Aqil Abbasın yazıçı-vətəndaş missiyası - Tehran Əlişanoğlu yazır
Aqil Abbas Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, nasir, publisist, Azərbaycanın əməkdar jurnalistidir. Aqil Abbas görkəmli Dövlət xadimi, millət vəkilidir. Millət vəkili adını yazıçı daim xalq yolunda, millət naminə işlətdiyi qələmi və yeni cəmiyyət uğrunda gərgin ictimai-siyasi fəaliyyəti ilə qazanmışdır.
Abbasov Aqil Məhəmməd oğlu 1953-cü il aprelin 1-də Ağcabədi rayonu Bayat kəndində dünyaya gəlib, uşaqlığı körpə ikən köçdükləri Ağdam rayonunda keçib. 1970-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Ağsu rayonunda müəllim kimi (1976-1977) başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977-1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987-1990) işləyib. 1990-cı ildən "Ədalət" qəzetinin baş redaktoru kimi çalışaraq, onu müstəqillik dövrünün ən sanballı mətbuat hadisələrindən birinə çevirə bilib. Hazırda da həmin qəzetin təsisçisi olaraq fəaliyyətini davam etdirir.
Aqil Abbas 2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir. Parlamentin təhlükəsizlik və müdafiə məsələləri üzrə daimi komissiyasının, Azərbaycan – Albaniya, Azərbaycan – Fransa, Azərbaycan – Meksika, Azərbaycan – Türkiyə parlamentlərarası münasibətlər üzrə işçi qruplarının üzvüdür.
İctimai-siyasi fəaliyyətinə və bədii yaradıcılığındakı uğurlarına görə Aqil Abbas Şöhrət ordeninə (2013), Azərbaycanın əməkdar jurnalisti adına, Azərbaycan komsomolu mükafatına (1987) ("Ən yaxşı adam" kitabına görə), Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatına (1993), "Məmməd Araz" adına ədəbi mükafata (1994), "Dan ulduzu" (1993), "Yaddaş" və "Zeynalabdin Tağıyev" mükafatlarına layiq görülmüşdür. 2002-ci ildə yazıçı-jurnalist “İctimai rəy” tədqiqat mərkəzinin və Rusiyada nəşr olunan “Millətin qəzeti”nin keçirdiyi sorğuların nəticələrinə görə, “İlin jurnalisti” nominasiyasında qalib olmuşdur. Aqil Abbasın eyniadlı romanı əsasında “Dolu” filmi ölkədə və ölkədən kənarda böyük uğur qazanmışdır.
Aqil Abbas bədii yaradıcılığa 1970-ci ildə başlamış, lakin ilk mətbu hekayəsi "Şirinlik" bir qədər gec – 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur. İlk kitabı “Evləri köndələn yar” 1983-cü ildə işıq üzü görmüşdür. Geniş jurnalistik və publisist fəaliyyəti ilə yanaşı, Aqil Abbasın nəsr yaradıcılığı daha sonra “Ən xoşbəxt adam” (1987), “Batmanqılınc” (1994), “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” (1999), "Qapqara uzun saçlar" (2003), “Dolu” (2008), “Allahı qatil edənlər” (2011) və s. kitablarında çap olunmuşdur. “Çadırda Üzeyir Hacıbəyli doğula bilməz” (Ankara,2003) və “Dolu” romanları Türkiyədə də yayınlanmışdır.
Ümumən yazıçının bədii əsərləri “Şirinlik” (1976), “Şəbədə Nazim” (1977), “Süsən Sünbül” (1978), “Əbili gəldi” (1983), “Şeytana papış tikənlər” (1983) və s. hekayələrdən, “Ən xoşbəxt adam” (1978), “Günah” (1979), “Evləri köndələn yar” (1980), , “Qapqara uzun saçlar” (1981), “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” (1999), “Qarda açan qan çiçəyi” (2001), “Qiyamət gecəsi” (2003) və s. povestlərdən, üç roman – “Batmanqılınc” (1988), “Dolu” (2007), “Allahı qatil edənlər” (2011) olmaqla, milli nəsrin son yarım əsrini (1970-2010-cu illər) başlıca tendensiyalarında, problem-mövzu aktuallığı, estetik gəlişmə etibarilə təmsil edir, səciyyələndirə bilir.
Aqil Abbasın son dərəcə fərqli nəsr üslubu ilk hekayələri və povestlərində formalaşmışdır. İlk əsərlərində ideya-problematika kəskinliyi ilə yanaşı, üslub axtarışları da bariz və olduqca rəngarəngdir. “Şirinlik” (1976), “Süsən Sünbül” (1978) hekayələrində patriarxal-idillik kənd mənzərələrinin fonunda saf sevgi duyğularının aliliyi lirik-psixoloji ovqata köklənirsə, “Şəbədə Nazim” (1977), “Şeytana papış tikənlər” (1983) hekayələrində insan içinin şər xisləti, birbaşa realistik gerçəklərin təsviri və tənqidi-ironik başlanğıca üstünlük verilir. Amma eyni zamanda sonralar da Aqil Abbas nəsri üçün səciyyəvi analitik-publisist notlar hər iki xətdə özünü biruzə verir.
“Ən xoşbəxt adam” povestində (1978) yazıçı təhkiyəni sonrakı yazı tərzi üçün sanki səciyyəvi olmayan psixoloji düşüncə sırası, altşüur axını üzərində qurur. Mətnin aurasında aşkar üslub darıxqanlığı, eyni zamanda arabir özü-özünə ironiya notları da duyulur. Povestin qəhrəmanı ap-adi, günlərə səpili insan xoşbəxtliyinin sorağında, aydan aya səliqəylə maaşı maaşa calayan, hətta 1 Aprel – doğum gününün gerçəyini də əməlli-başlı yaşamayıb, yalana çıxaran birisidir. “Xoşbəxtlik” əsərdə bir pritçadır, hamı kimi olmaq və ola bilməməyin darıxdırıcılığını fiksə edirdi. Başqaları başının üstündən məşhur həmkəndlilərinin portretini asıb lovğalananda əsərin gənc qəhrəmanı fərli-başlı birisinə güvənib də arxalana bilmir: “Əslinə qalsa, kənddə iki tanınmış adam vardı – amma həmin adamların məşhurluğu yalnız rayon ərazisindəydi. O məşhur şəxslərdən biri öz atasıydı ki, kolxoz sədriydi və rayonda sədrləri hamı tanıdığından, təbii ki, onun atası da tanınmışdır. O birisi suçu Şöhlət idi...” Məşhur olub-tanınmaq, nəsə qeyri-adi, fövqəladə, parlaq hünər göstərib seçilmək ehtirası Aqil Abbas nəsrinin sonrakı bütün qəhrəmanlarına xasdır. Povestdə isə gənc qəhrəman bunu hələ ki düşüncə səviyyəsində yaşayır və durğunluq mühitinin qatı, ağır, hərəkətsiz abhavasını fiksə edirdi.
Təsadüfi deyil ki, Aqil Abbasın növbəti povestinin qəhrəmanının arxasında real şəxs – məşhur müğənni Qədir Rüstəmov durur. “Evləri köndələn yar” povesti (1980) bir yanıqlı səsin əhvalatını danışır. Dünyaya-mühitinə-cəmiyyətə üsyan eləyən bu Səs təkcə qəhrəmanın nakam məhəbbət süjetini söyləməklə qalmırdı, eyni zamanda yazıçının işıqlı ideal axtarışlarına ayna tuturdu. Əsərin sonunda qəhrəmanın cəmiyyətdən qopub-ayrılıb, birdəfəlik getməsi mühitə ittiham kimi simvolizə olunur. O da əlamətdardır ki, Aqil Abbas həmin yanğılı Səsi bütün yaradıcılığından, yaradıcı ömründən keçirib, əsərlərində leytmotiv olaraq ona tapınır: “Bu səs onu qoymurdu ki, insanları məhşərə çəkib qiyami-qiyamət gününü qursun, şeytan bayram eləsin. Və indi Qədir Rüstəmovun səsi ruhuna necə işləmişdisə Yiyəsiz Övladların yalvarışlarını eşitmirdi. Və bu Yiyəsiz Övladlar özlərinə şah damarlarına yaxın bildikləri Tanrıya yalvara-yalvara şəhərə yağan Dolunun hara vurduğunu dəqiqləşdirməyə çalışırdılar...” (“Dolu”). “Evləri köndələn yar” povesti Aqil Abbasa geniş oxucu auditoriyası qazandırdı.
Hekayələrində və ilk povestlərində yazıçı hələ dünyanın tərs nizamına qarşı dura biləcək qəhrəmanını və adekvat olaraq onun bu dünyada yerini, Səsini eşitdirəcək-tanıdacaq təhkiyə tərzi-məxrəcini aramaqdaydı. 1960-1980-ci illərin oxşar süjet-motiv-qəhrəman zənginliyində həmin Səsi görmək və görükdürmək elə də asan deyildi. Rəsmi ideoloji qəliblərə söykənən ədəbi mətbuatın yer vermək istəmədiyi yeni, bənzərsiz istedad sahibləri çox zaman kuluarlara çəkilir, andeqraund – “sandıq ədəbiyyatı” yaratmağa məcbur olur, Səsinin və üslubunun günlərin bir günü eşidiləcəyi-görünəcəyi günü gözləyirdilər. Əsərlərinin çapına gec nail olan Aqil Abbas hələ 1981-ci ildə qələmə aldığı “Qapqara uzun saçlar” povestində hətta bu mənzərəni ifadə edən gerçək bir passaj – sənətkarların yığışdığı “çayxana mühiti”nin təsvirini daxil edir əsərə: “Bunların içində yazıçı da vardı, tənqidçi də, jurnalist də, rəssam da! Amma nədənsə onların hamısına şair deyirdilər. Özü də “çayxana şairləri”. Onlara bu adı qeyri-çayxana şairləri vermişdi. Və bu çayxana şairlərilə qeyri-çayxana şairləri arasında bir mübarizə gedirdi. Əslində qeyri-çayxana şairləri bu mübarizədən xəbərsiz idilər və onları heç saymırdılar. Çayxana şairləri bu mübarizəni özləri kəşf eləmişdi və bundan xüsusi ləzzət alırdılar. Çünki bu mübarizənin sonunda qələbə görürdülər və həmin ümidlə də - özlərinin dediyi kimi - əsrin poeziyasını yaradırdılar. Bunların arasında parlayanları, səsi-sorağı böyük-böyük məclislərdən gələnləri də az deyildi. Amma bu böyüyənlər çayxananı atmır, imkan tapan kimi özlərini bura verir, bir stəkan çay içir, hal-əhval tuturdular. İstedadın yox, təsadüfün hesabına parlayanlar isə qorxa-qorxa gələrdilər, bilirdilər ki, burada güzəşt yoxdur...”
Qabaqcıl dünya ədəbiyyatının pozitiv təsirləri də ədəbi mühitə rəsmi dairələrdən çox, belə kuluarlardan yol açırdı: “Əslində onları bura çəkən çay yox, bu qurtarmaq bilməyən söhbətləridi. Bu söhbətlər Oljas Süleymenovdan başlayıb gedib çıxırdı Çingiz Aytmatova, ya da Qabriel Qarsia Markesə, sonra da fırlanıb-fırlanıb stolun ətrafında oturan cavan şairlərdən birinin üstdə qurtarırdı...”
Hər bir əsərində rəsmi üslubçuluqdan yayınaraq istedadının daha bir tərəfini ortaya qoyan Aqil Abbas tədricən öz fərdi nəsr üslubuna doğru qəti addımlar atırdı. Aqil Abbasın adı, şəksizdir ki, Azərbaycan modernizmini nəsrimizdə gəlişdirən, gətirən yazıçılar sırasında anılmalıdır. Dünya ədəbiyyatı və milli nəsrin təcrübəsindən bəhrələnməklə, o öz, məxsusi üslubunu yaratmış az sayda modern yazarlarımızdandır. Bu baxımdan “Günah” povesti (1979) artıq Aqil Abbasın böyük uğurunu müjdələyirdi. Yazıçı əsərdə insan taleyində rezonans verən cəmiyyət günahlarını məhz magik realizm ünsürlərinin imkan açdığı ifadə üstünlüyü ilə çözür. Monoloji etiraf tonallığında qurulan təhkiyə son halda mistik-rəmzi qatlara açılmaqla daha dərin mənalar kəsb edir. Qəhrəmanın bütün həyatını – sevincləri, nisgilləri, ağrı və iztirabları ilə əhatələyən mistik qoz ağacı detalı eyni zamanda onun tragikomik taleyinin simvoludur. Fəlsəfi qayə və estetik cazibədarlığı ilə seçilən povest belə bir həqiqəti ortaya qoyur ki: insan ömrünün bahası yetişdiyi mənəvi mühitə bağlıdır.
Son sovet dönəminin dekadans əhval-ruhiyyəsini də, yazıçı və sənət, sənət və həyat münasibətlərini də, eyni zamanda Aqil Abbas üslubunun dolğun səciyyəsini də “Qapqara uzun saçlar” povesti (1981) təcəssüm etdirir. Sırf mistik-magik realizm tərzində yazılmış əsərə yazıçı nəinki yaşadığı dövrə müxalif dini-mistik motivləri, ölüm mələyi, Yaradan – Allah, şeytan kimi mifoloji obrazları daxil edir, ümumən povestin süjetini Ölüm mələyinin Mavi Gözlü Oğlana aşiq olması və burdan irəli gələn hadisələr üzərində qurur. Magik realizm həyatı mif kimi təsəvvür və nağıl etmək məntiqinə söykənir. Burda bədii-fəlsəfi həqiqətlər çox vaxt pritçalar vasitəsilə, yaxud pritçavariliklə ifadə olunur. Aqil Abbas nəsrində də həmin başlanğıc güclüdür. Realist əhvalatlar çox zaman nağıla bələnərək təqdim olunur, mif həyatın məntiqinə deyil, həyat mifə tabe və onun kölgəsi-fonu olur.
“Qapqara uzun saçlar” povestinin bəni-insan qəhrəmanı Mavi Gözlü Oğlandır, o seçilmişlərdəndir, sənət istedadı gənc ikən parlamışdır. Yaratdığı Məhəmməd Hadinin tablosu divardan boylanaraq qısa ömrü, yığcam taleyini xəbər verir. Qəhrəmanın düşüncələrində Lermontov yaşına, Hadi taleyinə daimi isnadlar əbədi sənət iddiaları ilə yanaşı gəlir. Qəhrəmanın gənc ikən sağalmaz “ölüm” xəstəliyinə tutulması sənətin həyat üzərində, sirri bəlli olmayan “o dünya” – əbədiyyət dünyasının bəni-insanın yaşadığı “bu dünya” – gerçək dünya üzərində hökmünü göstərmək üçün bir vəsilə olur. Ölüm mələyi su pərisi cildində Mavi Gözlü Oğlana görünməklə onun eşq istedadını üzə çıxarır, onu seçir, ayırır-fərqləndirir, sevir və sevdirir, xoşbəxt edir, kədərləndirir və əbədiyyətə qovuşdurur. Fərdin, “seçilmiş”in taleyində mifik gözəllik ilahəsindən (İdealdan) – konkret Leyladan (əsərdə qəhrəmanın sevdiyi qızın adı da Leyladır) – həyat və Sənət qarşılaşmasından (gerçəklərdən) keçən Məcnunluq sevdası povestdə “qapqara uzun saçlar”da (tale simvolu) təcəssümünü tapır. Əsərdə hakim olan kədər-hüzn ovqatı və hadisələrin qəhrəmanın ölümü fonunda cərəyan etməsi həm də dövrün Sənətə müxalif mahiyyətini aşkarlayır, göstərirdi.
Son sovet dönəmində Aqil Abbas “Batmanqılınc” povestini (1988) yazdı. Sözü tarixlə deməyin zamanları gəlmişdi, həm də milli tarixə müraciətlə. Qarabağ həqiqətlərinə ədəbiyyatımız dəfələrlə müraciət etmiş, müxtəlif dövrlərin fərqli sözünü həmin mövzu vasitəsilə gündəmə gətirmişdi. Ə.Haqverdiyev də, Y.V.Çəmənzəminli də, S.Vurğun da, İ.Əfəndiyev də Qarabağ xanlığının tarixən məşhur, seçilmiş şəxsiyyətlərini (M.P.Vaqif, İbrahimxəlil xan, M.V.Vidadi, X.Natəvan) önə çəkmiş, günün sözçüsünə çevirmişdilər. Məhəmməd bəy Batmanqılıncı yada salan olmamışdı; az qala bütün sovet dönəmi tarix kitablarında bu ad olsa-olsa M.P.Vaqifin qətlinə fərman vermiş mənfi bir tip kimi xatırlanırdı. Həm adının mifləşməsi, həm də tarixən yanlış təfsirinə görə Aqil Abbası məhz bu obraz cəlb edirdi.
Ümumən, yazıçı sonrakı yaradıcılığında da qeyri-ordinar, tam fərqli, hətta tarixən ziddiyyətli, “mənfi” imic qazanmış, əfkari-ümumiyyə ilə barışmayıb, mənəvi şərlə öz bildiyi tək savaşan, mücadilə edən şəxsiyyətlərə, qəhrəmanlara üstünlük verir. Bu, tarix haqqında öz mifini yaratmaq baxımından da əlverişlidir. “Yanlış da bir naxışdır” tutarğasından yapışaraq, romanda Aqil Abbas nəinki bu fəci qəhrəmanın tarixi haqqını bərpa etdi, habelə onun iti, dönməz qılıncının işığında Qarabağ xanədanının tarixini sanki təzədən yazmış oldu. Batmanqılınc adını qazanmış İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy xanlığın müstəqilliyini qorumaq yolunda hər hansı saxta diplomatiyalara qarşı amansızdır, hünərini döyüş meydanlarında göstərib torpaq və Vətən namusunu qorumağın yeganə yolu olduğunu sübut edir. Bu – şəhidlik yoludur.
Növbəti Qarabağ hadisələrinin başlandığı son sovet dönəmində povest olduqca aktual səslənirdi. Əsərin sonunda Vətən üçün yanıb-kül olmuş qəhrəmanın külünün bütün Qarabağ torpağına yayılması rəmzi olaraq igidlər yetirən torpağın müdafiəsinə çağırış kimi səslənirdi. Müstəqillik illərində əsəri yenidən, senzuradan keçməyən tərəflərdən də işləyərək, Aqil Abbas “Batmanqılınc” romanını (1994) çap etdirir. İdeya-qayə etibarilə mühüm olmaqla yanaşı, roman Aqil Abbas üslubunun parlaq ifadəsi kimi də qeyd olunmalıdır. Xüsusən müharibə səhnələrinin təsvirində yazıçının realist lövhələrlə qrotesk boyaları üzvi sintezdə təqdim etməsi əsl qəhrəmanlıq ruhu yaradır, oxucunu aşılaya bilirdi. “Batmanqılınc” müəllifin Qarabağ müharibəsi mövzusunda sonrakı əsərlərinin də zəminini qoydu.
Aqil Abbasın kökü dərinlərə işləyən, doğma torpağa bağlılıqdan nəşət edən əsl yazıçı bioqrafisi sanki təzəcə başlayırdı. Əslən Qarabağdan olan Aqil Abbas, tale belə gətirmiş ki, bir yazıçı kimi də qələmini büsbütün yaralı Vətənin dərdi-dərmanı-əlacına yönəltmişdir. Azərbaycan varlığı, Azərbaycan mənasını Aqil Abbas bugün qan ağlayan Qarabağ həqiqətləri üzərinə yazmış və kəşf etmişdir. Heç də qan ağlamaq üçün yox; əksinə, milli varlığın daim var, var olmuş və var olası tərcümeyi-halına varmaq, hali olmaq, istiqbalına sevinmək üçün...
Ədəbi tənqid Aqil Abbası İlyas Əfəndiyevin ardınca növbəti “Qarabağnamələr müəllifi” kimi tanıtmaqda haqlıdır. Yazıçının istər müasir mövzuda əsərləri, istərsə də tarixi mövzuda “Batmanqılınc” romanı ünlü Qarabağın həyatı, mədəniyyəti, qəhrəmanlıq tarixi, mərd və hünərli insanlarından söz açır, Azərbaycan varlığını Qarabağ salnaməsi üzərində təsbit edir. O cümlədən “müharibə trilogiyası”nda (“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Qarda açan qan çiçəyi”, “Dolu”) Qarabağ insanının 1990-cı illərdə üzləşdiyi hər növ bəlalar ümummilli problem səviyyəsinə qaldırılır, geniş zaman kontekstində bədii təcəssümünü tapır.
“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” povestini (1992-1999) yazıçı uzun sürəyə ərsəyə gətirməsinin müşkülü barəsində deyir: “Elə dərdlər var ki, onu yazmaq üçün qüdrətli bir qələm sahibi olmalısan...” “Ən uzun dərdli hekayə” deyə janr verdiyi əsərin adı nə qədər publisist səslənsə də; və hekayədə qaçqınların həyatı, çadır düşərgəsində cərəyan edən real mənzərələr nə qədər publisist kəskinliyi ilə qabarsa da, povest bütövlükdə romantik nəfəs zəminində qələmə alınmışdır. Qanad taxdığı romantik halə içərisində Aqil Abbas qəhrəmanını da, onu əhatə edən müharibə durumunu da olduqca canlı, inandırıcı ehtiva və təqdim edə bilir. Çılğın ruhlu Müəllimin həyatı, həyat tərzi, mərd-vətənpərvər xarakteri fərqli davranışı-hərəkətləri, etiraz və mənəvi üsyanının şərti və rəhni olur. Sülh və əmin-amanlıq dövrünün azad milli insanı müharibənin yaratdığı anormal, ədalətsiz, qeyri-insani şəraitə heç cür dözmür, dözməməlidir də! – əsərdən alınan başlıca qayə budur.
Azərbaycan kişisinin əxlaqını təcəssümləndirən Müəllim böyük təzyiqlər və top-tüfəng sədaları altda doğma kəndini tərk edərkən artıq özünü məğlub sayır. Ailəsinin, uşaqlarının xilası naminə, çıxılmazlıq məqamında atılmış bu köçlə, Vətəndən Vətənə qaçqınlıqla o heç cür barışa bilmir. Tarix müəllimi olan, vaxtilə şagirdlərinə odlu-alovlu Vətən dərsləri keçən qəhrəman sinfə girib, ritorik dərslər deməkdən bilmərrə imtina edir. Vətənin haçansa, kimlər tərəfindənsə azad olacağı günə səbri çatmayıb, fərdi mübarizə yolunu seçir: təkbaşına Stepanakertə- Xankəndinə gedib, düşmənini məhv edir, özü də şəhid olur. Bu baxımdan “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” əsəri 1990-cı illər nəsrinin Qarabağ mövzusunda ümumiləşmiş qənaətini əks etdirir. Bununla milli ədəbiyyat ədalətsiz müharibə nəticəsində Azərbaycan cəmiyyətinin, Azərbaycan varlığının düşdüyü duruma qarşı etiraz manifesti ilə çıxış edirdi.
2001-ci ildə qələmə alıb, 2005-ci ildə kitabça şəklində dərc etdirdiyi “Qarda açan qan çiçəyi” povestində Aqil Abbas bilavasitə sərt müharibə mənzərələrini nəsrə gətirir. Bu əsərdə də yazıçının qrotesk üslubu aparıcıdır, amma qroteskə vadar edən müharibə həqiqətlərinin özüdür. Komandirin başçılıq etdiyi balaca bir dəstə Hinal dağında donur, amma mövqeləri ermənilərə tərk etmir. Povest müharibənin acısını bu və digər qrotesk-mənzərələr, tükürpərdici döyüş lövhələri və inanılmaz insan əməlləri ilə, müharibə və arxa cəbhənin tərs durumu, millətçilik və insanilik səhnələrinin toqquşdurulması, gerçəklərin absurdluğu və qələbənin əfsanələşməsilə oxucunun qəlbinə sızdıra bilir: “Dünyada bundan da böyük ağrı olmazdı. Düşmən Vətəndə ocaq qalayıb bu ocağın istisinə qızına bildiyi halda, Allah bu oğulları öz vətənlərində Allahın bir ocağına da qıymamışdı”. Yazıçının niyyəti – mənaların tərs mütənasib düşdüyü dünyada əsl insani dəyərlərin qürurunu oxucuya təlqin etmək, yaşatmaqdır; harda ki, erməni vəhşiliyi var, həmincə alternativ türk insaniyyəti qarşısında məğlub və məhv olmağa məhkumdur.
Aqil Abbas 2007-ci ildə Qarabağ müharibəsi mövzusunda daha əhatəli “Dolu” romanını dərc etdirdi. Yeni ədəbi-mədəni kontekstdə mövzuya qayıdış real həyatda həllini tapmayan Qarabağ münaqişəsinə ictimaiyyətin diqqətini artırmaqla yanaşı, hadisələrə daha sərt mövqedən, analitik yanaşmanın vaxtının çatdığını da vurğulayırdı. Cəmiyyət yaddaşının 1990-cı illər durumunu roman janrının imkan verdiyi geniş əhatədə təzələmək həqiqətən də böyük effekt doğurdu, roman ictimaiyyət arasında gərəyincə rezonans yaratdı. Doğrudur, müəyyən tənqid notları da oldu, amma bu heç də romanın irəli çəkdiyi yüksək qayənin yeriməsinə mane ola bilmədi. “Dolu” romanı ideya planında yeni və cəsarətli əsər olduğu kimi, Aqil Abbasın nəsr poetikasını nümayiş etdirən romançlığının da böyük uğuru sayılmalıdır.
“Dolu” romanında Aqil Abbas Qarabağ müharibəsini ilk dəfə olaraq xalq müharibəsi kimi qələmə alır – bütün üstünlüyü və kəsirləriylə... Buna gətirən səbəblər-realiyalar-düyünlər genişliyi, təfərrüatlarıyla romanda görünür, izahını tapır. Əsərin ideya mündəricəsi daha əhatəlidir; “Dolu” milli varlıq barəsində, milli varlığımıza ayna tutan bir roman kimi düşünülmüş, yazıçı ilk dəfə olaraq “Qarabağ müharibəsi”ni sadəcə müharibə kimi təsvir etməklə qalmayıb, roman panoramı, roman düşüncəsi səviyyəsində bu Müharibənin xarakterinə, necəliyinə varmağa, hətta “müharibə”liyini şübhə altına almaq qədərincə cəhd etmişdir. Müharibə və milli varlığımız, bir xalq-millət-cəmiyyət olaraq son əsrlərdə artıq neçənci dəfə özümüzü təsdiq etmək zərurətində qalmağımız roman müstəvisinə gəlir. Müharibədirsə də bu, heç də məhəlli yox, daha çox bizim Dünya ilə savaşımızdır: “Bu dəhşətli Kinonun ssenarisini dünyanın Böyük Dövlətlərinin Böyük Saraylarında yazmışdılar...”
Belə ki: Millət məzmununun yuxarıdan-üstdən başlayıb, cəmiyyətin bütün səviyyələrində sarsıldığı, az qala yoxa çıxdığı bir zamanda Müharibə, istər-istəməz, Millət şüurunun altqatında, altşüurda olan, daha dərin, genetik kodları oyadır, hər cür yalançı ictimai təsisatlardan xali torpaq-yurd duyğularını, milli mənəviyyat-qeyrət hisslərini hərəkətə gətirir: “Qeyrətinizə qurban olum! Möhkəm dayanın! Arxamızda ana-bacılarımızdı!” Bu artıq əsl xalq müharibəsinin başlandığı məqam olur: “Və heç kəs – nəinki At belində olan özümüzünkülər, hətta bu Kinonun Böyük Dövlətlərin Böyük Saraylarında oturan ssenariçiləri də, rejissorları da bunu gözləmirdilər...”
Romanda başda Komandir olmaqla xalq mübarizəsi və müharibəsini təmsil və təcəssüm etdirən xeyli parlaq obrazlar var; real və tipik – Katib, Rəis, Səhiyyə Nazirinin Müavini, Müdafiə Naziri kimi çox yerdə At belindən düşüb, camaatının, xalqının yanında durmağa hazır insanlar və İdealı təmsil edən, xalq müharibəsinə yaraşan romantik jestləri, milli xarakter və fantastik şücaətləri ilə seçilən Komandir, Drakon, Pələng kimi əsl qəhrəmanlar... Vurğuladığımız kimi: nəhəng, romantik fiqurları müharibənin, ekstremal şəraitin özü irəli çəkir. Müharibə mahiyyətcə absurd bir şeydir, insanların bir-birini qırması başdan-başa ölüm səhnələri deməkdir; burda mübaliğəyə hacət yoxdur – gerçəkləri yazmaq üçün qələmin özünün gücü olmalıdır. Bu mənada Aqil Abbasın qələmi qənirsiz, az qala kino-kamera gücündədir. Döyüşən Komandir və onun komandasının obrazı romanda bitkin və bütövdür: “Məni güllələmək lazımdı! Bu torpağı qoruya bilmədiyimə görə... Ölmək doğulduğun torpağı düşmən tapdağı altında görməkdən min dəfə şərəflidi...” Roman qəhrəmanının dilindən səslənən bu sözlər böyük etiraz enerjisi daşıyır; mətndə məğlub Şəhərin məğlub Komandiri İdealı öz ölümü ilə təsdiqləmiş olur...
Aqil Abbas həyat bioqrafisi əsərlərini tamamlayan yazıçıdır. Bəzən onun fəal ictimai xadim, sözünü cəsarətlə deyən vətəndaş şəxsiyyət kimi mövqeyini qəhrəmanları ilə müqayisə edirlər. Əslində, burda bir qanunauyğunluq var. Qəhrəmanlarını örnək kimi yaradan, analitik düşüncənin hədəfinə çevirən yazıçının özüdür. Nə qədər ki, Komandir, nəyin bahasına olursa olsun, Vətən torpağının keşiyindədir, rayonun bütün vəzifəliləri də daxil olmaqla hamı ona tabedir, onunla hesablaşır – müharibə şəraitinin ali həqiqətini, xalq həqiqətini də təmsil edən odur. XX yüzilin sonu, basa-basa gəlib birbaşa Qarabağın göbəyində Şəddadın divanını eləyən, “kimini vəzifəyə gətirib, kimini vəzifədən götürən, kiminə də torba tikən” imperiya nökəri Polyaniçkonu cəsarətli-sərt mövqeyi ilə yerində otuzduran Rəis obrazı da buna misal ola bilər (“Dolu” romanı). “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” povestində çıxış üçün cibinə dürtülü yıpraq-saxta, barışıq dolu mətni unudub da, qorxmadan Ölkə başçısı qarşısında Qarabağ ittihamnaməsini Respublika sarayı dolu məmur ordusunun üzünə çırpan Müəllimi də xatırlamaq olar.
Televiziya ekranlarından, yaxud çoxsaylı mətbuata verdiyi müsahibələrdə dəfələrlə Aqil Abbasın yazıçı-şəxsiyyət obrazını da eynən prinsipial görürük. Sərrast-dürüst, problemi kökündən cızan açıq-publisist çıxışları, cavabları sanki “cümlə xəyanətlərə bais” mənəvi Şəri yerindəcə məhv etmək ehtirası ilə nəfəs alır; həm də mücərrəd anlayışlarda-aldanışlarda yox, məhz əməli-konkret olaraq. Qarabağ müharibəsi başlayanda bir müddət yazarlarımız, məxsusən də nəsr yazarlarımız şaşırmış, sanki çaşıb-qalmışdı. “Qılınclar toqquşub iş görən zaman” o günəcən quru vicdana sığınmışlar nə etməli, nə yazmalıydılar ki, ümumxalq savaşına bir qatqısı ola. Uzun zaman yazıçılar oriyentir götürə bilmədilər; kimsə nəsə yazdısa, şeiri, hekayəni, hətta tez-tələsik “romanları”nı topa-tüfəngə çevirməyə kökləndi.
Bütün 1990-cı illər ərzində Aqil Abbas publisistikaya üstünlük verdi; həm də təkcə top-tüfəng əvəzinə Sözlə yaylım atəşi açıb durub-gözləyən yox, bilavasitə iş görən, problem həll edən, əməli publisistikaya! Aqil Abbas o zamanlar haqqında əfsanələr dolaşan “Ədalət” (1990) kimi, bu gün də ayaqda olan bir mətbu orqan yaratdı. Qəzet hətta ilk illərdə haqq-ədalət işi uğrunda savaşda, əsl müharibə dövrünün qanunlarına uyğun, yüzlərlə-minlərlə, yüz minlərlə qaçqını-köçkünü olan cəmiyyətin, hər yerdən əli üzülü çarəsiz insanların köməyinə nəyin bahasına olursa-olsun yetməyə çalışırdı...
Aqil Abbasın bir yazıçı və redaktor kimi bilavasitə “ədəbiyyat cəbhəsi”ndən də umacaqları vardı. Və yalnız bir qədər sonra, nəfəs dərib, düşünmək və düşündürmək məqamı gələndə bir-birinin ardınca yazdığı “müharibə əsərləri”ndə buna cavab axtarmaqla kifayətlənmirdi. 2002-2003-cü illərdə “Ədalət” qəzeti, “Yeni Azərbaycan” qəzeti ilə paralel olaraq bir sıra “Ədəbiyyat” əlavələri buraxmağa başladı. Və həmin yeni “Ədəbiyyat” qəzetlərində istisnasız olaraq ədəbi gəncliyə, yeni nəsil yazarlarına geniş meydan verdi. Müasir dövr ədəbi prosesinin milli ədəbiyyatın 1990-cı illərin çox ağır keçid-böhran havasından durulub-qurtulub, təzə əsrin tam sərbəst, modern ovqatına köklənməsində “Yeni Azərbaycan” qəzetiylə yanaşı, “Ədalət”in Ədəbiyyat əlavələrinin də danılmaz rolu-iştirakı vardır. Həmin missiya, təbii ki, ilk növbədə qəzet redaktorunun özünün azad-sərbəst xarakterindən gəlir, geniş-plüralist-modern düşünmək bacarığı ilə şərtlənirdi. Məxsusən, müstəqil demokratik bir cəmiyyətdə mətbu sözdən kənar, hələ də andeqraund-ədəbiyyatın mövcudluğu bir nonsensdi ki, “Ədalət” böyük ürək genişliyi ilə səhifələrini həmin ədəbi qrupların üzünə açmışdı.
Aqil Abbas yazıçılıq missiyasının mahiyyətini çox gözəl bilən, az yazıb gərəkərsə susmağı da bacaran, o cümlədən gərəkli sözü zamanında söyləyən, qələmə alan yazıçıdır. Belə bir fikir var ki: Aqil Abbasın əsərlərində müəllif “mən”i, həyat hadisələrinə birbaşa müdaxilə, publisist kəskinlik aşkardır. Sanki “bədii zəifliy”ə yozulan bu cəhət, əslində, nasirin üslubunun tərkib hissəsi, “qüvvətli tərəfi”dir. Publisistika, birbaşalıq burda sözlə danışmaq vasitəsi, təsvirin bir elementi yox, etiraz mövqeyi, yazıçı yanaşmasıdır; başdan-başa mətndə müəllif müdaxiləsi-yozumu-mənalandırmasını üzərinə götürmüş təhkiyə nöqtəsi-başlanğıcıdır. Aqil Abbas nə deyirsə, oxucuya nəyi təlqin etmək qəsdindədirsə, – ilk cümləsindən, mətn boyu, son nöqtəsinəcən, – aşkar, vahid üslubi akkordlar daxilində deyir. Odur ki, hər yeni əsəri hər növ (lehinə, ya qəsdinə) küy və rezonansa meydan verə də bilər. Bunu xüsusən yazıçının son illərdə qələmə aldığı “Ölülər” əsəri, “Allahı qatil edənlər” romanı da göstərdi.
Aqil Abbas müsahibələrinin birində yazıçı mövqeyinə münasibətdə C.Məmmədquluzadəni anaraq: “Mən özümə Mirzə Cəlil demirəm, özümü onun məktəbindən hesab edirəm. Mən 20-30 il sonra XX əsrin sonlarının Mirzə Cəlili kimi xatırlanacağam” deyir. Söhbət Mirzə Cəlilin realist ənənələrinin, sərt yazıçı yanaşmasının bir dəyər kimi bu gün də zərurət olmasından gedir. Pyes janrında qələmə aldığı eyni adlı əsərin motivlərini də Aqil Abbas C.Məmmədquluzadənin “Ölülər” pyesindən alır.
Aqil Abbasın “Ölülər”ində klassikanın yalnız ideyası deyil, az qala strukturu da eynən saxlanıb. Mirzə Cəlilin personajlarının obraz və xarakteri də qalır, sanki zaman dəyişməyib. Pyesin dili və üslubunun saxlanması da məna vurğusu daşıyır. Surətlərin adları da həmənkidir. Bircə personajın adı dəyişib: Aqil Abbas Şərq lotusu Şeyx Nəsrullahın əvəzinə əsərə Qərb lotusu Təsyeni daxil edib. Bununla da süjet dəyişib, hadisələr publisist aktuallıqla müasir dövrümüzlə bağlanıb. Bir növ Aqil Abbas Mirzə Cəlilin məşhur pyesini günün tələblərinə uyğun dekonsturksiyaya uğradıb.
Əsərin epiqrafında yazıçının dahi Mirzə Cəlil tematika və problematikasını təzələdiyi üçün klassikdən üzr dilədiyini görürük. Amma məzmun göstərir ki, bu tələbat Azərbaycan gerçəkliyinin özündən gəlir. Məqsəd – çağdaş “diri ölülər”i göstərə-göstərə gülməkdir. Bu gün də əsl vətənpərvər isgəndərlər işsiz, pullu harınların, vəzifəli nadanların yanında təhqir, ölkəni tərk etməyə, taleyini xarici ölkələrdə axtarmağa məcbur olursa, demək, Mirzə Cəlil mövzusu aktuallığını saxlayır. Dərdlərini unutmaq naminə içkiyə qurşanan iskəndərlərin varlığı realdır.
Əsərin janrı pyesdən çox, publisist pamfletə yaxındır və onu pyes-pamflet kimi dəyərləndirmək olar. Bu baxımdan əsərdə siyasi motivlər də qabarıqdır. Özünün şirin vədləri ilə xalqın başının altına yastıq qoymaqla Azərbaycanı maraqları naminə çapıb talayan ATƏT və BMT pyes-pamfletdə əsas tənqid hədəfləridir. Məsələ burasındadır ki, avam toplum da bu qurumları kultlaşdırmış, az qala Allah səviyyəsinə yüksəltmişdir. “FATMANİSƏ: (əllərini göyə qaldırıb) Ey yeri-göyü yox yerdən var eləyən Allah, məni neçə ildi ağlar qoymusan, ciyərimə dağ basmısan! Ay rəhim ATƏT -Allah bizə kömək olmadı, mən şəhərimizi səndən istəyirəm. HƏSƏNQULU: ATƏT-ə qanımız fəda. ATƏT-in hökmünə, kəramətinə inanmayan kafirdir!”
“Ölü dirilər”in Allah möcüzəsi əvəzinə ATƏT möcüzəsinə fanatik inamı durduqca, maarifçi İsgəndərlərin, habelə açıq-aşkar yazıçı-publisist sözü də daha sarsıdıcı səslənməkdədir: "Siz bunların ayağının altında qurbanlar kəsməklə, ciblərini doldurmaqla elə bilirsiniz ATƏT-in lotuları Qarabağı ermənilərdən alıb verəcəklər sizə?! ATƏT-in boş-boş sözlərinə nə vaxta qədər inanacaqsınız? Hərəniz əlinizə bir çomaq götürüb ermənilərin üstünə getsəniz, erməni İrəvanacan qaçar!". Aqil Abbasın “Ölülər” pyes-pamfleti bu günün, çağdaş Azərbaycan gerçəkliyinin bədii inikasıdır.
Ümumən Aqil Abbas yazıçı missiyasını əsərin janrından asılı olmayaraq, zamanın sözünü, həqiqətini söyləməkdə görür. Bu baxımdan müasir ədəbiyyatda janrlar-arası sərhədlərin mütəhərrikləşməsi hadisəsini Aqil Abbasın da yaradıcılığında müşahidə etmək olar. “Allahı qatil edənlər” həcmcə yığcam bir roman janrında yazılmışdır. Bir əhvalat, süjet – hərbi hissədə görünməmiş hadisənin baş verməsi, üç əsgərin və polkovnikin güllələnməsi və müstəntiqin cinayəti təhqiq etməsi üzərində qurulan əsəri ənənəvi ölçülərlə povest kimi də, “uzun hekayə” kimi də səciyyələndirmək olar. Əlbəttə, bu halda yazıçını məşğul edən heç də əsərin formal-ifadə tərəfi deyildir. Problemin özü – müharibə şəraitində olan ölkədə orduda baş verən xoşagəlməz hadisələrin olmasıdır. Aqil Abbas mövqeyinə xas kəskin publisist etiraz və ehtirasla məlum sənədli insidenti vaxtında araşdırmaq, hətta qrotesk yolu ilə qabardaraq yerindəcə ifşa etmək, analitik süzgəcdən keçirərək dəyərləndirmək, pisləmək, islah etmək yolunu tutur. Nəticədə orijinal janr-üslub xüsusiyyətlərinə malik “Allahı qatil edənlər” romanı yaranır.
Romanın gücü heç də hadisə tərəfində deyil, hadisəni içinə almış yazıçı konsepsiyasındadır. Hadisə oxucunu maraqlandırmaq, cəlb etmək vasitəsidir. Hərbi hissədə cinayət baş vermişdir – mövzunun özü kifayət qədər cəlbedicidir. Səbəblər romanda gizlədilməmişdir, əksinə, açıq realist-publisistik vasitələrlə qabardılmışdır. Akademik ləqəbli savadlı gənc orduda Vətənə xidmət əvəzinə hissə rəhbəri zabitin şəxsi mənafeyinə xidmət edən təhkimçi fəhlə rejimi ilə üzləşir. Əsgərin etiraz və üsyanı “rejim” tərəfindən boğulur, təhqirlərə dözməyən əsgərin cinayətdən başqa çıxış yolu qalmır: “Məni sındıra bilməyəcəksiz. Döysəniz də, söysəniz də, həftədə bir dəfə bura salsanız da, sındıra bilməyəcəksiz…Məni nə qədər şərləyib həbsxanaya salsanız da, xeyri yoxdu. Məni o biri uşaqlar kimi intihara məcbur edə bilməyəcəksiz. ...Mən bura Vətəni qorumağa gəlmişəm, nökərçilik etməyə yox. Nə məni sındıra biləcəksiz, nə də qoymayacam başqalarını sındırasız”.
Mənən haqlı olan qəhrəmanla faktik əməli arasında ziddiyyət özlüyündə ciddi və maraqlı realist münaqişədir. Lakin yazıçı səbəb-nəticə bağlılığı göz qabağında olan bu xətt üzərində dayanıb-durmur. Əsərdəki əksər personajlar, o cümlədən ordunun qərargah rəisi də, hadisələri təhqiq edən kriminalist də, hər an müdaxiləsi hiss olunan yazıçı da və onunla bölüşən oxucular da qəhrəmanın tərəfindədirlər. Harda qətl hadisəsi varsa, orda detektiv var – qaydasına əməl edərək, yazıçı süjetə ikinci bir xətt əlavə edir. Kimsə haqqı bərpa eləmək və qəhrəmanın qisasını almaq üçün “cümlə xəyanətlərə bais” polkovniki də qətlə yetirir və şübhələri Akademikin ailə üzvləri – atası, anası, bacısı, qardaşı üzərində qurulan müstəntiqin təhqiqat xətti romana ikinci nəfəs verir.
Hüquq baxımından qətl araşdırılmalıdır, amma yazıçının və onunla həmrəy olan oxucuların nəzər-nöqtəsindən araşdırılası nəsə yoxdur – mənəvi şər cəzasını almışdır. Sadəcə detektiv marağı var – bu hünəri kim öhdəsinə götürmüşdür. Və bu məqamda yazıçı romanı rituala kökləyir: “Söz sənindir. Sənin də anan var, bacın var. Nə fərqi, mən öldürmüşəm, yoxsa xanımım. Əslində, bunu mən etməliydim, kişiliyim çatmayıb. O məndən kişi çıxıb. Əsas odur ki, cinayəti açmısan. Rütbəni alacaqsan, bəlkə prokuror da qoyacaqlar. Amma heç vaxt vicdan əzabı çəkməyəcəksən. Özün deyirdin ki, soğan satarsan, vicdanını satmazsan. İndi nə soğan sat, nə də vicdanını, sadəcə olaraq bir kişilik elə”. Hər dəfə müstəntiqin ailəyə istintaqa gəlməsi ritualla müşaiyət olunur; oxucu intizarla “qisasçı”nın təyin olunması mərasiminin aludəçisi və iştirakçısına cevrilir. Detektiv-roman bu dəfə də ritual-romanla əvəzlənir və mətn müxtəlif janr ünsürlərinin sintezini özündə qapsayır.
Romandan göründüyü kimi, yazıçı Ana başlanğıcına üstünlük verir; oğulların qisasını uf demədən almağa yalnız analar qadirdir. Aqil Abbasın bütün “müharibə əsərləri”ndən keçən ana harayı, ana fəryadı, ana qəzəbi motivi “ana qisası” ritualında məntiqinə çatır. Ritual – təmizləyici aktdır; “Allahı qatil edənlər” romanında müharibədə olan ölkənin hərbisini hər hansı ləkələrdən yüksəkdə görmək istəyən yazıçının ali niyyəti ritual vasitəsilə gerçəkləşdirilir.
Aqil Abbas tip etibarilə ağrı-etiraz ədəbiyyatının nümayəndəsidir. Bütünlükdə minor köklü (ağrıya köklənmiş) Aqil Abbas nəsrinin majoru etiraz akkordlarının sərrastlığında və gur səslənməsindədir.
Aqil Abbas bu gün də əldə qələm masa arxasında və ya yüksək kürsülərdən yüzlərin-minlərin-milyonların səsini eynən yüzlərə-minlərə-milyonlara çatdırır, elini-obasını, Vətəni-torpağını ən ali məqamlarda-mərtəbələrdə təmsil edir, tərcümanı olur. Çoxsaylı əsərlərinin və ötkəm ziyalı-vətəndaş sözünün ölkədə, habelə sərhədləri aşıb ölkədən uzaqlarda Vətənin yaraları, Qarabağ həqiqətlərini məhz necə var olduğu kimi dünyaya car çəkməsi əsl sənətkar əzminin, yazıçı missiyasının ifadəsi, parlaq örnəyidir.