“Babam sonuncu dəfə dəmlədiyi qəhvəni içə bilmədi...”- Turan xanım
Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında xatirə yazılarına start verib.
Turan xanımın müsahibəsinin davamını təqdim edirik:
- Muzeydə çınqıl daşlar var...
- Mənim oynadığım daşlardı. Bağ Bağ mövsümündə dənizin sahilindən yığmışdım.
- Bağ eviniz qonaq-qaralıydı?
- O zaman Bakı bağları çox səliqəliydi, bağların sahibi vardı. Hamı kimi yazıçılar da bağlarda ev kirələyirdilər. Əhməd Cavad, Müşfiq, Seyid Hüseyn, Abdulla Şaiq tez-tez bizim bağda yığışırdılar. Sonuncu bağ qonşumuz Mirmehdi Seyidzadə olub. Bilik dairəsi geniş bir adamdı Mirmehdi. Türk və fars musiqisi yazılmış plastinkalar vardı Seyidzadə. Bir yerdə dinləyirdilər.
- Bəs burda şəhər evinizdə vəziyyət necədi? Boş vaxtlarında nə edirdi?
- Bəzən ikimiz, çox vaxt isə dördümüz bir yerdə bulvara gedirdik. Cavidi görər-görməz xeyli adam toplaşırdı başına. Bu adamlar əsasən aktyorlar olurdu. O illərin aktyorları indikilər kimi deyildi, bir-birilərinin tamaşalarına mütləq baxırdılar. İndi tamamilə bunun əksidi... Hərdənbir Nizami muzeyinin yerləşdiyi binanın aşağı mərtəbəsindəki kafelərdə də istirahət edirdik. Bu kafelərdə əsasən dondurmalar satılırdı, özü də necə dondurmalar: xırda, yumru-yumru, rəngbərəng, sarı, çəhrayı, mavi, ağ, qırmızı və dadlı. Baba özü dondurmanı az yeyirdi, elə buna görə də bir də görürdün, babanın qabağındakı dondurmalar, necə deyərlər, bir-bir mənim qabıma gəldi. Abir bağının aşağı tərəfində başqa bir kafe vardı-Çin üslubundaydı. Çin kafesinə də gedirdik. Qarşı tərəfdə isə şirniyyat dükanı yerləşirdi. Ev üçün şirniyyatı burdan alırdıq. Amma şirniyyat, əsasən, evdə bişirilirdi.
Anam təkcə Novruz bayramında deyil, müntəzəm olaraq poz piroqu, paxlava, şəkərbura... bişirərdi.
- Xatırlayırsınız, biz Nigar xanımgildə olanda o dedi ki, Novruz bayramı Cavidin evdinə xüsusi qeyd olunurmuş...
- Düz deyir. Bizdə və Üzeyirbəygilə bu bayram çox fərqli keçirilərdi. Nigar Üzeyir bəyin baldızı qızıdı. Anası tatar qızı olduğuna görə, Pənah bəyin ailəsi
Novruzu təntənəli keçirmirdi. 1929-cu ilə kimi Nigargil o evdən köçənə qədər biz Novruzu demək olar ki, bir yerdə qeyd etmişik. Bayramlaşmaq üçün bizə xeyli adam gələrdi. Ana Novruz şirniyyatları ilə yanaşı, böyük qazanda dovğa bişirərdi və bu, bizə bayramlaşmağa gələnlərdə xüsusi əhvali-ruhiyyə yaradardı.
- Deyəsən, Cavid əfəndinin evində yemək məsələsi xüsusi yer tutub.
- Hə, elədir. Baba həmişə deyirdi ki, qidalı yeməkləri çox yeyin, sağlam adam sadə geyinsə də yaxşı görünəcək. Evimizdə ənənəvi bişirilən çölmək bozbaşıydı, gil qablarda hazırlanırdı. Dadı tamam başqaydı. Baba çölmək bozbaşını “cənnət çörəyi” adlandırırdı. Mən plovu xoşlayırdım. Ərtoğrul xəngəli, babayla ana isə bozbaşı xoşlayırdılar.
- Çayla arası necəydi?
- Çaya aulə deyildi. Daha çox qəhvə içərdi. Türkiyədə olduğu vaxtlarda adət etmişdi. Gecələr bəzən ana, bəzənsə özü bişirərdi. Sonuncu dəfə, 1937-ci ildə iyunun 3-də, gecə ana yatmağa hazırlaşanda qapını döyüb anadan yatıb-yatmadığını soruşdu. Ana: - Yox dedi,- hələ yatmamışam, bir şey lazımdı? – Heç... qəhvə istəyirdim. Bir halda ki, uzanmısan özüm bişirərəm,-deyib qapını ötrdü. Baba həmin gecə həbs olundu. Sonuncu dəfə dəmlədiyi qəhvəni içə bilmədi... Bundan sonra isə ana bir daha qəhvə bişirmədi və içmədi...”.
Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn