Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Cari ilin yanvar-may aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 118,479 milyon ABŞ dolları təşkil edib.
Adalet.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 84,553 milyon ABŞ dolları və ya 41,6% azalıb. Ötən ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 203,032 milyon ABŞ dollar idi.
Hesabat dövründə Azərbaycandan Türkmənistana ixracın dəyəri 19,224 milyon ABŞ dolları olub. Bu, illik müqayisədə 12,789 milyon ABŞ dolları, yaxud da 40% azdır. 2024-cü ilin müvafiq dövründə bu məbləğ 32,013 milyon ABŞ dollarına bərabər idi.
Bu ilin yanvar-may aylarında bu ölkədən idxalın həcmi isə 99,256 milyon ABŞ dolları təşkil edib ki, bu da, illik müqayisədə 71,763 milyon ABŞ dolları və ya 42% azdır. Belə ki, ötən ilin yanvar-may aylarında Türkmənistandan Azərbaycana idxalın dəyəri 171,019 milyon ABŞ dolları olmuşdu.
Qeyd edək ki, bu ilin hesabat dövründə Türkmənistana ixrac əməliyyatı ümumi ixracın 0,17%-ni, idxal isə ümumi idxalın 1%-ni təşkil edib.
Məlumat üçün bildirək ki, bəhs olunan dövrdə Azərbaycan xarici ölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,527 milyard ABŞ dolları və ya 13,7% çoxdur. Xarici ticarət dövriyyəsinin 11 milyard ABŞ dolları ixracın, 9,965 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2% azalıb, idxal isə 36,5% artıb. Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7 dəfə azdır.