adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 May 2022 09:00
2700
MƏDƏNİYYƏT

Azərbaycanlı qızı, qaraçı rəqqasın xanımı: Kinomuzun   Səmayəsi, Fatması, Alagözü

Azərbaycan SSR-in əməkdar artisti Tamilla Ağamirova ömrünün 94-cü ilində vəfat edib.

Azərbaycan tamaşaçısı onu  “Onun böyük ürəyi” filmindəki Səmayə rolu ilə tanıyıb sevmişdi.

Adalet.az xəbər verir ki, Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakı şəhərində anadan olub. Onun atasi Sucay Ağamirov bəy nəslindən idi və hər üç övladının (2 qız, 1 oğlan) hərtərəfli təhsil almasına çalışırdı. Lakin 1937-ci ildə başlayan repressiyalar Ağamirovlar ailəsindən də yan keçmədi. Sucay Ağamirov və xanımı “xalq düşməni” kimi sürgün edildilər. Xoşbəxtlikdən gələcək aktrisanın bibisi Suqra xanım Tamillanı və onun bacı ilə qardaşını öz himayəsinə götürüb. Maraqlıdır ki, Suqra xanım dövrünün ən mükəmməl təhsil almış qadınlarından biri idi və qadınlara xas olmayan “mühəndis-neftçi” ixtisası üzrə Bakı buruqlarında çalışırdı. 

 


Böyük Vətən Müharibəsinin davam etdiyi 4 il ərzində Bakıda ciddi maddi sıxıntılar içində yaşayan Tamilla Ağamirova müharibədən sonra aktrisa karyerası qurmaq və ümumittifaq məşhurluğu qazanmağın xəyalları ilə yaşayırdı. Bibisi qardaşı qızının bu istəyinə hərtərəfli dəstək oldu. Həm zahiri gözəlliyi, həm də daxili istedadı ilə Moskvanı fəth etmək barədə düşünən 18 yaşlı Tamilla bu yolda ilk addım olaraq Bakı Teatr Məktəbinə daxil olur. Burada təhsilini başa vurduqdan sonra 1951-ci ilin əvvəllərində çoxdan görməyi arzuladığı Moskvaya gedir. Və elə ilk imtahandaca münsifləri valeh edərək birbaşa SSRİ Teatr İncəsənəti İnstitutunun 3-cü kursuna daxil olur. 2 il sonra təhsilini yekunlaşdırır və bu dəfə MXAT məktəb-studiyasına daxil olur. SSRİ-nin aparıcı incəsənət ocaqlarında aldığı aktrisa təhsili Tamilla Ağamirovaya teatr qastrollarına getməyə imkan verir.

 

Amma teatr kareyrası ilə yanaşı, Tamilla Ağamirova kino təklifləri də almağa başlayır. Onun ilk filmi 1957-ci ildə rejissor Qriqori Kozintsevin Miqel de Servantesin “Don Kixot” romanı əsasında ekranlaşdırdığı eyni adlı film olur. Tanınmış aktyorlar Nikolay Çerkasov, Yuri Tolubeyev və Serafima Birmanın yer aldığı filmdə Tamilla Ağamirova cazibədar qrafinya İltisidora obrazını yaradır. Film sovet tamaşaçıları tərəfindən böyük maraqla qarşılanır. Onlar ilk növbədə Tamilla Ağamirovanın aktyor oyunu və gözəlliyindən heyrətlənmişdilər. 29 yaşında böyük ekranda debut edən azərbaycanlı xanım kino karyerasını ikinci planda saxlayır və daha çox teatr tamaşalarında iştirak edirdi.

 


Təsadüfi deyil ki, uzun karyerası boyu Ağamirova cəmi 12 filmdə çəkilib. “Onun böyük ürəyi” (1958) psixoloji-məişət dramındakı rolu daha uğurlu alınır.
Daha sonrakı karyerasında Tamilla Ağamirova "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını yaratmaqla adını Azərbaycan kinematoqrafiya tarixinə yazır.

 


Tamilla Ağamirovanın şəxsi həyatına gəlincə, o karyerasını “Romen” qaraçı teatrı ilə bağladığı kimi, həyat yolunu da qaraçı oğlanla – SSRİ Xalq artisti (1981), tanınmış kinorejissor, aktyor, müğənni və rəqqas Nikolay Sliçenko ilə bölüşür. Onlar uzun illər birgə çalışdıqları “Romen” teatrında tanış olublar.1960-cı ildə 26 yaşlı Nikolay Sliçenko ilə 32 yaşlı Tamilla Ağamirova nikaha daxil olurlar. Onların bu evlilikdən 2 oğul bir qız övladı olur.
Xatırladaq ki, 2021-ci il iyulun 2-də onun həyat yoldaşı, SSRİ Xalq artisti, “Romen” teatrının bədii rəhbəri Nikolay Sliçenko vəfat edib.


 Allah hər iki sənətkara rəhmət eləsin!


 Əntiqə Rəşid

Yazarın arxivindən