic-bic gülümsəyib dedi:

- Şaka, sən dədeyin Mazdokdakı goru, düzünü de, Surenin oğlunun bir suyu sənə oxşayır, arvadıyla aranı qatmamısan?

Şakir hirsləndi:

- Ə, nemes, oğraş-oğraş danışma. İstəkanı çırparam təpənə. Surennən bir ton çörək yemişih. Kişi evində çörəh yediyi kişinin arvadına-qızına baxmaz.

Market Vəliş özünü yığışdırdı:

- Ə, sən də özündən çıxma. Bir qələtdi elədim də. Erməni arvadları şirin olur, dedim, bəlkə tamahını saxlaya bilməmisən.

- Dedim də, oğraş-oğraş danışma. Özü də oğraş özünsən. Surenlə mən qardaş olmuşux, - dedi və sonra güldü; - amma onu düz deyirsən. Bir məsəl var ey eşitmisən? Deyir, alasan gürcü qızın, şirin canına qəsd eliyə. Alasan erməni qızın, səni gejələr məst eliyə. Alasan müsəlman qızın… Kolxozdan yorğun-arğın gələsən, Hüseyn kişi də saa itin sözün deyə, gəlif oturasan divanda, tilvizeri açasan deyəsən, arvad, ordan bir istəkan çay gətir. O da qayıdakı, balaca eşşəksən, dur, get özün tök gətir də.

- Surenə qardaş deyirsən, amma ermənidi. Görmədin, başımıza nə oyun açdılar?

- Suren o ermənilərdən döyül.

Şakir durdu kafedən çıxdı. Market Vəliş dalınca dedi:

- Şaka, pulun da var, sən dədeyin Mazdokdakı goru,kafeyə bir rəngli televizor al bağışla. Yoxsa bu televizor gözlərimizi xarab elədi.

Şakir:

- Baxarıq, - dedi və getdi olmayan evinə.

Səhər yuxudan durdu. Türklərin yardım gətirdiyi pendirdən bir qıça yedi, bir stəkan da şirin çayını içdi, qarmonunu da götürüb düşdü həyətə. Arxa qapını açıb qarmonu qoydu oturacağa. Sonra həyətdəki uşaqların birinə dedi:

- Ay bala, ordan o Sağsağan arvada deynən nəvəsini götürsün gəlsin.

- Şakir əmi, Sağsağan arvad kimdi?

- Ə, Turaj arvad dana.

Uşaq girdi yataqxanaya, bir azdan Turac arvad nəvəsiylə çıxdı həyətə. Nəvəsini elə qəşəng geydirmişdi, saçını da daramışdı, elə bil 1 May nümayişinə göndərirdi uşağı. Heç elə bil dünənki tör-töküntülü, kirli-paslı uşaq deyildi.

- Ay Sağsağan xala, bunu elə həmişə belə geyindir dana.

- Oldu geyindirmədim?

Şakir qabaq qapını açıb uşağı oturtdu maşına, Turac arvad qayıtdı ki, Şakir, qoy mən də gedim.

- Ay arvad, sənə də qarmon çalmağı öyrədəjəm?

Və maşını sürdü musiqi məktəbinə. Şakirin gəldiyini və maşından qarmonla düşdüyünü görən məktəbin direktoru da, müəllimləri də sevincək töküldülər bayıra.

Direktor Şakiri basdı bağrına:

- Şakir, məktəbimizi xilas elədin.

- Niyə, erməni topunun qavağına keşdim?

- Ondan da pis idi, məktəbimizi bağlamaq istəyirdilər. Deyirdilər müəllimlər şagirdlərdən çoxdu. İndi ondan çox uşaq qarmon eşqiylə gözləyir. Day mədəniyyət şöbəsi bir söz tapa bilməz.

- Niyə, tara, pyanoya, kamançaya gələn yoxdu?

- Şakir, day o zaman deyil ey, hərənin evində bir piano ola. Cəlal müəllimin musiqi məktəbinə girmək üçün dədəmiz baş yüz manat rüşvət verə. O baban öldü. İndi özümüz qapı-qapı düşüb yalvarırıq ki, uşaqlarınızı verin oxudaq. Yenə tara bir az gəlirlər. Piano ilə kamançada uşaq çox azdı.

Şakir girdi məktəbə. Direktor onu apardı dərs deyəcəyi sinifə. Çox səliqəli, səhmanlı bir sinif idi. Küncdə təzə bir piano qoymuşdular, divardan Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Qurban Pirimovun, Bethovenin, Baxın portretləri asılmışdı. İnanmayın, şair sözü əlbəttə, yalandı. Yöndəmsiz, sınıq-salxaq bir piano vardı, beş-altı sınıq-salxaq stul, divarda da bircə Üzeyir bəyin portreti idi, o da əyilmişdi. Pəncərənin şüşəsinin də biri qırılmışdı, şüşənin yerinə qəzet vurmuşdular. Qəzetin adını yazmıram, kiminsə xətrinə dəyə bilər, ayıbdı. İşıq da yanmırdı.

Şakir döndü direktora:

- Məllim, burda heş Murad Rzayev də Qarabağ bülbülləri yetişdirə bilməz. Olsa-olsa burdan Qarabağ cüllütdəri çıxar.

- Neyləyək, buna da şükür. Elə deyirlər təmir eləyəcəyik, ortada da fındıq.

- Çağırın, qarmon çalmax isdiyənlər gəlsin.

Altı-yeddi uşaq əllərində qarmon sevinclə girdilər sinifə. Bircə Turac arvadın nəvəsi qarmonsuz idi. Hamısı oturdu və mehribancasına Şakirə baxmağa başladılar.

Şakir üzünü tutdu direktora:

- Məllim, mən nəzəriyyə-zad, solfeciya bilmirəm ey. Birdən sabah yoxlama gəlsə nə cavab verəjəm?

Direktor:

- Yoxlama gəlsə, narahat olma, beş-on manatla mən yola salacam. Kim səndən solfeciya istəyir ki? Bunlara elə muğamdan, mahnıdan öyrətsən bəsləridi, - dedi və sinifdən çıxanda geri döndü; - Şakir, sən canın, məktəbin işıqlarını da düzəldərsən.

Şakir güldü:

- Polu da yuyummu?

Şakir uşaqların birindən qarmonu aldı, verdi Turac arvadın nəvəsinə:

- Ala, ə, bir barmaxla görüm.

Turac arvadın nəvəsi həvəslə qarmonu aldı və başladı barmaqlamağa. Uşağın «Segah» üstə qarmonu barmaqlamağı Şakirin xoşuna gəldi:

- Hə, deyəsən, sənnən nəsə olajax. Amma sol əlini yadınnan çıxartma.

**

Rəis ona nazlana-nazlana çay gətirən katibəyə baxdı, yadına Məşədi Abbasın sözləri düşdü:

- Ay qız, ordan dünən Şakiri gətirən o polisləri bura çağır, özün də get otur dəftərxanada. Day mənə katibə lazım deyil, get kağız-kuğuzla işlə.

Katibə pərt olsa da bir söz deyə bilmədi. Otaqdan çıxıb polisləri çağırdı, özü də şey-şüyünü yığışdırıb getdi dəftərxanaya.

Rəis içəri girən polislərə dedi:

- Hansınız yaxşı çay dəmləyə bilirsinizsə, otursun qəbul otağında. Telefonla danışanda da mədəni olun.

Polislərdən biri elə bil bu sözə bənd imiş. Tez qayıdıb oturdu katibənin yerində.

Rəis otaqda qalan serjanta dedi:

- O yataqxanalar sizin ərazinizdi, bilmirsən orda nə qədər ailə yaşayır?

- Rəis, əlliyə yaxın.

- Get o şadlıq sarayının müdirinin yanına, denən ki, əlli pay düzəltsin. Özü də adam kimi pay düzəltsin, ət, çolpa, yağ, makaron, düyü, vermişel, çay, qənd, pesok, konfetdən-peçenyedən də qoysun. Yəni öz adına yox, mənim adıma layiq. Aparın verin Şakirə paylasın camaata. Özünə də deyin ki, axşam gələcəm.

Serjant:

- Rəis, bəlkə özünüz deyəsiniz, birdən məni eşitməz.

- Qələt eləyər. Sən mənim adımdan deyirsən.

Serjant otaqdan çıxdı, üz tutdu şadlıq sarayına. Müdiri tapdı, rəisin ismarıcını bir-bir çatdırdı müdirə. O dedikcə müdir də yazırdı:

- Ə, neçə kilo ət, neçə çolpa, neçə kilo düyü?

- Nə bilim, rəisin adına layiq də.

- Yadından heç nə çıxmayıb?

Serjant bic-bic güodü:

- Bir də dedi ki, bir yüzlük də mənə verəsən.

Müdir:

- Yaxşı, get, bir saatdan sonra gələrsən hazır olacaq. -çıxarıb bir yüzlük də verdi serjanta.

Serjant sevincək otaqdan çıxdı. Müdir telefonu götürüb rəisə zəng elədi, yaltaqcasına dedi:

- Salam, cənab general.

- Ə, mən general deyiləm, polkovnikəm.

- Eşitmişəm səni yuxarı aparırlar, inşallah, olarsan.

- Gör məni dilə-ağıza sala bilirsənmi?!

- Sifarişini aldım. Bir saata hazır olacaq, özü də artıqlamasıyla. Axşam bəlkə gələsən mənim restoranıma, bir qismət çörək kəsək. Ağcabədidən bir əmlik qara quzu göndəriblər. O İş Adamı var ey, o da çoxdandı sənlə görüşmək istəyir. İcazə versən, onu da çağıraram.

- Gələrəm, onu da çağırarsan, elə mənə lazımdı.

Günorta «Qazel» girdi yataqxanaların həyətinə. Şakir həmişəki kimi kafenin qabağında oturub çay içə-içə domino oynayanlara baxırdı.

Polis işçiləri maşından düşdülər.

- Ə, genə noluf? Məni aparmağa gəlmisiz?

Serjant:

- Yox, səni heç Əzrayıl apara bilməz. Rəis camaata pay göndərib, dedi ki, sənə təhvil verək, sən özün payla camaata. Axşam özü də gələcək.

Sonra maşında nə vardı boşaltdılar kafeyə. Camaat da elə bildi yenə türklər yardım gətirib, tökülüşdülər həyətə.

Şakir:

- Basabas salmayın dana, hamınıza pay çatajax. Qayıdın xarabanıza, bir-bir hamının xarabasına göndərəjəm. Narahat olmuyun, mən qaşqınkom döyüləm, yarısını özümə götürüm.

Kafenin önündə domino oynayanlardan başqa hamı qayıtdı evinə, bilirdilər ki, Şakir boşuna söz deməz.

Şakir polisləri yola saldı, sonra üzünü tutdu Market Vəlişə:

- Ə, nemes, saa demədim ki, rəyis qızıl oğlandı, kişi oğlu kişidi? Gördün dana, hələ axşam özü gəlsin gör mənim nətər saldatım oluf. Sizin yanınızda vesim yoxdu ey!

**

Restoranın kabinetində üçü oturmuşdu – rəis, müdir, bir də İş Adamı. Süfrədə də bircə quş südü əskik idi. O da ona görə ki, Allah heyvanlara süd paylayanda quşlar həmin məclisə gecikmişdilər, bu da Allahın xoşuna gəlməmişdi.

Müdir:

- Rəis, deyirəm Ağcabədinin qoyun-quzusundan başqa qalan hamısı yalandı.

Rəis:

- Sən Göyçə quzusu yemisən?

- Yox.

- Onda az danış. Snçala podumay, potom qovari.

İş Adamı:

- O zonada yovşan da boldu, günəş də; - sonra da bir qabırğanı götürüb başladı qabırğanın məziyyətlərini saymağa: - bax, görürsüz, qabırğanın üstündə bir lay yağ var, onun üstündə qara tikə, qara tikənin üstündə də yenə yağ. Kabab bişirəndə qabırğanın üstündəki yağ layı əriyib qarışır qara tikəyə, həm onu yanmağa qoymur, həm də ətin dadını gözəlləşdirir.

Rəis:

- Sən lap professor kimi danışırsan ki.

İş Adamı:

- Rəis, mən həmişə iş adamı olmamışam ha. Ağcabədidə o qədər qoyun otarmışam, çobanlıq eləmişəm.

Rəis:

- Sovet hökuməti dağılmasaydı elə Ağcabədidə qalıb çoban olacaqdın, bəxtin gətirib. Yaxşı, yeyib qurtardınızsa durun gedək, o Qobu yolundakı qaçqın yataqxanalarına, işim var. Həm də sizi gözəl bir kişiylə tanış edəcəm. Deyirlər əla qarmon çalır, bir az da qarmon çalar, qulaq asarıq.

Müdir:

- Rəis, qarmona qulaq asmaq istəyirsənsə, adam göndərim getsin Aftandili tapıb gətirsin də. Səhərəcən nə qədər istəyirsən qulaq as, dostumuzdu. Ya da istəyirsən, Rəmiş burda, yaxındadı, onu çağırım.

Rəis:

- Hə də, sonra da qəzetlər yazsın ki, rəis Aftandili restorana gətirdib, ya da Rəmişi, kef eləyir. Böyrünə də bir-iki qadın müğənni qoşsunlar. Özü də mən qarmona qulaq asmağa getmirəm. Gedək, görək camaatın nə problemi var.

Müdir:

- Problemlərini günorta göndərdim də.

Rəis:

- İndən belə onu hər ay göndərərsən. Tapşıraram, sənə də heç kim dəyib-dolaşmaz.

Müdir:

- Baş üstə, rəis, ona nə sözdü? Lap istəyirsən ayda iki dəfə göndərim.

İş Adamı:

- Rəis, ayda bir dəfə də mən göndərərəm.

Rəis:

- Maşallah, yaman səxavətli olmusunuz.

 

(Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə)

TƏQVİM / ARXİV