21 Noyabr 2023 14:59
1094
ƏDƏBİYYAT

“Bilirdi ki, getdiyi yerdə ağac lazım olmayacaq...”- Turan xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib:

Əvvəli ötən sayımızda...

Turan xanımın müsahibəsinin davamınə təqdim edirik:

“Məncə, Azərpaşa Nemətovun da adını o qoyub. Abbas Mirzə Şərifzadənin oğlanları isə Cavidin qəhrəmanlarının adını daşıyırdılar: Ərtoğrul və Qaratay. Amma sonradan yalan danışanlar da oldu. Guya 1928-ci ildə Naxçıvanda kiminsə evində qonaq olub, elə bu zaman ailədə bir oğlan uşağı dünyaya gəlib, Cavid də öz adını götürüb həmin uşağa verib. Əsası olmayan bir söhbətdi. Cavid axı 1918-ci ildən sonra Naxçıvanda olmamışdı. Bir də ki, öz adını kiməsə vermək onun adəti deyildi.

- Sadə adamların şəhər əhalisinin Cavidə münasibəti necəydi?

- Teatr Texnikumuna, Maarif Evinə, yaxud teatra gedib gələndə o ətrafda yaşayanlar Cavidlə tez-tez rastlaşırdılar. Şahidi olduğum bir əhvalatı danışım sənə. Bir dəfə məktəbdən çıxıb evə gəlirdim. Cavid qabaqda gedirdi. Gördüm ki, çox maraqlıdı, qarşıdan gələnlər dayandılar, gəlib ötmədilər, arxadan gələnlər isə addımlarını yavaşıtdılar, onu keçmədilər. O biri tərəfdə-üzbəüz səkidəki adamlar isə dayandılar. Necə deyərlər, sanki “stop-kadr” idi. Küçədə qəribə bir sükut var idi. Ta ki, Cavid gəlib qapını açıb içəri keçənə kimi. Sonra hər şey birdən canlanmağa başladı. Sükut pozuldu... Yol gedərkən xeyli dalğın olardı. Hətta bir dəfə küçədə qoluna toxundum, heç fərqinə də varmadı ki, kim idi ona toxunan. 

- Teatr Texnikumu harda yerləşirdi?

-  İndiki Elmlər Akademiyasının Rəyasət Heyətiylə üzbəüzdə yerləşirdi. Texnikumun binası indi də qalır, yanında çörək mağazası vardı. Sabir bağının ikinci hissəsində isə kiçik dükanlar vardı, ikimərtəbəli “Təbriz” mehmanxanasl da burda yerləşirdi. 

- 1918-ci ildə Cavidin əsir götürüldüyü mehmanxana? 

- Hə. İndiki Musiqili Komediya Teatrının yerində isə Dram Teatrı fəaliyyət göstərirdi. Maarif İşçiləri evisə üçmərtəbəli binadaydı, indiki Konstitusiya Məhkəməsi yerləşən binayla üzbəüz. Bütün ədəbi müzakirələr, disputlar, müşavirələr Maarif İşçiləri Evində keçirilərdi. Tarixi bir yerdi. Təəssüf ki, sonralar onu da sökdülər. 

- Necə istirahət edirdi? 

- 1927-ci ildə Batumda, 1928-ci ildə isə Borjomda dincəlmişik. O zaman mən çox balacaydım, hər şeyi təfərrüarına qədər xatırlayıram. O yadıma gəlir ki, Borjomda baba mənimçün əl ağacı almışdı. 

- Əl ağacını neynirdiniz?

- Görünür, hamı götürübmüş, mən də istəmişəm, alıb. İndiyəcən həmin ağac qalır...

- Mütləq. Əl ağacını dayaq kimi götürmürdü. Çox zaman qolunda olurdu. Hətta dərslərində də bir fikrinin təsdiqi üçün ağacı yerə vururmuş. Görünür, adət etmişdi. Kimsə ona gözəl bir əl ağacı da bağışlamışdı. Çox qəşəngdi. Sonuncu dəfə 1937-ci ildə ağacını evdə qoyub getdi. Bilirdi ki, getdiyi yerdə ağac lazım olmayacaq. Nə olsa, təhvil verməlidir... İndi o ağac da muzeydədi. 

...1934-ci ildə Kürdəxanıdaydıq. 1935-də Vladiqafqazda istirahət etmişik. Baba müalicə məqsədilə tez-tez kurortlara gedərdi. Yesentukiyə, Kislovodskiyə... Şağan bağlarında da olmuşuq. Sonuncu birgə yayımız isə Şüvəlanda keçdi, 1936-nın yayında. Bakı bağlarında dəniz gecələri çox gözəl, ilıq olardı. Adamlar, adətən, günün qızmarında, biz isə gecələr, saat 1-dən sonra gedərdik dəniz...

- Cavid əfəndi də dənizdə sizinlə birgə çimərdi?

- Hə. Bir yerdə çimərdik. Dənizdən sonra səhərə qədər işləyərdi. 

- Bağ mövsümündə əsər yazıb?

- “Səyavuş”u yazıb. 1934-cü ilin yayında isə Kürdəxanıda “Xəyyam” üzərində çalışırdı”. 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn