18 Noyabr 2023 13:13
1534
ƏDƏBİYYAT

“Cavidin atası haqda Seyid Əzim Şirvaninin şeiri də var...”- Mişkinaz xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.

Əvvəli ötən sayımızda...

Növbəti yazını təqdim edirik:

- Cavid şahtaxtalı Hacı Molla Abdullanın oğludur. Hacı Molla Abdulla bütün müsəlman şərqində məşhur rövzəxan olub. Bu barədə Seyid Əzim Şirvaninin şeiri də var. Molla Abdullanın gözəl səsi varmış. Amma çox təəssüf ki, səsini plastinkaya yazdırmayıb. 

- Rasizadə soyadının kökü hardan gəlir?

- Bilmirəm və ikinci belə bir soyadı eşitməmişəm. Deyirlər, rasi dindar sözündəndi... Cavidin babası Məşədi Qulu ömrünün yarısını əkinçiliklə, yarısını da həllaclıqla, yəni pambıq daramaqla keçirib. Məşədi Qulunun dörd oğlu olub. Məşədi Ənnağı, Məşədi Tağı, Hacı Molla Abdulla və Kəblə Mirzəli. Cavid 1882-ci ildə Naxçıvanda dünyaya gəlib. Bəzən yanlış olaraq Cavidin doğum yeri kimi Şahtaxtını göstərirlər. Bu, düz deyil. Nənəm Ümmi Leyla xanımdı. Ailədə əvvəlcə qız uşaqları doğulub. Qızlar şahtaxtıda dünyaya gəliblər. Naxçıvana köçəndən sonra isə oğlanlar anadan olub. 

Bibilərim Fatimə, Ümmi Səlimə və Xurşid xanımlardı. Əmilərim isə Şeyx Məhəmməd, Molla Əhməd, Əlirza və Ələsgərdi. Əhməd və Ələsgər ikinci evlilikdən doğulublar. Mən yalnız Əhməd əmimi və Xurşid bibimi görmüşəm. Əlirza 1923-cü ildə müalicə üçün Bakıya gəlib və burda vəfat edib. Molla Əhməd isə 1941-ci ildə Tacikistana oğlunun yanına getdi və orda da dünyasını dəyişdi. 
1918-ci ildən sonra Cavid Naxçıvana getmədiyi üçün bacılarıyla görüşmək imkanı olmayıb. Şeyx Məhəmməd Cavidə ata əvəziydi. 

- Şeyx Məhəmmədi görməmisiniz?

- Yox. Nə mən onu, nə də o məni. 

- Niyə? 

- Çünki nə mən Naxçıvana getmişdim, nə də o Bakıya gəlmişdi. 

- Belə çıxır ki, Cavidlə Şeyx Məhəmməd sonuncu dəfə 1918-ci ildə görüşüblər. 

- Elədir... Cavid 1918-ci ildə ailə qurub və elə həmin ildə də Bakıya köçüb. Əvvəlcə, baba gəlib, burada ev kirələyib. Sonra isə Ananı (anası Mişkinaz xanımı belə anır) kiçik əmim Əlirza gətirib Bakıya. 

- Kirələdikləri ev haradaymış?

- Köhnə Tatarski küçəsində. İndi həmin keçə Əlimərdan bəy topçubaşovun adını daşıyır. İkincimərtəbəli binada bala bir ev. Ərtoğrol da 1919-cü ildə həmin evdə dünyaya gəlmişdi. 

Əvvəlcə, kasıb yaşayıblar. Sonralar baba Darülmüəlimində, Darülmüəllimatda, seminariyada dərs deyib. Dolanışıqları yavaş-yavaş qaydasına düşüb. Darülmüəllimin indiki Əlyazmalar İnstitutunun binasında, Darülmüəllimat isə İncəsənət muzeyinin ikinci binasında yerləşirdi. 1925-ci ildə bi məktəbləri birləşdirdilər, qızlar və oğlanlar bir yerdə seminariyada təhsil almağa başladı. 

- Necə olub ki, Cavidə qeyri-yaşayış binasında ev veriblər?

- Tək Cavid deyil. Bizim ailəmizlə bərabər Pənah Qasımovun da ailəsi üçüncü mərtəbədə yerləşdirilmişdi. Binanın Akademiyaya tərəf olan istiqamətində solda Cəmo Cəbrayılbəylinin ailəsi, qarşı tərəfdə Şəfiqə xanım Əfəndizadə və seminariyanın həkimi Zahid bəy Şıxməmmədov yaşayırdı. Müəllimlərin tələbələrlə daha yaxın ünsiyyətdə olması üçün belə etmişdilər. Bu insanlar seminariyada növbətçi olurdular. 

- Cavid əfəndi də növbətçi olurdu?

- Əlbəttə. Axı orda həm də yataqxana vardı. Qayda-qanuna ciddi əməl edirdilər. Seminariyanın vinetkasına baxanda adam ordakı müəllimlərə qibtə edir. Üzeyir Hacıbəyov, Cavid, Müslüm Maqomayev, Pənah Qasımov, Cəmo Cəbrayılbəyli, Abdulla Şaiq... Tələbələrin isə hamısı sonralar elmin müxtəlif sahələrində çox tanınmış insanlar oldular...”

 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn