15 Noyabr 2023 10:43
8061
LAYİHƏ

 Azərbaycan Dövlət Baş Layihə İnstitutu  “Azdövlətlayihə”

“Azdövlətlayihə” İnstitutu Azərbaycanın ən qədim və tarixi institutlarından biri olmaqla ölkəmizin mədəni-iqtisadi həyatında mühüm rol oynamış məbədlərindən biri hesab olunur. Ötən əsrin əvvələrindən başlayaraq bu günə kimi institut şərəfli bir yol keçmişdi.

   1 dekabr 1930-cu ildə “Aztexdövləttikinti” və “Aztikinti“-nin nəzdindəki layihə-konstruktor kontorunun bazası əsasaında “Azdövlətlayihə” (“Azqosproyekt”) tresti təşkil olundu və bu trest 1944-cü ilə qədər fəaliyyət göstərdi. Azərbaycan SSR Xalq Komissarları Soveti 1926 nömrəli, 25 sentyabr 1944-cü il tarixli qərarı ilə “Şəhərlərin,yaşayış və vətəndaş binalarının layihələndirilməsi üçün Azərbaycan Dövlət Arxitektura Trestinin yaradılması” haqqında sərəncam imzaladı. Sərəncama uyğun olaraq “Azdövlətlayihə” trestinin və Bakı şəhər zəhmətkeş deputatları  Soveti İcraiyyə Komitəsinin nəzdindəki idarənin (APU) birləşməsi nəticəsində “Azdövlətarxitekturalayihə” tresti yaradıldı.

  Yeni yaradılmış idarə Azərbaycan SSR ərazisində olan təsərrüfat təşkilatlarının arxitektura-plan, smeta,smeta-geodezik və elmi-tədqiqat işlərini həyata keçirməyə başladı.

  Azərbaycan SSR Nazirlər Sövetinin 19 may 1951-ci il tarixli 631 №li “Layihə təşkilatlarının işlərinin daha da möhkəmləndirilməsi məqsədilə “Azdövlətarxitekturalayihə” trestinə Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Yol İdarəsinin layihə kontoru birləşdirildi və trest  “Azdövlətarxitekturalayihə” Azərbaycan Layihə İnstitutu adlandırıldı.

 1959-cu ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq (23 aprel 1959-cu il tarixli 893 №li) əmri ilə Azərbaycan Dövlət Layihə İnstitutu Azərbaycan Baş Layihə İnstitutuna çevrildi və idarə Azərbaycan SSR Dövlət Tikinti İdarəsinin tabeçiliyinə verildi.

Yarandığı tarixdən etibarən “Azdövlətarxitekturalayihə” idarəsi müstəqil olmuş, təsərrüfat hesabı ilə işləmişdir.

Azərbaycan Respublikası Dövlət Elm və Texnika sənədləri Arxivində institutun layihə-texniki və sistemli sənədlər toplusu (1928-1950-ci illər) saxlanılır. Sənədlərin bu günkü səviyyədə qalması, qorunub saxlanılması mərhələlərlə aparılmış, müxtəlif ekspert komissiyaları tərəfindən yoxlanmış, lazımsız hesab olunanlar çıxarılmışdır. 13 aprel 1971-ci il tarixdə ekspert komissiyasının üzvləri geniş tərkibdə keçirdikləri yığıncaqda layihə-smeta sənədlərini bir daha nəzərdən keçirmiş, praktiki və tarixi əhəmiyyətini itirmiş sənədləri ləğv edərək aşağıdakı qərarı qəbul etmişlər.

1.1945-ci ilədək seçilmiş sənədlərdən (ictimai və unikal əhəmiyyətli binalardan savayı) mərtəbələrin planı, bünövrə, fasad, baş plan və ayırmalar daimi saxlanma fonduna götürülsün, qalanları məhv edilsin.

2.1945-ci ilə qədər olan layihə sənədlərinin bəziləri yararsız və tam komplektləşdirilmədiyindən həmin sənədlər yararsız hesab edilərək ləğv edilmişdir.

3. İctimai və unikal əhəmiyyətli, binalar, o cumlədən 480 yerlik şagirdi olan məktəb binalarının, 140 yerlik uşaq bağçalarının, xəstəxanaların, 50 nəfərlik hamamların, yeməkxanaların, fabriklərin, kimyəvi təmizləmə yerlərinin, kinoteatrların layihə sənədləri tam formada saxlanılmışdır.

4.1945-ci ildən sonrakı illərdə fabrik və zavodların layihə sənədləri tam formada saxlanılmışdır.

5. Şəhərlərin mühəndis-texniki layihələri, şəhərlərin baş planları, köməkçi sənədləri tam şəkildə saxlanılmışdır.

6. “Azdövlətlayihə”nin işləyib hazırladığı digər təşkilatların layihə sənədləri ləğv edilmişdir.

7. Topoqrafik sənədlər tam şəkildə saxlanılmışdır.

8. 1955-ci ilə qədər tərtib edilmiş bütün obeyktlərin smetaları, hesabatları ləğv olunmuşdur.1955-ci ildən sonrakı layihələrin hesabat xarakterli işləri və baş layihələri saxlanılmışdır.

 Bu qərarların yekunu olaraq ekspert komissiyası 645 saxlama vahidi sənədləri daimi qeydiyyata götürmüşdür.

Mütəxəssislərin yekdil rəyi ilə daimi qeydiyyatda alınan sənədlər iki hissəyə bölünmüşdür.

1. Layihə tapşırıqları

2. Texniki işçi layihə

Sənədlərin bölmələrə ayrılması aşağıdakı qaydadadır:

  1. Şəhər və qəsəbələrdə kommunal və şəhər tikintiləri
  2. Xalq təhsili sahəsində tikintilər
  3. Mədəni-kütləvi sahədə tikinti işləri
  4. Səhiyyə müəssisələrinin tikintiləri
  5. Elm və elmi-tədqiqat müəssisələrinin tikintiləri
  6. Heykəllər və istirahət yerlərinin tikinti layihələri
  7. İdman müəssisələrinin tikinti layihələri
  8. Kənd təsərrüfatı tikintiləri
  9. Ticarət və ictimai iaşə
  10. Körpülər,elektrik stansiyaları, nəqliyyat tikintiləri.
  11. Zavod, fabrik, sexlərin tikinti layihələri

 Azərbaycan Dövlət Baş Layihə İnstitutu fəaliyyət göstərdiyi uzun illər ərzində ölkəmizdə sənayenin, iqtisadiyyatın, mədəni həyatın inkişafında müstəsna rol oynamışdır.

 

Müzahim Ələkbərov,

Azərbaycan Dövlət Elm və Texnika

Sənədləri Arxivinin aparıcı arxeoqrafı.