Asim Yadigarın ömür nəğmələri - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
147 | 2025-01-30 12:29

Əslində biz hər birimiz təkcə Allah bəndəsi kimi var olmuruq, həm də bu var olmanın içərisində özəl bir ömür yaşayırıq. Elə bir ömür ki, onun hər bir anı, hər bir cizgisi bizə aiddir. Ola bilsin ki, hansısa nüans, hansısa məqam kiminsə ömrü ilə oxşar olsun, kiminsə qismətilə, alın yazısı ilə toqquşsun. Amma bütün hallarda hər kəsin öz ömrü var və hər kəs də o ömrü bir məktub kimi, bir hekayə kimi, bir nağıl kimi, lap elə şeir kimi özü yazır.

Bu mənada mənim ömür yolumda SÖZün   yeri çox uca olub. Ona görə də gözüm həmişə Sözü axtarıb, Sözü görüb, Sözü  tapıb. Tapdığım həmin sözlərin özü kimi o sözü çatdıranın da, yaradanın da, yazıya köçürənin də özü həmişə mənim üçün maraqlı olub. Bu səbəbdən onların özünü də axtarmışam və tapmışam.

Bu gün həyatımda çox önəmli yeri olan və elə ömrümdə bir dayaq nöqtəsi kimi iz buraxan həmin söz sahiblərindən biri də Asim Yadigardı. Həyat bizi sözlə qarşılaşdırıb, sözlə tanış edib. Bir-birimizin sözündən sonra bir-birimizi tanımışıq. Ona görə də sözümüz düz gəlib, sözümüz bir-birinə mehir salıb, bir-biri ilə ürfət bağlayıb. Və bir də baxıb görmüşəm ki, bu ömrün dəyərli, ağır çəkili, özü kimi sözü də bütöv olan bir Asim Yadigar var. Və mən də ona qardaş deməyi özümə şərəf bilirəm.

Elə indi əlimdə tutub vərəqlədiyim «Bir ömrün nəğməsi» kitabı da Asim Yadigarın mənə hədiyyə etdiyi kitablarından biridir. Mən kitabxanamdan bu kitabı ona görə götürdüm ki…

Xeyli vaxtdır ki, yaşanan ömrün məna çalarları barəsində düşünürəm. Bu ömürdə nəyi, necə etdiyimi və yaxud etmədiyimi, eləcə də edə bilmədiyimi düşündükcə, həm də   bu  düşündüklərimə  ipucları axtarırdım. Həmin anda diqqətimi Asim Yadigarın kitabının adı çəkdim. Və mən də tərəddüd etmədən götürdüm həmin kitabı. Əvvəldən də gözdən keçirtdiyim, hətta barəsində mətbuatda fikir söylədiyim bu kitabı bir də oxudum. Və gördüm ki, Asim Yadigar bu kitabda yaşadığı ömrün nəğmələrini sıralayıb. Bu nəğmələr əslində təkcə onun özünə aid deyil və özünə aid olanların içərisində də  bizim də  payımız var. Çünki yaşanan gerçəklik özü-özlüyündə hər kəsə nəyisə xatırladır, nəyisə andırır. Bax onda sən də, elə mənim özüm də Asim Yadigarın nəğmələrinin içərisində öz izimizi axtarır və tapırıq. Çünki:

 

«Sənsiz yaşamaram» - demişdin mənə,

«Sənsiz yaşamaram» - sözə bax, Allah!

Mənsiz yaşamadan – inandım buna,

Sinəmi yandıran közə bax, Allah!

 

O hansı qüvvəydi dodaqlarından

İlahi bir səsi uçurtdu belə.

Sənsizəm, dediyin bir kəlmə sözün

Odunda qovrulub, yanıram hələ.

 

Yoxluğun ruhuma saldı zəlzələ,

Könül sarayım da dağıldı, gülüm.

Demişdin bu sevgi bir nağıl olar,

Doğrudan bir şirin nağıldı, gülüm.

 

Bu da bir nağıldı, nağıl deyirəm,

Sən adda bir mələk vardı cahanda.

Sən uçub gedəli gidi dünyadan

Qəlbimə, ruhuma, dardı cahan da.

 

Nə qədər alışım, yanım gizlicə,

Dərdimi deməyə dərddaşım hanı?

Ağlaya bilmədim ölən sevgimə,

Ağlaya bildimsə – göz yaşım hanı?

 

Bu şeiri oxuduqca nakam sevgiləri, bizi unudanları və yaxud bizi atıb gedənləri xatırlamamaq mümkün deyil. Çünki misralar adamın ruhuna işləyir, yaddaşını silkələyir və bir xatirə kitabı vərəq-vərəq çevrilir, bir kino lenti gəlib keçir göz önündən. Özün də bilmədən təkcə tamaşaçı yox, həm də iştirakçı kimi bu sevgi üçün içində ağlayırsan, içində göz yaşları axıdırsan və hardasa bu nəğmənin sənin də yaşantının bənzəri, müəyyən mənada da bir hissəsi olduğuna inanırsan. Elə bu yerdə də söz yaratmağın, o yaradılan sözün də ömrün nəğməsi olduğunu təsdiq etmək çox asanlaşır. Necə deyərlər, bir pıçıltı kimi dodağından qopur.

Ötən hər zaman kəsiyi özü ilə çox şeyləri alıb aparır. O bizdən alınan və çox vaxtı da qarşılığı verilməyən nəsnələrin sırasında təbii ki, ömrün öz yeri var. Yəni demək istəyirəm ki, dar mənada düşünəndə , zaman elə ömür deməkdir – mənim üçün, sənin üçün, hər birimiz üçün! Bu isə bizdən həmin zamana hopdurduğumuz və yaxud da zamanın bizə köçürtdüyü, ömrümüzə həkk etdirdiyi hər şeyi görməyi, duymağı bacarmalıyıq. Etinasızlıq, biganəlik ömrün ən böyük düşmənidi. Onu kəsən, onu doğrayan xəncərdi. Ona görə də bilməliyik ki, nəyi yaşayırıq və necə yaşayırıq. Çünki bu ömürdə əbədi olan bircə   və  YALNIZ  SEVGİDİR!  Ona da biganə qalanda Asim Yadigarın dediyi, daha doğrusu yazdığı nəğmə öz təsdiqini tapacaq. Həmin nəğməni misralanmış pıçıltılarına diqqət yetirək:

 

Ömrüm-günüm tərsə düşür, çaş düşür,

Yollarıma qaya çıxır, daş düşür.

Gözlərimdən dünya boyda yaş düşür,

Deyirsən ki, ay qəlbimin parası,

Kəsiləcək bu zənglərin arası.

 

Ömrü-günü verdik yelə, bilmədik,

Neçə dəfə düşdük selə bilmədik,

Qoşa yanıb, qoşa ölə bilmədik.

Qəlbimizdə bir sevginin yarası,

Kəsiləcək bu zənglərin arası?

 

Məhəbbətdən qala qurduq, nə olsun?

Sədaqətdən qala qurduq, nə olsun?

Lap nifrətdən qala qurduq, nə olsun?

Heç sızlama, heç ağlama, qadası,

Kəsiləcək bu zənglərin arası.

 

Bölüm-bölüm, tikə-tikə ürəyim,

Öz dərdini çətin çəkə ürəyim.

Bəlkə təzə sevgi əkə ürəyim?

Loğman gələ, deyə nədir çarəsi,

Kəsiləcək bu zənglərin arası.

 

Dərdim məndən, mən dərdimdən ucayam,

Sevgi məndən, mən sevgimdən qocayam,

İki sahil arasında bir çayam

Sinəm olsa sənə körpü qadası,

Kəsiləcək bu zənglərin arası.

 

Saqqız kimi çeynəyirlər sözləri,

Buz altından yeridirlər közləri,

Qoşa görmək istəmirlər bizləri,

Bu sevginin nə toyu var, nə yası,

Kəsiləcək bu zənglərin arası.

 

Hər ocaqda köz olaram, qadası,

Hər dodaqda söz olaram, qadası,

Atəş ollam, buz olmaram, qadası,

Uçulmasın könlümüzün dünyası,

Kəsilməsin bu zənglərin arası.

 

Yəqin ki, şeiri oxuyub, lap sonuncu misraya qədər öz sevgi həyatınızı, xəyallarınızı, xatirələrinizi təzələdiniz. Amma mən bunu xüsusi vurğulamalıyam ki, sonuncu misra içinizdən bir qığılcım kimi gəldi keçdi. Çünki o misrada ümid işartısı, dua, istək ifadə olunubdur. Asim Yadigar o misra ilə şeirin möhürünü vurub, nəğmənin əbədi olmasını, daha doğrusu, sevginin yaşamaq haqqını diqqətə çatdırıb və deyib ki, kəsilməsin bu zənglər. Əgər bir şair bu zənglərin kəsilməsini istəmirsə, deməli, həm də bir aşiq, bir sevən bu zənglərin kəsilməsini istəmir. Axı o zənglər sənədir. Və deməli həm də o zənglərin cavabı səndən mənədir! Onda gəl ikimiz də qoşulaq Asim Yadigara. İkimiz də birlikdə deyək ki:

- KƏSİLMƏSİN O  ZƏNGLƏRİN ARASI! 

Mən əlimdə tutduğum «Bir ömrün nəğməsi»ni  Sizə  yaşadığınız   ömrün nəğmələrini unutmamaq, onu yaşatmaq, tər saxlamaq üçün təqdim etdim. Bu, bir növü yaddaşa bir mesaj idi, çağırış idi. İndi özünüz necə qəbul edəcəksiz bilmirəm, amma mən çox istərdim ki, ömür zaman kəsiyi olmaq baxımından hansı ölçüdə olur olsun, təki mənalı, düşündürən və yaşadan olsun.

Məncə bunun da bircə yolu var. O yol da sevgidən keçir. Əgər ömrə sevgi hopdura bildinsə, o həm yaşadacaq, həm də onun öz nəğmələri olacaqdır. Asim Yadigarın ömür nəğmələri kimi.

TƏQVİM / ARXİV