20 Sentyabr 2023 11:43
999
MƏDƏNİYYƏT

AŞIQLAR VƏTƏN MÜHARIBƏSINDƏ QƏLƏBƏMIZI TƏRƏNNÜM EDİR

Heç kimə sirr deyil ki, hər bir müharibədə sözün, musiqinin, aşıq sənətinin və ifaçıların öz yeri olub. Hətta 1941-45-ci illər – Böyük Vətən müharibəsində sənət adamları, şairlər, yazıçılar, aşıqlar, müğənnilər cəbhədə, səngərdə olub və əsgərləri döyüşə ruhlandırıblar. II Qarabağ savaşında da, daha doğrusu, 44 günlük möhtəşəm döyüşdə də qələbənin əldə edilməsində Ali Baş Komandan Prezident İlham Əliyevlə və Azərbaycan əsgəri ilə yanaşı, aşıqlarımızın da bu uğurun qazanılmasında, onların qəhrəmanlığını tərənnüm etməsi önəmli əhəmiyyət kəsb edir.

Mən 44 gün cəbhə bölgəsində oldum, o döyüçlərdə iştirak etdim. Hər həftə Azərbaycan televiziyasının Mədəniyyət kanalında Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aşıqlarla bağlı maraqlı verilişi efirə gedirdi. Füzulidə şəhid anaları əsgər anaları bu verilişi çox maraqla izləyirdi. Çünki o proqramda aşıqlarımız əsgərlərimizi döyüşə ruhlandıran mahnılar səsləndirirdi. Bu mənada “Bayrağım”, “Ordumuz”, “Turan marşı”, “Ovşarı”, “Üvertüra”, “Qəhrəman” və digər səsləndirilən aşıq havaları Azərbaycan əsgərində bir coşqu yaradırdı.

Bu günlərdə Aşıqlar Birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə köməkliyi ilə hazırlanmış “Aşıqlar Vətən müharibəsində qələbəni tərənnüm edir!” adlı audiodiskin təqdimatı keçiriılib. Tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq, rəhbər olduğu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Layihənin koordinatoru, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihə çərşivəsində görülən işlər barəsində məlumat verib.

Üç ay ərzində həyata keçirilən layihədə aşıqların 44 günlük II Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalardan ibarət audiodisk hazırlanıb. Burada Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı, aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərlərinin, eləcə də “Çeşmə” və “Misri” qruplarının ifalarında II Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizi tərənnüm edən, Ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları təqdim olunur. Ümumilikdə, audiodiskdə müxtəlif aşıq havalarından ibarət olan musiqilər bir daha həmin maraqlı tədbirdə adını çəkdiyimiz ayrı-ayrı aşıqlar tərəfindən yenidən səsləndirilib. Bu da tədbir iştirakçılarında xoş ovqat yaradıb, saza və sözə olan məhəbbəti bir qədər də artırıb.

Bu möhtəşəm tədbirdə professor Məhərrəm Qasımlı və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu ilə yanaşı, Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nilufər Əhmədova, Əməkdar jurnalist Faiq Qismətoğlu da çıxış ediblər. Onlar qeyd ediblər ki, belə layihələrin davam etməsi dövlətçiliyimizin və eləcə də aşıq sənətinin təbliğində və tərənnümündə önəmli yer tutur.

Bu gün aşıq sənətinə, aşıq havasına və onun təbliğinə çox böyük ehtiyac var. Ona görə də adını çəkdiyimiz layihə çox unikaldır və onun davamlı olmağını arzulayırıq!

FAİQ QİSMƏTOĞLU