Azərbaycan strateji iqtisadi inkişafı ilə regionda liderdir
Məşhur Məmmədov,
Milli Məclisin deputatı
2026-cı ilin əvvəli Azərbaycanın iqtisadi və diplomatik uğurlarının əhəmiyyətli nəticələrini göstərir. Prezident İlham Əliyevin 5 yanvar tarixli müsahibəsində qeyd etdiyi əsas məqamlar ölkəmizin yalnız bölgədə deyil, həm də qlobal iqtisadi və geosiyasi arenada rolunu daha da gücləndirdiyini açıq şəkildə nümayiş etdirir. Bu uğurlar həm xarici siyasət və diplomatiya, həm də daxili iqtisadi inkişaf sahəsində Azərbaycanın dayanıqlı və strateji irəliləyişini təsdiqləyir.
Ölkə rəhbərinin müsahibədə qeyd etdiyi kimi, ABŞ ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinə əlavə imkanlar açır. Xüsusilə 907-ci düzəlişin formal və keçmişdən qalan səbəbləri artıq bugünkü reallıqlarla uyğunlaşmır. Prezident İlham Əliyev qeyd ediyi kimi, hazırda Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınması və hətta neft məhsullarının ixracı göstərir ki, əvvəllər mövcud hesab olunan “blokada” faktiki olaraq aradan qaldırılıb.
Bu düzəlişin aradan qaldırılması yalnız diplomatik qələbə deyil, həm də iqtisadi nəticələr baxımından strateji əhəmiyyətə malikdir. ABŞ-la qarşılıqlı iqtisadi layihələrin inkişafına imkan yaradacaq, iki ölkə arasında sərmayə yatırımlarını və ticarət dövriyyəsini artıracaq. Bu, həmçinin Azərbaycanın investisiya mühitinin beynəlxalq aləmdə daha da cəlbedici olmasına şərait yaradır.
Müsahibəsində Çinlə strateji tərəfdaşlıq və qlobal əməkdaşlıq barədə sualı cavablandıran ölkə rəhbəri qeyd etdi ki, 2025-ci ilin mühüm uğurlarından biri Çinlə Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasıdır. Bu, yalnız diplomatik baxımdan deyil, həm də iqtisadi və texnoloji sahələrdə Azərbaycan üçün yeni imkanlar yaradır. Çinlə əməkdaşlıq çərçivəsində enerji, nəqliyyat və infrastruktur layihələri, eləcə də texnologiya və innovasiya sahələrində əməkdaşlıq daha da genişlənir. Bu tərəfdaşlıq Azərbaycanın qlobal iqtisadi inteqrasiyasını gücləndirir və regionda uzunmüddətli strateji dayanıqlığını təmin edir.
D-8 təşkilatı və Mərkəzi Asiya ilə inteqrasiya da müsahibənin maraqlı sual-cavabı idi.
Azərbaycanın D-8 təşkilatına üzv seçilməsi, eləcə də Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlüyü ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb. D-8 təşkilatı çərçivəsində Azərbaycan artıq media, enerji, ekologiya və nəqliyyat sahələrində mərkəzlərin fəaliyyətinə başlamışdır. Bu təşəbbüslər ölkəmizin regionda fəal və etibarlı tərəfdaş olduğunu nümayiş etdirir.
Mərkəzi Asiya ilə inteqrasiya isə strateji baxımdan ölkəmizə tranzit-logistika imkanları yaradır. 2025-ci ildə Azərbaycan ərazisindən 100 min konteyner yük keçib, bu göstərici gələcəkdə dəfələrlə artırılacaq. Bu, yalnız coğrafi üstünlüklərin iqtisadi resurslara çevrilməsi deyil, həm də Qərb üçün etibarlı tranzit marşrutlarının yaradılması deməkdir. Bu baxımdan Azərbaycan Mərkəzi Asiyanın Qərblə inteqrasiyasını təmin edən yeganə etibarlı ölkə kimi seçilmişdir.
Regional infrastruktur və investisiya proqramlarından danışan Prezident İlham Əliyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur üzrə xüsusi investisiya proqramları yüksək səviyyədə icra olunur. Bu proqramlar iqtisadi inkişafla yanaşı, ərazilərin bərpası, iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsinə yönəlib.
Bakı, Sumqayıt və Xırdalanın su-kanalizasiya sistemlərinin modernləşdirilməsi, duzsuzlaşdırma qurğusunun inşası və yeni su kanallarının tikintisi kənd təsərrüfatı, şəhər infrastrukturu və əhalinin içməli suya çıxış imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu proqramlar, həmçinin, şəhərsalma planlamasında yeni standartlar müəyyən edir və urban problemlərin həllinə yönəlmişdir.
Nəqliyyat sahəsində həyata keçirilən layihələr ölkənin iqtisadi dinamikasını gücləndirir. 10 yeni metro stansiyasının tikintisi, yolların genişləndirilməsi, tunellər və körpülərin inşası Bakının urban infrastrukturunu və regionlararası yükdaşımaları inkişaf etdirir. Bu layihələr həm iqtisadi, həm də sosial effekt verir; həm əhali üçün hərəkət rahatlığını təmin edir, həm də regional ticarət və tranzit imkanlarını artırır.
Energetika və qeyri-neft sektorunun inkişafı
Azərbaycanın iqtisadiyyatında neft və qaz hasilatının stabilləşdirilməsi strateji əhəmiyyətə malikdir. Eyni zamanda, qeyri-neft sektorunda ÜDM-in 11 ay ərzində 3,2 faiz artması iqtisadi diversifikasiyanın uğurla həyata keçirildiyini göstərir. Bu artım təbii və dayanıqlı şəkildə baş verir və enerji resurslarına bağlı deyil.
Ermənistan–Rusiya ticarət dövriyyəsinin artması sanksiyalardan yayınma mexanizmləri kimi qiymətləndirilsə də, Azərbaycan iqtisadiyyatının artımı tamamilə real, şeffaf və dayanıqlı nəticələr əsasında formalaşır. Bu, ölkənin iqtisadi gücünün və rəqabət qabiliyyətinin göstəricisidir.
Ölkə rəhbərinin qeyd etdiyi kimi iqtisadi artım yalnız rəqəmlərlə ölçülmür. Onun əsas göstəricisi insanların gündəlik həyatında, yaşayış səviyyəsində və sosial rifahda görünür. Prezident İlham Əliyev vurğuladı ki, iqtisadiyyatın həcmi 70-80 milyard ABŞ dolları civarındadır və hər faiz artım təxminən 1 milyard dollara bərabərdir. Bu vəsait müdafiə, regional inkişaf, əhalinin rifahı və infrastruktur layihələrinə yönəldilir.
Ötən ili əvvəlki illərlə müqayisə edərkən aydın olur ki, 2025-ci il Azərbaycanın iqtisadi siyasətində strateji dönüş nöqtəsi olub. ABŞ-la münasibətlərin yenilənməsi, Çin və müsəlman ölkələri ilə əməkdaşlığın dərinləşməsi, Mərkəzi Asiya ilə inteqrasiya, regional investisiya və infrastruktur layihələri, enerji və nəqliyyat sahələrində strateji təşəbbüslər ölkənin dayanıqlı inkişafını təmin edir.
Bu addımlar Azərbaycanı Cənubi Qafqazda və beynəlxalq miqyasda etibarlı, strateji tərəfdaş kimi möhkəmləndirir. Strateji layihələrin davamlı icrası, regional infrastrukturun inkişafı və beynəlxalq əməkdaşlıq ölkənin iqtisadi artımını, sosial rifahını və geosiyasi nüfuzunu artırmaqla yanaşı, azad edilmiş ərazilərin bərpası və müdafiə qabiliyyətinə də mühüm töhfə verir.
Azərbaycanın iqtisadi inkişaf modeli göstərir ki, strateji yanaşma, investisiyalar, tranzit-logistika və beynəlxalq əməkdaşlıq dayanıqlı artım və regional liderlik üçün əsas amillərdir. 2026-cı ildə bu siyasətin davam etdirilməsi, yeni layihələrin icrası və qlobal əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın iqtisadi və diplomatik mövqeyini daha da gücləndirəcək.
Digər Xəbərlər
07 Yanvar 2026 17:39
İlham Əliyev bir qrup şəxsi təltif etdi
07 Yanvar 2026 17:28
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM
07 Yanvar 2026 12:23
Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul etdi
07 Yanvar 2026 12:20
Gələn həftə deputatların tətili başa çatır
07 Yanvar 2026 11:46
“Azərbaycan hüquqşünasları bu məsələyə aid mövqelərini ortaya qoymalıdır...”
07 Yanvar 2026 09:44
YAPONİYA TÜRK DÖVLƏTLƏTİ TƏŞKİLATINA ÜZV OLMAQ İSTƏYİR
07 Yanvar 2026 09:44
“Azərbaycan bütün məsələləri milli maraqlara uyğun həll edir”
06 Yanvar 2026 21:02


Bakı -°C

