adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Sentyabr 2022 11:44
336
SİYASƏT

Azərbaycanı Zəfərə aparan gün

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova

       Artıq Vətən Müharibəsindən iki il ötür. 44 gün davam edən bu Zəfər yürüşündə Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan ordusu böyük bir sınaqdan şərəflə, ləyaqətlə çıxdı. Biz illərlə gözlədiyimiz, arzuladığımız Qələbəyə nail olmaqla, həm də  “məğlub xalq” sindromunu dağıtdıq. Və bu sevinci, fəxarəti bizə yaşadan şəhidlərimizi hörmətlə yad edir, qaziləriməzə Allahdan şəfa diləyirəm.

Erməni millətçilərinin Azərbaycan və azərbaycanlılara qarşı  200 ildən çox davam edən etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız dəfələrlə tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Onların təkcə XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə  isə torpaqlarımızın 20 faizi işğal edilmişdir. Bütövlükdə isə 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Qaradağlı, Ağdaban və Baqanis-Ayrım, Ballıqaya kəndlərində və digər yaşayış məskənlərimizdə  törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı soyqırımı isə xüsusi qəddarlığı ilə seçilir.

    Vaxtı ilə ermənilərin törətdiyi cinayətlər, vandalizm aktları ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti  tərəfindən müəyyən işlər görülsə də,  mövcud tarixi şəraitə görə baş verənlərin sona qədər  araşdırılmasının  və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Dövlətimiz yenidən müstəqilliyini bərpa edəndən və xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra   azərbaycanlılara qarşı törədilmiş soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il martın 26-da  “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanmış 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan  olunmuşdur.

Bu müddət ərzində dəfələrlə işğala, terrora məruz qalmasına baxmayaraq, Azərbaycan hər zaman məsələnin dinc yolla həll edilməsinə çalışırdı. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə nail olmaq istəyirdi. Lakin ATƏT-in 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illərlə aparılan danışıqlar nəticəsiz qalması, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin 27 il kağız üzərində qalması və icra olunmaması Azərbycan xalqında haqlı olaraq narazılığa səbəb olurdu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə deyirdi ki, “ Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu”. Biz  Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq və bir gün öz doğma torpaqlarımıza qayıtmaq üçün həm Ulu Öndər Heydər Əliyev, həm də ölkə başçısı İlham Əliyev böyük siyasi iradə, qətiyyət göstərdi.  İlk növbədə ölkəni digər təhlükələrdən qorumaq lazım idi, çökmüş iqtisadiyyatı yenidən bərpa etmək, nizamlı ordu yaratmaq, ölkənin siyasi imicini gücləndirmək, Azərbaycanın işğala məruz qalması ilə bağlı təbliğat aparmaq, hüquqi imkanları artırmaq lazım idi.  1993-cü ildən Ümummilli Lider Heydər Əliyev tərəfindən  başlanan iqtisadi, siyasi, hərbi sahədə mühüm islahatlar, Prezident İlham Əliyev tərəfindən daha da gücləndirildi.  Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr bu müqəddəs missiyanı həyata keçirilməsində özünəməxsus rol oynamışdır.  Beləliklə, Azərbaycan bir dövlət olaraq bütün gücləri səfərbər edərək  öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

 

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.  Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Azərbaycan Ordusunun bir- birinin  ardınca qazandığı qələbələrə tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və yararsız hala düşmüşdür. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.  Yenə də dünya ictimaiyyəti Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərini pozmasına, törətdiyi cinayət əməllərinə səssiz qaldı, heç bir reaksiya vermədi. Lakin bütün bunlar xalqımızın əzmini, ruhunu qırmadı, əksinə daha da cəsur, mərd etdi. Bu terror aktlar xalqımızı sarsıtsa da, bizi yolumuzdan çəkindirmədi.  

44 gün qısa bir zaman olsa da, Azərbaycan öz şanlı tarixini yazdı. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günlük müharibə zamanında Azərbaycan uğurlu əməliyyat keçirərək 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni işğalçılarından azad etdi.

Artıq Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaqdır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam  imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Dövlətin ən mühüm  prioriteti qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsidır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 75 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Hər zaman qazilərin, şəhid ailələrinin  yanında olan Ali Baş Komandan İlham Əliyev və  Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva  yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həllini daim diqqətdə saxlayır.

Bu gün Çənubi Qafqazda yeni reallıq yaradan Azərbaycan regionun lider dövlətidir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir.

    Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı əbədi, əzəli torpaqlarına həmişəlik olaraq geri qayıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevində dediyi kimi Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara düşməsin. Artıq onun qarşısında bir qarış torpağını belə düşmən tapdağında qoymayan  Güclü rəhbəri, güclü ordusu, dəmir yumruq kimi xalqı var!