18 Aprel 2025 15:25
268
SİYASƏT

Azərbaycanla Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir

“Xarici siyasətimizin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir.  Bu baxımdan qonşularla əlaqələrin inkişafına xüsusi önəm verilir. Bunu Azərbaycan-Gürcüstan münasibətlərində aydın görmək mümkündür. Bu ilin əvvəlində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin, bu günlərdə isə Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə səfərləri münasibətlərimizin hazırkı inkişaf səviyyəsinin aydın mənzərəsini təqdim edir. Bu səfərlərin özəlləyi ondan ibarət oldu ki, İrakli Kobaxidze ölkəsində keçirilən parlament seçkilərindən, həmçinin Mixeil Kavaleşvili prezident seçildikdən sonra ilk səfərlərini Azərbaycana etdilər. Bu, Azərbaycan-Gürcüstan münasibətlərinin mahiyyətinin, xalqlarımızın dostluğunun, qardaşlığının nümayişi oldu.   Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir. Prezidentlərin mətbuata birgə bəyanatında dövlət başçısı İlham Əliyev bir daha vurğuladı ki, əsrlər boyu  xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər  yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir”.

Bu fikirləri Adalet.az-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. Ölkələrimizi  birləşdirən bir çox sərmayə layihələri böyük coğrafiya üçün önəmlidir: “Belə ki, regional inkişafa davamlı töhfələri ilə diqqətdə olan  Azərbaycan və Gürcüstan dövlətlərinin qətiyyəti, siyasi iradəsi əsasında reallığa çevrilən, çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri sonrakı illərdə əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə stimul oldu.  Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan, nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat,  enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”.

Malik Həsənov onu da əlavə edib ki, hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün  Cənubi Qafqazda Orta Dəhliz layihəsindən bəhs olunursa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır. Orta Dəhlizin vacib seqmenti hesab olunan, əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzirum neft-qaz kəmərlərindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu dünyanın 100 möhtəşəm layihəsi sırasına daxil edilib.

Deputat bildirib ki, dövlət başçısı İlham Əliyev bütün çıxışlarında, səfərlər çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatlarında diqqəti Azərbaycan həqiqətlərinə, 30 illik işğal dövrünün reallıqlarına yönəldir: “Gürcüstan Prezidenti ilə birgə mətbuata bəyanatında da bu məsələ xüsusi diqqətdə oldu. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə,  təhlükəsizliyə öz töhfəsini verir.  Prezident İlham Əliyevin  vurğuladığı  kimi, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm də  Azərbaycan öz töhfəsini verir. Uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”.

Malik Həsənov Gürcüstan-Azərbaycan münasibətlərinin dünəninə və bu gününə baxış əsasında belə bir əminliyi də ifadə edib ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək: “Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir. Gürcüstan Prezidenti  Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirdi  ki, dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşür və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir. Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar”.