20 Noyabr 2023 15:24
1444
ƏDƏBİYYAT

“Cavidin turançılığı, türkçülüyü bizim adımızda da özünü hiss etdirirdi...”

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib:

Əvvəli ötən sayımızda...

Növbəti yazını təqdim edirik:

- Cavid əfəndinin ədəbiyyatda rəğbəti kimlərəydi?

- Kimlərə rəğbət bəslədiyini deyə bilmərəm, amma hiss olunurdu ki, əsas mütaliəsini İstanbulda etmişdi. İstanbuldan gətirdiyi kitablar arasında isə bədii ədəbiyyat nümunələri çox deyil. Əbdülhəq Hamidin pyesləri, Tofiq Fikrətin “Rübabi-şikəstə”si... Qalanları isə, əsasən, təbabətə, fəlsəfə və ədəbiyyata dair kitablardı.

- Cavid əfəndinin İstanbul xatirələrindən nəyisə bilirsiniz? 

- Təkcə birini bilirəm. 

- Hansını? 

- Cavid bir dəfə dərsə gedərkən evdən tələsik çıxır, köynəyinin düyməsini tərs bağlayır. Bunu görən Riza Tevfiq Cavidə “İndi bildim ki, əsl şairsən”,-deyir. 

Cavidin 1907-ci ildə İstanbulda çəkilmiş şəkli bizim əlimizdə olan ilk fotosudu: səliqəli, əsl türk gənci. Ümumiyyətlə isə, 1907-ci ilə qədər Cavidin heç bir şəkli yoxdu. Atasının da həmçinin. Bəlkə də evdə başqa şəkillər olub, 1937-ci ildə axtarış zamanı götürüblər. Bilmirəm. Hər halda, əldə olanlar 1907-ci ildə İstanbulda çəkdirdikləridi. 

- Gülləri çox sevirdi? 

- Qızılgül, xüsusən. Özünü də ətrini də, mürəbbəsini də. Evimizdə həmişə qızılgül mürəbbəsi olurdu. Tənbəkisinə isə ətirşah yarpağı qoyurdu. 

- Hansı tütündən istifadə edirdi? 

- Zolotoye runo. 

- Tütün niyə çəkirdi? 

- Çünki işləyən vaxt papirosu götürüb yandırmaq asan olurdu. O isə çox çəkmək istəmirdi, tütünə keçdi ki, yazı prosesində tənbəki bükməyə vaxt sərf etməsin və papirosu azaltsın. 

- Cavid sizə nənəsim deyirmiş...

- Hə... Nənəsim. Yəqin nənə sözündənmiş. Bu xitaba öyrəşmişdim. Ana da mənə axıra qədər elə xitab etdi. Babanın Turanciyim, Turancığaz dediyini də xatırlayıram. Ərtoğrola isə Tuquş deyirdi. 

- Gözləri nə rəngdəydi? 

- Qonurdu. Amma son illərdə gözlərinin rəngi dəyişmişdi. Uşaqlıqdan gözləri zəif olub. Təbrizdə də, İstanbulda da gözlərini müalicə etdirmişdi. Almaniyaya gedişinin bir səbəbui də gözlərini müayinə etirməkdi. Uzağı pis görürdü. Yazı prosesində gözlük qoymurdu. Elə buna görə də son illərdə Cavidi oxumaq qayğısından azad etmək istəyirdik, oxumalı olduğu kitabları biz-Ana, Ərtoğrol və mən ucadan oxuyardıq.  Yadıma gəlir, “Koroğlu” ssenarisini işləyəndə qalın-qalın kitablar gətirirdi, biz oxuduqca o, qeydlər edərdi. 

- Almaniyaya gedişinin bir səbəbi gözlərinin müayinəsiydi,-deyirsiniz...

- 1926-cı ildə Maarif Komissarlığı göndərmişdi, gözlərinin müalicəsi və Avropa ədəbiyyatını öyrənmək məqsədilə. Ezamiyyət vərəqəsində müddət altı ay göstərilib, amma üç ay qaldı orda. Bu vaxt biz bağdaydıq. 

- Almaniyadan bir şey gətirdimi?

- “Azər”in bir çox hissələrini orda yazmışdı. “Kömür mədənində”, “Rəssamın qızı”... Almaniyada yazılıb. Məişət şeylərinə gəlincə, “kaverkot” parçası gətirmişdi-bir üzü tam qəhvəyi, o biri üzü dama-dama, nazik yaşıl, qırmızı zolaqlı-çox dəbdə olan bir parçaydı. Özünə palto almışdı. Sonralar həmin paltodan mən istifadə elədim. Daha doğrusu, özüm üçün palto düzəltdirdim. Anaya dırnaqtəmizləyən, özünə gözlük və gözlük təmizləyən almışdı. Sonralar xatirələrini danışırdı, təəssüf ki, hamısını xatırlaya bilmirəm. Amma bir yadımdadı: “tramvayda da bir qız ayağını-ayağının üstünə aşırıb, əyləşib. Vaqonun lap uzaq bir tərəfində oturan qoca alman durub qıza yaxınlaşır. Qızın üstə aşırdığı ayağını iki əliylə tutub o biri ayağının yanına qoyur və sonra öz yerinə qayıdır. “Ayağı ayağın üstün aşırıb oturmaq ədəbdən kənardı almanlarda”,-belə deyirdi. 

- Sizə Turan adını verməyi necə olub?

- Anasını- Ümmi Leyla xanımı çox istəyirmiş və mənə də anasının adını vermək istəyirmiş. Üç gün fikirləşib, tərəddüd edib. Nəhayət, Turan qoyub adımı. Elə bu, onun kimliyini sübut edir. 

- Sizdən əvvəl Turan olub?

- Xatırlamıram. Ərtoğrol adı da yoxdu. Sonradan Turan adını oğlanlara verdilər. Ərtoğrol isə hələ də geniş yayılmayıb. Cavidin turançılığı, türkçülüyü bizim adımızda da özünü hiss etdirir. 

- Başqalarına da ad qoyub?

- Çox... Qohumlar, yaxınlar dünyaya gələn uşaqlarına ad verməyi ondan xahiş edirdilər. Məsələn, Hüseynqulu Sarabskinin oğluna Azər, Əhməd bəy Pepinovun qızına Sevda, Məmmədzəki Dursunzadənin qızına Afət, Əsəd Verdiyevin oğluna Yavuz. Ümumiyyətlə, Cavidin ad verdikləri çoxdu. 
Çingiz, Azad, Fikrət, Midhət, Şəhla... Sevda Pepinov isə ilk Sevdadı. Sevda adı qoyulandan sonra Cavid “Xəyyam”ı yazdı. Bir gün Sevdaya: “yeni əsər yazmışam, orda Sevda var” söyləyib. Sevda da ağlayıb ki, bu əsərdən sonra sevdalar çoxalacaq. Baba isə “Sən, hər halda ilk Sevdasan”,-deyib, qızın könlünü alıb. Cavid ümumiyyətlə, Əhmd bəy Pepinovla çox yaxın dost idi”. 

 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı. 
Hazırladı: Vasif Əlihüseyn