adalet.az header logo
  • Bakı -°C
03 Sentyabr 2026 11:20
70
SİYASƏT
A- A+

"Azərbaycan üçün atəş səsləri kəsilsə də, minalar susmayıb" - Elçin Əmirbəyov

Budəfəki konfransımız təhlükəsiz yaşayış məntəqələrinin yaradılması və bərpası üçün humanitar minatəmizləmə məsələsinə həsr olunub. Əsas mesaj çox sadədir: Müharibənin fiziki nəticələri insanların həyatını təhdid etməyə, hərəkət imkanlarını məhdudlaşdırmağa, iqtisadi fəaliyyətə mane olmağa, məcburi köçkünlərin geri qayıdışını ləngitməyə və dövlətlərarası münasibətlərin normallaşmasına mane olmağa davam etdiyi müddətdə sülhü tam bərqərar olmuş hesab etmək olmaz.

Məsələ insanların öz evlərinə qayıda bilib-bilməməsindən, icmaların yenidən qurulub-qurula bilməməsindən, uşaqların məktəbə təhlükəsiz gedə bilib-bilməməsindən gedir. Söhbət sülhün insanların bundan sonra, həqiqətən, yaşaya biləcəyi davamlı bir reallığa çevrilib-çevrilməməsindən gedir.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan üçün atəş səsləri kəsilsə də, minalar hələ də susmayıb. Məhz buna görə humanitar minatəmizləmə artıq, sadəcə, humanitar vəzifə deyil. O, sülh quruculuğu vəzifəsinə çevrilib. BMT-nin Sülh Quruculuğu Komissiyası da iki ay əvvəl mina təhlükəsi ilə mübarizəyə dair müzakirələr zamanı minatəmizləmənin sülh quruculuğu, barışıq və bərpa prosesinə imkan yaradan mühüm amil olduğunu qəbul edib:”Məntiq çox aydındır: Təhlükəsizliyi təmin olunmayan torpaq üzərində sülh qurmaq mümkün deyil. Bir ildən bir qədər əvvəl, 2025-ci avqustun 8-də Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi addım atdı. Sülh sazişinin razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən paraflandı, liderlər isə Vaşinqton Birgə Bəyannaməsini imzaladılar. Bu sənəd keçmiş münaqişənin məngənəsindən artıq azad olan gələcəyə dair bir baxış ortaya qoydu”.

Elçin Əmirbəyov vurğulayıb ki, Vaşinqton görüşündən sonra faktiki sülh şəraiti mövcuddur, ölkələr arasında hərbi eskalasiya baş verməyib. Hökumətlər və vətəndaş cəmiyyətləri arasında dialoq davam edib. Ticarət və iqtisadi əlaqələr qurulmağa başlayıb. Bağlantı və nəqliyyat layihələri üzrə işlər irəliləyir:”Cəmiyyətlər tədricən baxışlarını fərqli gələcəyə yönəltməyə başlayır. Bu, həqiqətən də, tarixi fürsətdir. Lakin sülh yalnız siyasi sazişlərlə yaranmır. Sülh yer üzündə özünü göstərməlidir. Azərbaycanda isə sülhün yer üzündə görünən reallığa çevrilməsinin qarşısındakı ən böyük maneələrdən biri məhz yerin altındadır".