17 Noyabr 2023 12:49
1561
ƏDƏBİYYAT

“Dedi ki, babam sizi mənə tapşırmışdı, mən kimə tapşırım...”- Mişkinaz xanım...

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.

Əvvəli ötən sayımızda....

 Növbəti yazını təqdim edirik:

“Xəstəxanaya oğlumun yanına qayıdıb gördüm ki, “Şeyx Sənan”ı oxuyur. Əlindən alıb pəncərənin qabağına qoydum... Dedim:

- Bunları az oxu. 

Əlini qaldırıb pəncərədən görünən Şeyx Sənan dağını göstərdi:

- Bəs onu neyləyim? 

- Demirəm, tamamilə unut. Ancaq dözümlü ol. Kişi səbirli olar. 

- İki ay pianonun qabağında otursan “Şeyx Sənan” hazırdı. Çox demirəm, 2-3 dəfə ona dirijorluq edim, sonra...

Pedaqoji İnstitutun ədəbiyyat fakültəsini əla qiymətlərlə bitirmişdi. Sonra girdi konservatoriyaya. Əsgər gedən ikinci kursdaydı...

- Sənə heç ümidsizlik yaraşmır...

Dilim deyirdi, amma ürəyimin ümidsiz, narahat döyüntüsünü eşidirdim. Gözümü üzündən çəkmək istəmirdim. Elə bil, ürəyim duymuşdu ki, bu axır görüşümüzdü. 

Keçirdiyim günləri xatırlayanda özüm-özümə təəccüb edirəm ki, necə dözmüşəm? Məni dözümlü, səbirli edən yeganə qızımı əlimdə saxlamaq hissi olub. Ölünü qoy, dirini ağla. 

Qalmaq mümkün deyil, aparmaq imkanım yoxdu...

Onun kəlmə-kəlmə öskürməsi, ümidsiz baxışları ömrüm uzunu unudulmaz. Üzümə baxıb dedi:

- Ana, baba Keşlədə görüşəndə sizi mənə tapşırdı. Mən kimə tapşırım? 

Belə deyəndə əlimi qoydum ağzıma:

- Bu nə sözdü?

- Arzu etmədiyim sözdü...

Polad ürək gərəkdi ki, bu dərdə dözsün...

- Ana, mənə vaxt verəndə Naxçıvana gedim.

- Necə istəsən. 

... O vaxt mənim anam, bibim, əmim oğlu sağ idilər. Bir də ki, öz əmisi oğlu vəzifə başındaydı. O, kiçik vaxtında atasını itirmişdi. Ona görə elə bir yerdə qardaş kimi böyüdülər. O bundan altı yaş böyük idi. Onu çox istəyirdi. Elə bilirdi ki, əvvəlki hökumət və məhəbbət qalıb. Bilmirdi ki, onu vəzifə və zaman dəyişib. Onun kimi mən də bunu bilmirdim. Özümünkülərdən çox onu əzizləyirdim. Onu böyük oğul hesab edirdim. 

- Bir neçə Məktub yazmışam. Heç bir cavab almamışam. 

- Bəlkə almayıb...

... Həkim məsləhət gördü ki, bir az yaxşı olsun, sonra bir adamınız gəlib aparar. 

Onu elə ağır yataqda qoyub gedən köməksiz ananın vəziyyətini izah etmək çox çətindi...

Onun son baxışı, iri açılmış gözləri, solğun bənizi həmişə gözümün önündədi. Var qüvvəsiylə çalışırdı ki, sakit görünsün. Dedi:

- Turanı öpərsən. Salam söyləyərsən. Deyərsən ki, yaxşıyam. Qismət olsa, görüşərik. 

- İnşallah, əlbəttə görüşəcəksiniz, o nə sözdü?

Öz həkimiylə baş həkim məni qapıya qədər gətirib, bir tibb bacısına məni vağzala aparmağı tapşırdılar. 

... Bir aydan sonra əmim gedir ki, oğlumu aparsın, amma vəziyyəti ağır olduğu üçün buraxmırlar. Özüm getmək istədim. Sən bu yaxınlarda gəlmisən”-deyə buraxılış vərəqi vermədilər. Birinci dəfə gedəndə teleqrammata görə icazə vermişdilər. Müharibə vaxtı  onların icazəsi olmadan heç yerə getmək olmazdı. 

Dərd üstündən dərd. Əmim rəhmətə getdi. Ondan da ümidim kəsildi. İki ay da keçdi. Onun oradakı halı. Ana-bala bizim evdəki halımız. 
Elə bu vaxt anamın Moskvada yaşayan qohumu Əziz Şərif Naxçıvana anasına baş çəkməyə gəlir. Tiflisdə necə olursa oğlumun xəstəxanada olduğunu bilir. Gedir yanına. Görür ki, yaxşıdı. Cavidin ən yaxın dostu Əziz Şərif. Ömrüm boyu ona minnətdaram. O gəlib onu Naxşçıvana aparmasaydı, orda tələf olub, atası kimi onun da yeri bilinməz olardı. 

... İraq qızımın canından, mən qaragün, onun sağalıb gölməsini gözləyirdim. Amma qara xəbərini aldıq. Heç analar, bacılar görməsin. Özü də necə nisgilliydim. Əlim çatmır, ünüm yetmir. Yeganə təsəllim o oldu ki, o hadisə burada olmadı. Onu yerdən götürmək üçün bir dost, bir qohum gəlməyəcəkdi. Gərək çıxıb yoldan keçənlərdən xahiş edəydim ki, gəlib mənə kömək etsinlər. Amma orada onu əzizləyənlər, layiqincə yerdən götürənlərim vardı...”. 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn