06 Dekabr 2023 13:38
1280
İDMAN

ATIB ABRI-HƏYANI MƏN YAXINA GƏLƏRƏK,
QUCDUM AĞCAQAYINI, ÖZGƏNİN ARVADI TƏK  

Yeseninin bu şeirini açmaq  fikrim  yoxdu. Onsuz da açıq olan  bir şeyin açılmasına nə ehtiyac var? Sözüm futboladı – AFFA-nın rəhbərliyi, prezidenti özgə  arvadında  nə görüblər ki, həmişə özgə baş məşqçiləri  axtarırlar. Yenə də qərar  veriblər ki,  baş məşqçi əcnəbi olacaq.  Qoy gəlsin bir  dörd-beş il də o, Azərbaycan futbolunun başına ip salıb sürüsün. Mənim  fikrim  başqadı. 

Kinostudiyada bir filmin  çəkilişinə hazırlıq gedirmiş, baş  rejissor da təyin  olunubmuş. Ədil İsgəndərov rejissordan  soruşur ki, baş rola kimi  çəkmək istəyir. 

Rejissor: 

- Ədil müəllim, Ukraynada bir aktyor  dostum var, onu  dəvət edəcəm. 

Ədil müəllim mənalı-mənalı başını yelləyib  bir söz demir. 

Rejissor hər gün gəlirmiş  işə görürmüş ki,  divardan filmin  çəkilişi ilə  bağlı əmr asılmayıb. Bir ay keçir, Kinostudiyanın  həyətində rejissor Ədil müəllimlə rastlaşır, qorxa-qorxa deyir:

- Ədil müəllim, filmi nə vaxt çəkməyə başlayacağıq?

Ədil müəllim:

- Mənim də Gürcüstanda bir rejissor  dostum var, onu  çağırmışam gəlsin  filmi  çəksin.  Sən də get Kinostudiyanın  qapıçısına denən ki, Ədil  müəllim deyir bir də səni  bu həyətə  buraxmasın. 

İnanırsınız, rejissor da gedib  bunu  qapıçıya deyir. 

İndi AFFA-ya da bir əcnəbi  prezident  gəlsin və Rövnəq Abdullayevə  desin ki, get qapıçıya denən bir də səni  bu binaya  buraxmasın.