adalet.az header logo
  • Bakı -°C
23 Yanvar 2026 12:38
74
İQTİSADİYYAT
A- A+

Azərbaycanda “Palatalar haqqında” Qanun qəbul edilə bilər

"Cənab Prezidentin müəyyənləşdirdiyi yeni dövrün yeni hədəflərində ən prioritet istiqamətlərdən biri də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsidir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, iqtisadi diversifikasiya sahibkarların daha yaxın dəstəklənməsini aktuallaşdırmaqla yanaşı, biznes ilə hökumət arasındakı dialoqun daha da dərinləşməsini vacib edir:

"İnkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə iqtisadiyyatın fərqli sahələri üzrə fəaliyyət göstərən palatlar biznesin inkişafına xüsusi təkan verir. Əksər dövlətlərdə biznes subyekti fəaliyyət göstərdiyi sektor üzrə yaradılmış palatının üzvü olmadığı halda hətta vergi qeydiyyatına belə alına bilmir. Palataların formalaşması və inkişafı prosesi artıq qardaş Qazaxıstan və Özbəkistanda da sürətlənib.

Sənaye və ya ticarət palataları biznes ilə hökumət arasında körpü rolunu oynayır və iqtisadi islahatların daha da dərinləşməsinə töhvə verir. Azərbaycanda fəaliyyət göstərən palataların əksəriyyəti ictimai təşkilatlar kimi fəaliyyət göstərirlər. Bu isə onların fəaliyyət istiqamətlərinə və dialoq imkanlarına təsirsiz ötüşmür. Halbuki, əksər inkişaf etmiş dövlətlərdə bu qurumların fəaliyyəti ictimai təşkilatlar haqqında qanunlar ilə deyil, xüsusi qanun ilə tənzimlənir.

Bu baxımdan, Azərbaycanda da “Palatalar haqqında” Qanun layihəsinin hazırlanması və qəbulu məqsədəuyğun olardı. Bu biznes subyektlərinin fəaliyyətlərin koordinasiya edilməsinə və real sektorun daha yaxından dəstəklənməsinə imkan verə bilər. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, palataların fəaliyyətinin xüsusi qanunla tənzimlənməsi onların biznesə dəstək imkanlarını artırır".