26 May 2025 18:10
641
SAĞLAMLIQ

AQTA qurbağa əti ilə bağlı məlumat yaydı

Qurbağa əti dünyanın müxtəlif ölkələrində istehlak olunan qida məhsullarından biridir. Fransa, Çin, Tailand, Vyetnam, Meksika kimi ölkələrdə qurbağa əti geniş istehlak olunur.

Qida Təhlükəsizliyi Agentliyindən Adalet.az-a verilən məlumata görə, hazırda ölkəmizdə istehsal olunan qurbağa ayaqları Avropa bazarına, xüsusilə İtaliya və Fransaya ixrac olunur.

Bu məhsullar Avropa Birliyinin qida təhlükəsizliyi və gigiyena standartlarına cavab verdiyi üçün ixrac prosesi davamlı şəkildə həyata keçirilməkdədir. Həmin məhsullar isə Salyan rayonu, Şorsulu kəndində "AZARIFROG" MMC və Masallı rayonu, Qızılağac kəndində "Az Fish and Frog" MMC qurbağa emalı müəssisələrində yetişdirilir.

Son günlər media səhifələrində paytaxtın bəzi restoranlarında təklif edilən qurbağa məhsulları ilə bağlı "dırnaqarası ekspertlər" tərəfindən səsləndirilən əsassız iddialara gəldikdə isə bildirilir ki, istənilən qida məhsulunun saxlanma şəraitinə və emal qaydalarına əməl olunmadıqda tərkibində mikroorqanizmlər inkişaf edə bilər. Qeyd olunan prinsiplər yalnız qurbağa ətinə deyil, bütün qida məhsullarına aiddir.