Atmosferə normadan artıq zərərli qazlar atılır - FAİQ QİSMƏTOĞLU yazır
May ayının 1-dən iyunun 1-dək respublika ərazisində «Təmiz hava» aylığı keçirilir
Heç kəsə sirr deyil ki, bu gün dünyanın ekoloji tarazlığı pozulub, atmosferə və təbiətə böyük ziyan vurulub. Təkcə bir faktı deyək ki, hər gün Bakı şəhərində atmosferə nəqliyyat vasitələrindən tonlarla zərərli qazlar atılır. Bu isə təmiz havamızı çirkləndirməklə yanaşı, həm də insanlarda sağalmaz xəstəliklər yaradır. Təbii ki, atmosfer çirklənməsinin qarşısının alınması üçün böyük Dövlət Proqramı var. Və bu proqramlar zaman-zaman həyata keçirilir. Belə tədbirlərdən biri də hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə DİN-nin Baş Dövlət Yol Pollisi İdarəsinin birgə keçirdiyi «Təmiz hava» aylığıdır. Artıq bu tədbir bir ənənə halına çevrilib və birgə fəaliyyət nəticəsində atmosferin çirklənməsinin qarşısının alınmasında çox önəmli addımlar atılıb.
Artıq may ayının 1-dən iyunun 1-dək yenidən adını çəkdiyimiz bu nazirliklərin birgə fəaliyyəti ilə respublika ərazisində «Təmiz hava» aylığına start verilib. Bu günlərdə hər iki qurumun və eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün stasionar postunda belə bir tədbir keçirildi. Həmin tədbirdə bir daha aydınlaşdı ki, atmosferi ən çox çirkləndirən nəqliyyat vasitələri dizel yanacağı ilə işləyən sərnişin avtobusları və yük maşınlarıdır. Qəribə də olsa, stasionar postda tədbir zamanı saxlanılan sərnişindaşıyan və yük maşınlarının müayinəsi zamanı onların hamısında atmosferə normadan artıq zərərli qazların atılması faktları aşkarlandı. Aydındır ki, həmin nəqliyyat vasitələri dizel yanacağı ilə işləməklə yanaşı, həm də texniki cəhətdən nasaz idilər. Buna görə də bu sürücülər 50 manat civarında cərimə edildilər. Məsələn, 99-LC -125, 90-SF-674, 90-JU-846, 99-RF-896, 99-TK-610, 01-BK-675, 20-EO-945 nömrəli avtobus, mikroavtobus və yük maşınlarından texniki müayinə zamanı normadan artıq zərərli qazların atılması müşayət edildi. Hətta 20-EO-945 nömrəli sərnişin avtobusunda əyləc sisteminin işləməməsi faktı üzə çıxdı. Belə ki, həmin avtobus müayinə zamanı yerindən tərpəndi. Kimsə cəld tərpənib, həmin avtobusu birtəhər saxladı. Hansı ki, onun salonunda xeyli sərnişin var idi. Amma sürücü nasaz avtobusla sərnişin daşıyırdı. O, sürücüyə inzibati protokol tərtib edilməklə yanaşı, avtobus müvəqqəti duracağa aparıldı. Digər bir mikroavtobusun sürücüsü isə texniki nasazlıqla yanaşı, mikroavtobusun konstruksiaysında dəiyşiklik eləmişdi.
Tədbirdə iştirak edən Baş Dövlət Yol Polis İdarəsinin Avtotexniki Müfəttişlik şöbəsinni baş inspektoru, polis polkovnik-leytenantı Toğrul Mustafayev dedi ki, bu cür tədbirlər may ayının 1-dən bütün respublika ərazisində keirilir. Biz də şöbənin əməkdaşı kimi bu tədbirlərdə yaxından iştirak edirik. Bugünkü tədbir də göstərir ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, bir çox sərnişin daşıyan və yük maşınlarını idarə edən sürücülər nəqliyyat vasitələrini texniki cəhətdən nasaz saxlayırlar. Bu isə atmosferə normadan artıq zərərli qaz atmaqla yanaşı, həm də nəqliyyat vasitəsinin qəza törətməsinə şərait yaradır.
Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün taqım komandiri, polis kapitanı Rəşad Bayramov dedi ki, «Təmiz hava» aylığının keçirildiyi ilk gündən bütün nəqliyyat vasitələri stasionar postumuzda müayinədən keçirilir. Ən çox da atmosferə zərərli qazlar, sərnişin daşıyan və eləcə də yük daşıyan dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrindən atılır. Biz gün ərzində 60-70 belə nəqliyyat vasitəsini aşkar edirik. Onlara inzibati protokol tərtib olunur və 50 manat məbləğində cərimə edirlər. Əgər sürücü 10 gündən sonra o texniki qüsuru aradan qaldırmasa, həmin nəqliyyat vasitəsi saxlanılarkən yenə də sürücü barəsində inzibati protokol tərtib olunur. Bir sözlə, hər bir sürücü müəyyən olunmuş vaxtda texniki qüsuru aradan qaldırmalıdır ki, sonradan o, cərimə edilməsin.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli də bu tədbirdə iştirak edirdi. Cənab kapitan dedi ki, keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barəsində sürücü və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparlırır, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Bir daha sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtomobil vasitələrinin texniki cəhətdən saz vəziyyətdə istismar etmələri xahiş olunur.
Göründüyü kimi, hələ «Təmiz hava» aylığı iyun ayının 1-dək davam edəcək və eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hər gün tədbirlər keçirir. Ona görə də sürücülər diqqətli olmalı, hər iki qurumun tövsiyyə və tapşırıqlarına əməl etməli, nəqliyyat vasitələrini texniki cəhətdən saz saxlamaqla atmosferə normadan artıq zəhərli qazlar atmamalıdırlar. Bu, ekologiyamızın, təbiətimizin və təmiz havamzın, o cümlədən insnaların sağlamlığının qorunması deməkdir.