29 Noyabr 2023 14:11
1779
MƏDƏNİYYƏT

Azərbaycan kinosunun inciləri: "Uşaqlığın son gecəsi"ndən keçən 55 il 

“Söhbət sosiskada deyil e, “vnimatelni” olmaqdadır.”
"Uşağım üçün alma saxlamışam aaa, görüm hara qoymuşam, ay Allah”.

"-Fantomass
-Nə? nə???
-Fantomas
-Kül sənin kişi başuvaa
Yəqin ki, bir çoxunuz bu frazaları tanıdı. Hətta gülümsündü də!"


Bəli, söhbət uşağlığımızı, gəncliyimizi ekrana kilidləyən Azərbaycan filmlərindən, konkret olaraq «Uşaqlığın son gecəsi» filmindən gedir. 1968-ci ildə kinorejissor Arif Babayevin çəkdiyi bu bədii film Maqsud İbrahimbəyovun eyniadlı hekayəsinin əsasında çəkilib.
Çəkiliş meydanında filmin araya-ərsəyə gətirilməsindən isə 55 il ötür.Əminəm ki, bu filmə dəfələrlə baxanlar, filmdəki obrazların heç birini unutmayıblar. Xatırlayaq: Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstəylə toqquşur.

Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır. Əhvalat eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir. Murad və Rüstəm obrazlarının xarakterindəki əksliklər süjeti daha da dinamikləşdirir, bəzən komik ziddiyyətli situasiyalar yaradır.


Gəlin  bir də  xatırlayaq


Murad -Azərbaycanın əməkdar artisti, kino aktyoru Ənvər Həsənovun 17 yaşında olarkən "Uşaqlığın son gecəsi" həyatında 3-cü çəkildiyi filmdir. mərhum sənətkar Məmmədsadıq Nuriyevlə səhnələrin birindəki dialoqu hər kəsin dilində zərb məsələ çevrildi: "Söhbət sosiskada deyil, vnimatelni olmaqdadır"... Aktyor müsahibələrinin birində deyir:”Gənc, çılğın oğlan olmuşam (gülür). Mənim çox dələduz, şuluq xasiyyətim var idi. Bir dəfə də çəkiliş meydançasına yaralı gəlmişdim. Mənə görə çəkilişlər bir həftə təxirə salındı”.
Hazırda 73 yaşı var.



Prorab Rüstəm – Azərbaycan SSR əməkdar artisti Siyavuş Şəfiyevin 1963-cü ildə çəkildiyi “Əhməd hardadır” filmində oynadığı Əhməd obrazından sonra ikinci uğurlu obrazı Rüstəmdir. Filmdə onun Elyanı qucaqlayıb öpdüyü səhnə var. Rejissor nə qədər çalışırsa, Siyavuş Şəfiyev utanır və qızı öpməkdən imtina edir, axırda yalnız qucaqlaşma səhnəsi ilə razılaşmalı olurlar. Aktyor utandığından qızı öpmür. Maraqlıdır ki, bu filmdən başqa bir neçə filmə çəkilsədə aktyor Əhməd və Rüstəm obrazlarında tamaşaçı sevgisi qazana bilib. Təəssüf ki, o, 64 yaşında xəstəlikdən vəfat edir.



Rüfət - Azərbaycanın Xalq artisti Tofiq Mirzəyevin kinoda ilk təcrübəsi olan "Uşaqlığın son gecəsi" filmi olub. Bu filmdə canlandırdığı Rüfət obrazı sayəsində tamaşaçı rəğbəti qazanıb və yaddaşlara əbədi həkk olunub.Filmdə istedadını sərgiləməyi bacaran Mirzəyev tamaşaçıların yaddaşında dövlət malını oğurlayan məsul şəxs obrazı kimi qaldı. Onun Rüstəmə qarşı qısqanclığı o vaxt tamaşaçıların da hiddətinə səbəb olmuşdu.


Zaur- aktyor olmayıb və yalnız bir dəfə — "Uşaqlığın son gecəsi" filmində Zaur obrazını yaradıb. O, elmi fəaliyyətlə məşğul olub və bir neçə universitetdə dərs deyib. Ömrünün son illərini ağır maddi durumda və evsiz keçirən Qorxmaz Atakişiyev metronun "Ulduz" stansiyası yaxınlığında yerləşən Elçin İsaqzadə küçəsində kirayə tutduğu otaqda yaşayırmış.
2019-cu ildə o yeriməkdə çətinlik çəkirmiş və son 10 gündə ümumiyyətlə ayaqları tutulub. Q.Atakişiyevin qapısının açılmadığını görən sakinlər xilasetməyə müraciət ediblər və xüsusi üsullarla qapını açmaq mümkün olub. Məlum olub ki, 79 yaşlı kişi uzandığı divandan yıxılıb və yerindəcə keçinib.




 Elya öz nazı, işvəsi ilə yaddaşlarda qalıb, həm sevgimizi, həm nifrətimizi qazanmışdı. bizim mediamız onun haqqında geniş araşdırma da aparmışdı Elya rolunda çəkilən Megi Kejeradze əslində aktrisa deyildi. Sadəcə gözəl görünüşünə görə rejissorların diqqətini çəkmiş müəllim idi. 50-ci illərdən 80-ci illərə qədər filmlərə yeni simalar axtarmaq ənənəsi var idi və rejissorlar xəyallarındakı obraza bənzəyən istənilən adamı filmə çəkə bilirdilər.
Megi buna qədər öz ölkəsində, yəni Gürcüstanda bir filmə çəkilmiş və məşhurlaşmışdı. Rejissor Arif Babayev Megini görüb bəyənmiş, öz filminə dəvət etmişdi. Baxmayaraq ki, Megi ilə işləmək elə də asan olmamışdı. O hətta bir dəfə əsəbiləşib "Elyanı" ağlatmışdı.
Bu filmdən sonra Megi bir neçə dəfə Bakıya qonaq gəlib. Həmin ərəfələrdə Megi birinci ərindən ayrılmalı olmuşdu. O zaman 24 yaşı var idi.


Bir sözlə, filmdə quruluşçu operator Zaur Məhərrəmov, quruluşçu rəssam Elbəy Rzaquliyev, bəstəkar Polad Bülbüloğlu, direktoru Yusif Yusifzadədir. Filmdə David Ştilmanın dirijorluğu ilə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin Orkestri ifa edir. Filmdə “Bitlz” qrupunun məşhur "In My Life", "Michelle" mahnılarından istifadə edilib. Digər rollarda Ətayə Əliyeva, Törəxanım Zeynalova, Ələkbər Seyfi, Xosrov Abdullayev, Məmmədsadıq Nuriyev, İnsaf Məmmədova çəkiliblər.



Film haqqında bilmədikləriniz

 Filmin hazırlıqlarına 1967-ci ildən başlanılır və 1968-ci ildə çəkilişlərə start verilir. Film 6 aya çəkilib. 1969-ci ildə ekranlara çıxmışdır.
 Film aktyor Səməndər Rzayevin kinoda ilk işidir.


 Filmin bəstəkarı, xalq artisti Polad Bülbüloğludur. Final səhnəsindəki "Gəl, ey səhər!" rejissora elə təsir etmişdi ki, bəstəkara "Görərsən, bu mahnı sənin ən məşhur mahnılarından birinə çevriləcək" deyib. Filmdə eyni zamanda The Beatles qrupunun məşhur "In My Life", "Michelle" mahnılarından istifadə edilib.


 Muradla Rüstəmin işə getdiyi kadrlar Böyük Qala küçəsində lentə alınıb və bu zaman filmdə ayaqqabı ustası öz köşkündən çıxaraq Muradı səsləyir. Həmin ayaqqabı ustası Əhməd dayının işlətdiyi köşk, həqiqətən də, pinəçi köşkü idi. Həmin köşk uzun illər İçərişəhərdə fəaliyyətdə olub və ayaqqabı ustası Məmməd kişi həmin köşkdə çalışıb. O, populyar müğənni Elarizin atasıdır.


 Filmin ilk səhnələri İçərişəhərdə Şirvanşahlar sarayının yanındakı məhəllədə aparılıb. Digər ev səhnələri isə Prezident Administrasiyasının arxasındakı məhəllədir.

Davudun dama çıxdığı səhnənin həyət çəkilişi Çəmbərəkənddə, dam səhnəsi isə İçərişəhərdə aparılıb. Tikinti səhnəsi indiki Milli Məclisin binası yerləşən yerdir. Daha sonra ət kombinatında, “Yaşıl teatr”da, bulvarda, şəhərin küçələrində, binaların girişlərində çəkilişlər aparılıb. Yeməkxana səhnəsi kinostudiyanın yeməkxanasında nahar vaxtı çəkilib.

Filmdə məşhur Davud obrazı rejissorun qardaşı Akifin prototipidir. Akif özü də quş saxlayan və baməzə adam olduğu üçün Arif Babayev Davudun timsalında qardaşının surətini filmə gətirib. Məmmədsadıq Nuriyev də Akifi yaxşı tanıdığı üçün obrazı məharətlə yaradıb. Nənə rolunu oynayan Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostumer vəzifəsində çalışırdı. Elya obrazını yaradan Meqi Kejeradze Gürcüstandan dəvət olunmuşdur. Megi Kejeradze 1960-65-ci illərdə Tbilisi Xarici Dillər İnstitutunda təhsil alıb.

 

P.S. Çox təəssüf ki, indi belə tərbiyəvi əhəmiyyətə malik, milli adət- ənənələrimizin yaşamasına, inkişafına xələl gətirməyən filmlər üçün tamaşaçı olaraq  darıxırıq.

Əntiqə Rəşid

 (Məqalədə vikipediyanın materiallarında istifadə olunub)