11 Aprel 2024 10:58
1546
GÜNDƏM

"Mənim xəyallarım vardı, öz dünyam vardı, sevdiyim vardı... " -"3 igidin hekayəsi"ndən 1 il ötür

Düz bir il əvvəl Azərbaycan Ordusunun üç hərbçisi şəhid olub.

 Adalet.az  bildirir ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid oldu.

1.Ermənistan ordusunun təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Vidadi Zalov 4 il Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edib. Vidadi daha sonra Quru Qoşunlarında xidmətinə davam edib. Şəhid Zalov Vidadi Nizami oğlu 17 iyul 1985-ci ildə anadan olub.

O, Abşeron rayonunun Saray qəsəbəsində böyüyüb boya-başa çatıb, atası Nizami Zalov vaxtilə Saray qəsəbəsində sovxoz direktoru işləyib. Sosial şəbəkələrdə yayılan məlumata görə, Vidadi Zalov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub. 2003-2007-ci illərdə Maliyyə fakültəsində təhsil alıb.

2. Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri isə gizir Həsənov Elşaddır. Şəhid hərbçimiz 1994-cü ildə Ağstafa rayonunun Xətai kəndində yaşasa da, əslən Gədəbəy rayonunun Qaravəlilər kəndindəndir. Elşad Həsənov uşaq olarkən ailəsi Ağstafa rayonunun Xətai kəndinə köçüb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, gizir Elşad Həsənov bir neçə ay öncə ailə həyatı qurub. O, Laçında xidmətdə olub.

3. Tağıyev Səbuhi 1998-ci il iyunun 22-də Şahbuz rayonunun Şada kəndində anadan olub, 2004-2015-ci illərdə Badamlı qəsəbəsində orta təhsil alıb. 2013-cü ildə Naxçıvan Şəhər Peşə Məktəbində traktor-maşinist ixtisası üzrə oxuyub, kompüter kursunu bitirdi. 2016-2017-ci illərdə hərbi xidmət keçib, Vətəninə xidmət üçün hərbçi olmağı seçdi.

2019-cu ildə kurs keçdikdən sonra Şadada, sonra Naxçıvanda hərbi hissələrdən birində xidmət etdi. Səbuhi Tağıyev 2021-ci ildə könüllü olaraq getdiyi Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində yerləşən “N” hərbi hissələrdən birində hərbi xidmət edirdi.

Vidadi 2 oğul atası, Elşad yeni evlənmiş, Səbuhi isə subay idi....

 Bu gün onların anım günüdür və bu 3 igidimizin simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Əntiqə Rəşid