04 Iyun 2025 08:27
35
ANALİZ

Azərbaycan ixrac coğrafiyasını genişləndirir

Prezident İlham Əliyev: “Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir”

Azərbaycan Cənubi Qafqaz regionunda strateji coğrafi mövqeyə, zəngin təbii resurslara və qədim dövlətçilik ənənələrinə malik bir ölkədir. Müstəqilliyini bərpa etdikdən sonra müxtəlif çətinliklərə baxmayaraq, ölkə bu gün sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malikdir. Azərbaycanın siyasi sistemi prezidentsial idarəetmə formasına əsaslanır. 1993-cü ildən etibarən ölkədə siyasi sabitlik bərqərar olmuş, dövlət institutlarının möhkəmləndirilməsi və idarəetmədə ardıcıllıq təmin edilmişdir. Sabitlik eyni zamanda sosial təhlükəsizlik və iqtisadi inkişaf üçün zəruri şərtlərdən biridir. Parlament və bələdiyyələr fəaliyyət göstərsə də, siyasi sistemdə mərkəzləşmə yüksək səviyyədədir. Siyasi sabitlik ölkənin beynəlxalq münasibətlərdə mövqeyini gücləndirmiş və xarici sərmayədarların marağını artırmışdır. Ölkədə siyasi sabitlik son illərdə qorunub saxlanılır və bu, dövlət idarəçiliyinin mərkəzləşdirilmiş xarakteri ilə əlaqələndirilə bilər. Prezident ölkənin baş icraedici orqanı kimi geniş səlahiyyətlərə malikdir. 

Azərbaycan iqtisadiyyatı əsasən enerji sektoru – xüsusilə neft və qaz ixracı – üzərində qurulub. Bu sektor ölkəyə son illərdə əhəmiyyətli valyuta axını təmin edib və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi olub. Bununla yanaşı, hökumət iqtisadiyyatın diversifikasiyası (şaxələndirilməsi) istiqamətində addımlar atır – qeyri-neft sektoru, kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları kimi sahələrin inkişaf etdirilməsi üçün proqramlar həyata keçirilir.

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və sonrakı dövrdə həyata keçirilən beynəlxalq enerji layihələri (məsələn, Bakı-Tbilisi-Ceyhan boru kəməri) ölkəyə milyardlarla dollar həcmində sərmayə cəlb edilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında bu haqda da danışmışdır: “Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir”. Son illərdə Azərbaycan hökuməti iqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm addımlar atır. Qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının modernləşdirilməsi, turizm və informasiya texnologiyaları sahəsində irəliləyişlər bu prosesin tərkib hissəsidir. 2020-ci ildən sonra işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və iqtisadi bərpa tədbirləri də yeni iqtisadi imkanlar yaradır. Dövlət tərəfindən həyata keçirilən sosial islahatlar, infrastruktur layihələri və rəqəmsallaşma prosesi də iqtisadi dayanıqlığa töhfə verir. Bununla belə, iqtisadiyyatın neftdən asılılığı hələ də qalır və bu, uzunmüddətli inkişaf üçün risk faktoru olaraq qalır. Sabitlik baxımından Azərbaycan hazırda regionda nisbətən sabit dövlət hesab olunur. İnkişaf baxımından isə, neft gəlirlərindən asılılığı azaltmaq və insan kapitalına, texnologiyaya əsaslanan daha dayanıqlı iqtisadi modelə keçid edilib.

Azərbaycan son illərdə xarici ticarət siyasətində mühüm dəyişikliklərə imza ataraq, ixrac coğrafiyasını genişləndirmək istiqamətində strateji addımlar atır. Enerji resurslarına əsaslanan ənənəvi ixrac modelindən fərqli olaraq, artıq qeyri-neft məhsullarının ixracı, yeni bazarların fəth edilməsi və regional-iqtisadi inteqrasiyanın dərinləşdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Azərbaycanın ixrac coğrafiyasını necə və hansı vasitələrlə genişləndirdiyini cənab Prezident çıxışında belə qeyd etmişdir: “Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük. Beləliklə, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir”. Əvvəllər Azərbaycan əsasən xam neft, təbii qaz və neft-kimya məhsullarını Avropa İttifaqı ölkələrinə, Türkiyəyə və Gürcüstana ixrac edirdi. Lakin son illərdə hökumət Asiya və Yaxın Şərq bazarlarına da çıxış imkanlarını genişləndirməyə başlayıb. Xüsusilə Çin, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Orta Asiya ölkələri ilə ticarət əlaqələri gücləndirilir. İxracın artması və genişlənməsi üçün logistik imkanlar və rəqəmsal infrastrukturun gücləndirilməsi vacibdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr bu baxımdan böyük əhəmiyyət daşıyır.

Azərbaycan bu gün sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata sahib bir ölkə kimi öz mövqeyini möhkəmləndirmişdir. Siyasi sabitlik, güclü liderlik və strateji resurslardan düzgün istifadə ölkəyə iqtisadi tərəqqi gətirmişdir. Qarşıdakı illərdə əsas çağırışlar iqtisadiyyatın daha da şaxələndirilməsi, insan kapitalına investisiyanın artırılması olacaqdır. Əgər bu sahələrdə uğurlu siyasət həyata keçirilərsə, Azərbaycan regional liderliyini daha da möhkəmləndirə bilər.

Səyavuş Qasımov
Avrasiya Universitetinin rektoru, 
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent