14 Iyun 2024 09:00
1678
LAYİHƏ

Azərbaycana böyük maraq

Dünyada zəngin və keçmiş tarixə malik olan dövlətlər və xalqlar çoxdur. Hər bir dövlətin öz qanunları, öz adət-ənənələri və öz əxlaqi dəyərləri var. Təbii ki, dünyada gedən siyasi və iqtisadi proseslər bu və ya digər dərəcədə hər bir xalqın dəyərlərini və mədəni irsini zaman-zaman üzə çıxarır. Heç şübhəsiz, zəngin və keçmiş tarixə malik olan dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan həmişə dünyanın diqqətini özünə cəlb edən ölkələrdən biri olub. Başqa cürə demiş olsaq, dünyanın gözü elə çox vaxt bu ölkəyə dikilib. Ən azından ona görə ki, Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətləri var və bu sərvətlərə görə də, hətta dünyanı idarə edən böyük güclər belə Azrəbaycana həmişə maraq göstərib. Heç şübhəsiz, bu maraq da ötəri olmayıb. Tarixin müxtəlif dövrlərində yadellilər Azərbaycana hücum edərək onun ərazisini zəbt etmək, varını-dövlətini əlindən almaq istəyiblər. Əlbəttə, elə bir siyasi durumda ölkəni qorumaq, müdafiə etmək və onun haqqını dünyaya çatdırmaq elə də asan iş olmayıb. Heç kim deyə bilməz ki, Azərbaycan bugünkü siyasi-iqtisadi və sosial inkişafa birdən-birə nail olub. 

Onu da qeyd edək ki, ölkəmiz müstəqillik dövrünə qədəm qoyduqdan sonra öz inkişafının və tərəqqisinin yolunu çətinliklə də olsa tapmağı bacarıb. Çünki ölkəmizin böyük bir ərazisi nə az, nə çox düz otuz il erməni işğalı altında olub və iyirmi faiz torpağımız onların nəzarətinə keçib. Bir tərəfdən müstəqillik əldə edən Azərbaycan, digər tərəfdən də işğal altında olan torpaqlarını azad etmək haqqında düşünüb. Bütün bunlara isə nail olmaq elə də asan məsələ deyildi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, Azərbaycanda mövcud problemlər, xüsusən də Qarabağ məsələsi, iqtisadi çətinliklər gündəmə gətirilib və həmin çətinliklərdən çıxış yolu tapmaq üçün prezident Heydər Əliyev çox böyük yükün altına çiyin verib. Eyni zamanda böyük dövlətlər, xüsusən də ermənilərə havadarlıq edən Rusiya, Fransa və eləcə də digər avropa dövlətləri çalışıblar ki, Qarabağ problemini dondursunlar, ölkənin çətinlikliləri öz həllini tapmasın. Bunların hamısını Heydər Əliyev çox yaxşı bilirdi. Ona görə də, böyük siyasətçi Azəbaycanın haqq səsini dünyaya çatdırdı. O, dəfələrlə BMT-nin iclaslarında, konfranslarında və digər mötəbər görüşlərdə bu fikirləri xüsusi ilə qabartmış, dünya siyasətçilərinin diqqətinə çatdırmışdır. O bildirmişdir ki, BMT-nin Ermənistanın işğalı ilə bağlı dörd qətnaməsi uzun illər keçsə də icra edilməyib. 
Təbii ki, bütün məsələləri paralel həll etmək və Azərbaycanı quyunun dibindən çıxarmaq çox müşgül bir məsələ idi. Üstəlik də, Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan iqtisadiyyatı bərbad vəziyyətə düşmüşdü, dövlətin büdcəsində qəpik-quruş qalmışdı və bu qəpik-quruşla heç bir iş görmək mümkün deyildi. Yəni, həmin pul ilə nə ölkə iqtisadiyyatını yenidən qurmaq mümkün idi, nə də hərbi sahədə irəliləyəşə nail olmaq üçün çıxış yeri yox idi. Ona görə də, Ulu Öndər çox ağıllı, çox müdrik bir yol tapdı və “Əsrin Müqaviləsini” gerçəkləşdirməyi bacardı. Bu müqavilə ilə Azərbaycanda mövcud olan neft yataqları İngiltərənin məşhur “BP” şirkəti ilə birgə işlənməli, yeni texnologiyalar hesabına yataqlar tapılmalı və neft quyuları qazılmalı idi. Bunun üçün isə milyardlarla vəsait lazım idi. Həm neftin istehsalından, həm də qazın və digər faydalı məhsulların əldə edilməsindən Azərbaycan böyük gəlirlər əldə edə bilərdi. Bu müqavilədən bir neçə il keçəndən sonra artıq Azərbaycanın dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil oldu. Eyni zamanda digər ölkələrin və şirkətlərin Azərbaycana marağı bir daha artdı. Onlar gördülər ki, Azərbaycanda sabitlik yaranır, investisiya qoyduqları neft-qaz və digər faydalı qazıntılar sahəsində maya dəyərlərini çıxarmaqla yanaşı, gəlir əldə ediblər. İstər-istəməz digər şirkətlər də bu işdə iştirak etməyə başladılar.

Ölkəmizə İngiltərə, İtaliya, Fransa, Rusiya, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və digər Avropa ölkələrinin şirkətləri tərəddüd etmədən sərmayə qoymağa başladılar. Özü də bu sərmayə onu deməyə əsas verirdi ki, Azərbaycana yatırılan hər manatın əvəzinə xarici şirkətlər çoxlu vəsait əldə edəcəklər. Əlbəttə, bütün Beynəlxalq iqtisadi əlaqələrin yenidən qurulması Azərbaycanı dünya iqtisadiyyatına inteqrasiya edilməsində önəmli rol oynadı. Yəni, Azərbaycan Heydər Əliyevin hakimiyyəti dövründə iqtisadi, siyasi və sosial sahədə çox böyük uğurlara imza atdı. Hər bir dövlət və hər bir şirkət o işə maraq göstərir ki, onlar xarici ölkədə qoyduqları investisiyanı nəzərdə tutulduğu zaman kəsiyində geri qaytara bilsinlər və üstəlik də qazanc əldə etsinlər. Heç bir xarici dövlət Azərbaycanın qara qaşına və qara gözünə aşiq deyildi. Onlar Azərbaycanda mövcud olan saysız-hesabsız neft və qaz yataqlarını, eləcə də digər faydalı qazıntılara aşiq idilər. Onu da qeyd edək ki, xarici şirkətlərin Azərbaycanda uğur əldə etməsi, başqa sözlə demiş olsaq, böyük qazanc qazanması digər şirkətləri və dövlətləri də ölkəmizə gəlməyə ruhlandırdı, çünki ölkəmizdə fəaliyyət göstərən şirkətlərin işi və metodu, qazancları göz qabağında idi. Onların qazancını görən xarici ölkələrin neçə-neçə şirkətləri özləri Azərbaycanda iqtisadi əlaqə qurmağa və sərmayə qoymağa maraqlı idi. Bu maraqlar müəyyən zaman kəsiyindən sonra özünü doğruldur, yeni bir mərhələ alır və eyni zamanda həmin ölkələrə böyük qazanc gətirirdi. 

Bir fikri də xüsusi vurğulayaq ki, təkcə Azərbaycana maraq onun neftinə, qazına deyil, digər sektorlara da marağı artırırdı. Yəni, qeyri-neft sektorunda investisiya qoymaq itəyən ölkələr vardı. Bura qardaş Türkiyə, İran, Rusiya və bir çox Avropa dövlətləri daxildir. Xüsusən də ölkəmizdə turizmin inkişafına, bununla yanaşı, ağır və yüngül sənayenin tərəqqisinə böyük dövlətlər maraq göstərirdilər. Sumqayıtda və Bakıda bir çox xarici şirkətlərin iştirakı ilə fabrik, zavod və çoxlu sayda müəssisələr işə düşdü və həmin müəssisələrdə bu gün dünya bazarına ixrac olunan müxtəlif sənaye məhsulları istehsal olunur. Onunla yanaşı, hərbi-sənaye kompleksinin inkişaf etməsi Azərbaycanda silah istehsalının həyata keçirilməsinə də münbit şərait yaratdı. İndi demək olar ki, Azərbaycan özü xarici ölkələrə istehsal etdiyi silahları göndərir. 

Bu gün Azərbaycanda “Yaşıl enerji” adlandırılan böyük bir ehtiyat mənbəyi var və dünya iqtisadiyyatında bu məsələlər önə çəkilib. Bu yaxınlarda Bakıda otuz dövlətdən üç yüzə yaxın şirkətin iştirakı ilə, Beynəlxalq Konfrans keçirildi və həmin konfransda çox böyük layihələrin gerçəkləşdirilməsi ilə bağlı fikirlər səsləndirildi. Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanın və digər müsəlman dövlətlərin bu sahədəki iqtisadi layihələri ölkəmizin maraqlarına uyğundur, yaxın zaman kəsiyində həmin layihələr öz real əksini tapacaq. 

Prezident İlham Əliyevin iyirmi illik hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatı daha da surətlə inkişaf edərək dünya iqtisadiyyatına bir qədər də böyük tövhələr verib. Üstəlik də, bu böyük layihələrin həyata keçirilməsi xarici ölkələrin və onların şirkətlərinin Azərbaycana olan marağını artırıb. Dünya iqtisadiyyatında hegemonluq edən Çin kimi bir ölkə, artıq Azərbaycanla çox böyük iqtisadi əlaqələr qurur və onların neçə-neçə şirkəti ölkəmizə sərmayə yatırıb. Bunlar hamısı Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və yerini daha da gücləndirib, hörmətini bir qədər də artırıb. COB-29 –un Azərbaycanda keçirilməsi onu deməyə əsas verir ki, dünyanın inkişaf etmiş ölkələrindən tutmuş, Birləşmiş Millətlər Təşkilatına qədər hamısı ölkəmizin siyasi, iqtisadi və sosial inkişafına diqqət göstərir və onu dəstəkləyir. 
 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.