adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2025 11:26
61
GÜNDƏM
A- A+

"Azərbaycanlı ailələr həmin universitetlər üçün sponsora çevrilirlər" - Vitse-spiker

“Əgər məktəbə öz işini yaxşı bilən şəxs direktor təyin edilərsə, o zaman bu sahədə narahatlıqlar indiki səviyyədə olmayacaq. Təhsilin sağlamlaşdırılmasından ötrü Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanları ədalətli üsul kimi əhəmiyyətli olsa da, regional təhsil idarələri, şöbələri, məktəb direktorları dərslərin keyfiyyətini yaxşılaşdırmaqdan ötrü səylə çalışmalıdırlar".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə "2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı vitse-spiker Musa Qasımlı deyib. O bildirib ki, gələn il dövlət sifarişi və dövlət hesabına təhsil alanların sayının  5 min 210 nəfərdən artaraq 1150 min 102 nəfərə, təqaüd alanların sayının  7 min 520 nəfərdən artaraq 121 min  280 nəfərə çatdırılması dövlət qayğısının göstəricisidir:

"Bundan başqa, yaranmış şərait universitetlərimizin xarici ölkələr üçün mütəxəssis hazırlaması, ölkəmizə gələn turistlərin sayının artırılması üçün yeni imkanlar açır. Bu, böyük siyasi əhəmiyyəti ilə yanaşı ölkəmizə həm də əlavə vəsait gətirər. Bilirsiniz ki, hər il ölkəmizdə “Xaricdə təhsil” sərgiləri keçirilir. Azərbaycanlı gənclər attestatla müxtəlif universitetlərdə təhsil almağa gedir, ölkəmizdə qazanılan vəsait xaricə axır, azərbaycanlı ailələr həmin universitetlər üçün belə demək mümkünsə, sponsora çevrilirlər. Verilən bəzi diplomların tanınmaması da sonradan problemlər yaradır. Azərbaycanda ali təhsil almağı təbliğ və təşviq etməkdən ötrü səfirliklərimizdəki təhsil və mədəniyyət müşavirlərinin fəaliyyətini daha da genişləndirməsinin zəruriliyi şübhə doğurmamalıdır".