29 Oktyabr 2025 12:41
71
SİYASƏT

Milli Məclisdə beynəlxalq parlament konfransı keçirildi - YENİLƏNİB

Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçirilib.

Adalet.az xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əzmlə həyata keçirdiyi tarixi missiya müasir dövlətin əsaslarını yaratmağa imkan verib.

Spiker qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya hakimiyyət bölgüsü prinsiplərini müəyyən edib, insan hüquqları və azadlıqları üçün təminatlar yaradıb: “Konstitusiyamız həm də gələcəyə inam və quruculuq dövrünün simvoludur”.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaş qeyd edib ki, Azərbaycanın təcrübəsi Konstitusiyanın sadəcə, hüquqi mətn olmadığını, dünyaya dövlət ruhunu əks etdirən bir pəncərə olduğunu göstərdi: “Azərbaycanda baş verən inkişaf ötəri deyil, bu, dövlət və vətəndaş arasında əsl tərəfdaşlığın mövcudluğunu göstərir”.

Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda Azərbaycan Konstitusiyasının dövlətin beynəlxalq nüfuzunu möhkəmləndirdiyini və daxili sabitliyin möhkəm əsaslarını yaratdığını söyləyib: “Artan beynəlxalq qeyri-sabitlik şəraitində sabitliyi qorumaq və milli maraqları müdafiə etmək yalnız konstitusion dəyərlərə sadiqlik sayəsində mümkündür”.

Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean bildirib ki, Azərbaycan Konstitusiyası siyasi sistemin güclü təməlini qoyub, ərazi bütövlüyü, suverenlik, insan hüquqlarına hörmət prinsiplərini təsdiqləyib: “Azərbaycan ötən dövrdə dinamik inkişafı ilə yanaşı təkamül edib. Bu gün Azərbaycan Konstitusiyasının 30-cu ildönümünə həsr olunmuş konfransda iştirakım ölkələrimizin parlamentləri arasında səmimi dostluğun göstəricisidir”.

Konstitusiyanın önəmini qeyd edən Belarus Milli Assambleya Respublika Şurasının sədr müavini Vladislav Tatarinoviç Azərbaycanın qətiyyətlə müstəqil siyasət həyata keçirdiyini, beynəlxalq arenada nüfuzunun artdığını da vurğulayıb: “Belarus və Azərbaycan arasında əməkdaşlıq getdikcə daha da inkişaf edəcək”.

Serbiya Milli Assambleyanın sədr müavini Covan Canciç Azərbaycanın öz Konstitusiyası sayəsində beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrildiyini söyləyib: “Bu gün Azərbaycan dünya üçün sürətlə inkişaf edən ölkə nümunəsidir”.


Gürcüstan Parlamentin sədr müavini Nino Tsilosani Azərbaycan və Gürcüstan konstitusiyalarının qəbulu ilə müstəqilliklərinin dönməz olduğunu, başqalarının üzərlərində hökmranlığının geri qayıtmasının mümkün olmayacağını ortaya qoyub.

Türkiyə Böyük Millət Məclisinin Bürosunun üzvü Hasan Turan isə çıxışında Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın Cənubi Qafqazda sülhün öncüsünə çevrildiyini söyləyib, Azərbaycan-Türkiyə strateji münasibətlərinin daha da inkişaf edəcəyini vurğulayıb.


Kamboca Milli Assambleyasının ikinci vitse-prezidenti Sauth Vong deyib ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edib, sülh təşəbbüskarı kimi çıxış edib və ölkənin inkişafı üçün lazımi addımlar atıb: "Konstitusiya sadəcə ali qanun deyil, o bir xalqın ərazi bütövlüyündən tutmuş insan ləyaqətinə qədər hər şeyi özündə əks etdirir”.

Konstitusiyanın əhəmiyyətindən danışan Özbəkistan Ali Məclis Senatının Məhkəmə-Hüquq məsələləri və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Əbdulhakim Eşmuratov Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafından da bəhs edib.

Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Konstitusiya hər bir millətin varlığını, iradəsini və müstəqilliyini əbədiləşdirən ali sənəd olduğunu söyləyib: “Bu gün biz Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyini böyük şərəf və qürurla qeyd edirik. Bu böyük tarixi addımın memarı da Azərbaycanın Ümummilli lideri Heydər Əliyev olub. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ədalət, inkişaf, təhlükəsizlik və milli birlik prinsipləri ilə daha da güclənib. Bu gün biz Qarabağ qələbəsi ilə taclanan bir dövrdəyik. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi və 23 saatlıq anti-terror əməliyyatı ilə yalnız öz torpaqlarını azad etməyib, həm də konstitusion quruluşunu, suverenliyini bərpa edib”.


Rusiya Federal Məclis Federasiya Şurasının üzvü Natalya Kuvşinova qeyd edib ki, bu gün Azərbaycan Konstitusiyası ölkənin etibarlı hüquqi təminatıdır: “Azərbaycanın Konstitusiyası ölkələrimiz arasında inteqrasiya səylərinin əsasını təşkil edir”.

Qlobal Tolerantlıq və Sülh Şurası Prezidenti Əhməd Əlcarvan Şuranın Azərbaycanı dinc yaşamaq dəyərlərinə görə yüksək şəkildə qiymətləndirdiyini vurğulayıb: “Konstitusiya ədalətin, tolerantlığın bələdçi işığı rolunu oynayır. Qlobal Tolerantlıq və Sülh Şurası Azərbaycanı dinc yaşamaq dəyərlərinə görə yüksək şəkildə qiymətləndirir. Azərbaycan Milli Məclisi ilə tərəfdaşlığımız böyük qürur mənbəyidir. Biz parlamentlər və millətlər arasında sülh ənənəsini yaymaq üçün çalışırıq. Bu əlamətdar hadisədə biz Milli Məclis və bütün sülhsevər Azərbaycan təsisatları ilə əməkdaşlığın dərinləşməsinə və güclənməsinə doğru addımlar atacağımızı bildiririk. Qoy Azərbaycan onun müdrik rəhbərliyi altında uğur qazanmağa davam etsin”.

 

***

Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı başlayıb.

Adalet.az xəbər verir ki, konfrans “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunub.

    Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar.

    Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edir.