adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Mart 2024 11:30
3969
MÜSAHİBƏ

Aqşin Dadaşoğlu: "Ən çox da ömründə bir kitab belə açıb oxumayan adamlar tərəfindən qınanıram"

Adalet.az Aqşin Dadaşoğlu ilə müsahibəni təqdim edir:

- Salam Aqşin bəy, necəsiniz ?

-Salam.Təşəkkür edirəm yaxşıyam.

- Aqşin bəy kimdir, qısa da olsa məlumat verərdiniz?

-Mən Aqşin Dadaş oğlu Buliyev  1969-cu il iyul ayının 1-də Xaçmaz rayonu Bostançı kəndində traktorçu ailəsində anadan olmuşam.1996-cı ilin aprel ayından  “SOCAR” şirkətinin  “ Neft Daşları” adına Neft və Qazçıxarma İdarəsində  ET və EA sahəsinin   Şəbəkə rayonununda  briqadır vəzifəsində çalışıram.

Ədəbi camedə  Aqşin Dadaşoğlu təxəllüsü ilə tanınıram.2012-ci ildə ”Güzgüdə əksim ağlamır” adlı şeirlər kitabım çapdan çıxıb.Hal hazırda 3 kitabım çapa hazırdır.Azərbaycan Jurnalistlər və Yazıçılar birliyinin üzvüyəm.Evliyəm.2 övladım 3 nəvəm var.

- Yazarlıq irsidirmi,yoxsa sizdən başlayır?

-Qəti olaraq deyə bilərəm ki,bütün istedadlar hər hansı bir nəsilin,şəcərənin içərisində genetik olaraq ötürülür.Biz valideynlərimizdən aldığımız bu ömür payını öz övladlarımıza ötürmək məsuliyyətini daşıyırıq.Genetik olaraq bu ömür payının içində nə varsa biz onu yaşayırıq.Alın yazısı,taleh yazısı kimi sözlərin mənası bu ömür payının içində kodlaşdırılıb.Yəni yaşadığımız bu ömür payı həm mənim həm də ulu babamın mənə ötürdüyü  ömür payıdır.Mənim rəhmətlik böyük əmim Habil, müəllim olub.Amma həmişə onu  şair Habil kimi tanıyıblar.1937-ci ildə onu  millətçi  şeirlərinə görə zəhərləyib öldürüblər.Rəhmətlik böyük qardaşım Maqsud da gözəl şeirlər yazardı.Əmimnəvəsi Cavanşirin də yaxşı istedadı var.Hərdən gözəl şeirlər yazır.Və ona görə də əminliklə deyə bilərəm ki,istedad irsidi və irsi olaraq da davam edir.

- Aqşin bəy, sizin üçün söz nədir?

-Dünyanın bütün dini kitablarında ilk yaradılmış məhvumun soz (ol) olduğu bildirilir.Müasir elmin bizə  bildirdiyi “Big Bang-böyük partlayış”) hadisəsinin də kökündə səs dayanır.Harda səs varsa orada eşidilə biləcək və ya eşidilə bilinməyəcək söz  var.Mənim üçün söz dünyanın ən qüvvətli,ən cəsur cəngavəridir.Qədimlərdə söz ilə ölkələri,qalaları fəth eləyiblər.Dünyada istedadlı adamların ən böyük istəyi  söz sahibi ola bilmək istəyi olub.İnsanlar ta qədimdən söz sahibi olmaqa can atıblar.Ağıllı hökmdarlar həmişə sözə  hakimiyyət,dahi  yazarlar isə sözə can,gözəllik veriblər.Ağıllı insanın beynindən süzülüb gələn Söz həmişə dünyanı idarə edib və etməkdədir.

- Siyasətlə maraqlanırsınız,razı olamadığınız məqamlar nələrdir?

-Bəli siyasətlə maraqlanıram və hər bir seçki hüquqlu  Azərbaycan vətəndaşının siyasətlə maraqlanmasını arzulayıram.Dəqiq bilirəm ki,inkişaf etmiş və etməkdə olan ölkələrdə insanların rahat və xoşbəxt yaşamalarının səbəbi o insanların öz ölkələrində baş verən siyası prosseslərə biganə qalmamaqlarıdı.Məsələn hər seçkidə iştirak etmək,iştirakdan əlavə verdiyi səsin arxasında durmaq,hüquqi və qanuni yolla onu qorumaq inkişaf etmiş ölkələrdə hər bir vətəndaşın yazılmamış vəzifə borcudur.Ümumilli  liderimiz Heydər Əliyev deyirdi ki,”Demokratiya savadlı xalqın hakimiyyətidir.”Bu dahi insanın yerində və dəqiq deyilmiş bu fikrinin əleyhinə olaraq ölkəmizdə xalqın savadlı olmasını istəməyən çox sayda qüvvəllər var.Bu qüvvələr  əllərində olan kütləvi informasiya vasitələrindən,internet resuslarından  istifadə etməklə xalqın savadlanmasının qarşısını alırlar.Necə deyərlər savadsız kütləni idarə etmək daha asandır.

-Layiq olduğunuz yerdəsiniz?

-Sanıram ki ölkənin ən böyük şirkətinin işçisi kimi layiq olduğum yerdəyəm.Şair kimi isə layıq olduğum yeri gələcək nəsillər təyin edəcək.

-Sizə olunan münasibətdən razısınız?

-Mən hər hansı münasibətdən qaçan adamam.Həmişə insanlarla münasibət qurmaqda çətinlik çəkmişəm.Ona görə həyatda çox az sayda dostum var.Məni tanıyanlar məni qaraqabaq,acıdil adam kimi səciyyələndirirlər.Olsun,narazı deyiləm.Mənim insanlara qarşı münasibətim konteksindən baxanda,insanların mənə münasibəti yaxşıdı.

-Qınandığınız məqamlar olurmu?

-Olub.Ən çox da ömründə bir kitab belə açıb oxumayan adamlar tərəfindən qınanıram.

İradları qəbul edə və ya irad bildirə bilirsiniz?

-Həmsöhbətim məndən savadlı və istedadlıdırsa onun haqlı  iradlarını qəbul edirəm.Özüm isə ancaq anlayan,qanan adama iradımı bildirə bilərəm.Yəni nadanı başa salmaq qarışqanı minməkdən çətindir.

- Özünüzdə sevmədiyiniz xüsusiyyətlər var?

-İnsanlarla münasibət qurmaqda çətinlik çəkirəm.Hərdən güzgüyə baxaraq öz-özümü danlayıram ki,bu qədər özündən razı,təkəbbürlü olma.

- Aqşin bəy yazmasaydı  nə edərdi?

-Yəqin ki,Aqşin bəy yazmaya bilməzdi.Əyər yazmaq eşqi Tanrı tərəfindən mənim genetikama yüklənibsə deməli yazacaqdım.Əyər şair olmasaydım yəqin ki,rəssam ya da heykəltaraş olardım.Ya da bəstəkar.İncəsənətsiz və kitablarsız özümü təsəvvür edə bilmirəm.

- Tarixi sevirsiniz?

-Tarix ən çox sevdiyim fənndir.Ona görə də tarixi hadisələrdən bəhs edən bədi kitabları mütailə etməkdən zövq alıram.

- Gənc qələm sahiblərinə kömək etmisininz?

-Kömək dedikdə istedadlı gənclərə həmişə mənəvi dəstək olmuşam və olmaqdayam.

- Bu gün hansı müəllifləri oxuyursunuz?

-Bu yaxınlarda ingilis yazıçısı Corc Oruellin “1984” kitabını ikinci dəfə oxuyub qutardım.Hal hazırda Hüseyn Nihal Atsızın “Bozqurdlar” kitabını yenidən oxuyuram.Ümumilikdə isə fəxrlə deyə bilərəm ki,çox sayda kitab oxumuşam və oxuduğum kitabların sayını unutmuşam.Demək olar ki,hər gün mütailə edirəm və kitab oxumaq mənim ən böyük hobbimdir.

- Mənəvi dəyərləri necə qoruya bilərik?

-Televiziyalarımızda mədəni,siyasi,ədəbi verlişlərin sayını artırmaqla.Bir də insanın sosial qayğıların əlindən qurtarıb öz mənəvi dəyərlər haqqında fikirləşməyə vaxtı ,zamanı olmalıdı.Bütün günü bir tikə çörək qazanmaq arzusunda,fikrində olan adamların mənəvi dəyərlər haqqında düşünməyə zamanı olmur.Bir də ki,bizim mənəvi dəyər dediyimiz məhvumun özü kütlənin,xalqın yazılmamış qanunlar toplusudu.Məsələn qədim türk tayfalarında  türk törəsi deyilən qanunlar vardı və bu qanunlar Orxan-Yenisey abidəsindəki qısa yazıları çıxsaq,yazılmamışdı.Bizim mənəvi dəyərlərimiz həmin türk törəsindən bu günümüzə qədər gəlib çatan fikirlər,qanunlardır ki,biz onu yaşatmağa çalışırıq.

- Sevməkmi,yoxsa sevilməkmi?

-Sevmək gözəldi.İnsan heç vaxt necə sevildiyini dərk edə bilmir,amma necə sevdiyini isə dərk edir,anlayır.Deyərdim ki,sevgi hissi Allahın yer üzündə yaşayan bütün canlılara bəxş etdiyi ən gözəl hissdir.

- Tarixdə 100 il öncə yaşasaydınız bu günün Sabiri,Nəsimimisi  ola bilərdiniz?

-İnanmıram ki,Sabiri,Nəsimisi ola bilərdim.Amma yəqin ki, ən azı saray şairi olmayacaqdım.

- Sevdiyiniz şeirlərinizdən  bir bənd istəsəm?

-Sözündən böyük adam yox,

Hər adam sözü boydadı..

Bütün ölçülər dəyişər,

Bir Allah özü boydadı.

- Ünvanlı yazdığınız yazılar varmı?

-Çox deyil ,amma var.Ruhumun diktəsi ilə sevdiyim  xanıma şeirlər yazmışam.Vəzifəli şəxslərə ithaf şeiri yazan şairlərin isə şairliyinə şübhə ilə yanaşıram.Şeir şairin ruhundan süzülüb gəlməlidi.Hər hansı şairin ruhundan  icra hakimini tərənnüm edən şeir süzülürsə,bu sadəcə o ruhun şairə yox,yaltaqa aid olduğunu bildirir.Bu qədər bəsit.

- Övladlarınıza bağlı atasınız, onlar üçün atdığınız hamsısa addımı geri götürmüsünüz?

-Şəraitə və imkana uyğun olaraq bəli.Biz valideyn olaraq istəyirik ki,övladlarımız biz deyən,biz buyuran kimi yaşasınlar.Qəribəsi budur ki,hər hansı totalitar cəmiyyət də bunun belə olmasını istəyir.Mən istəyirəm ki,valideynlərin övladlarıyla  bağlı verdiyi hər hansı qərar onların azadlıqlarının məhdudlaşdırmasın.Övladlarımızın,gənclərimizin az da olsa səhv eləmək hüququ var,ama onların bizim beynimizlə fikirləşmək kimi bir məsuliyyyəti yoxdur.

- Qəlb qırmısınız?

-Bəli.Bilmədən olub,amma olub.Sonra bunun əziyyətini qəlbi qırılandan daha çox özüm çəkmişəm.Bir də ki,söz adamlarının sözdən başqa nəyi olur ki? Şair öz sözü ilə müdafiə olunur.Güclü söz isə qəlbi  qıra bilər.

- Xaçmazda yaşamasaydınız harada yaşayardınız?

-Yəqin ki,Mərdəkanda.Oranın havası gözəldi

- Məktəb dərsliklərində yazıları bəyənirsiniz?

-Xeyr bəyənmirəm.Amma son illərdə dərsliklərlə bağlı müsbət dəyişikliklər hiss olunur.

- Həyatın mənası nədir?

-Həyatın mənası sevə,sevə,hər anının qədrini,insana ayrılan ömür adlı bir yolun qiymətini anlayaraq və zamanı dəyərləndirərək yaşa bilməkdi.Valideynlərimizdən bizə ötürülmüş  ömür payını şərəflə yaşayıb,özümüzdən sonrakılara ötürə bilməkdi.

- Ən böyük arzum budur dediyiniz məqam olubmu?

-Gəncliyimdə arzularım çox idi.Amma insan yaşlaşdıqca arzuları,istəkləri də azalır.Bəli,arzular tükənmir,amma cüzi də olsa azalır.Ən böyük arzum budur dediyim məqamlar olub.Məsələn Qarabağın azad olmağını arzulamışam,sonra Qarabağda müharibədə döyüşən oğlumun və bütün hərbiçilərimizin  müharibədən sağ salamat qayıtmalarını arzulamışam.İndi isə dünyaya Sülh arzulayıram.

- Sonda mənə hansısa sulalınız varmı,müsahibədən razı qaldınız?

-Suallarınız çox düşündürücü idi.Cavab vermək üçün saatlarla düşündüyüm suallar oldu.Çox sevincliyəm ki,ölkəmizdə sizin kimi savadlı və istedadlı gənclərimiz var.Sizə uğurlar arzulayıram.Çox istərdim ki,belə müsahibələrdə incəsənətin digər sahələri,məsələn rəssamlıq,bəstəkarlıq,heykəltətaşlıq üzrə də suallar olsun.Bir daha təşəkkür edirəm.

 

Gülnar Teymurova

 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü