16 Noyabr 2023 12:38
1450
ƏDƏBİYYAT

“Cavidi sürgünə, oğlumu isə müharibəyə göndərdilər...”- Mişkinaz xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.

Əvvəli ötən sayımızda...

Növbəti yazını təqdim edirik:

“Xəstəxanadan çıxıb evə gələndə gördüm ki, uşaqlar ikisi də evdədilər. Məni görüb sevindilər. Onlara heç nə demədim. 

... Hər gün yolunu gözlədiyimiz məktub gəlib çıxdı. Nə qədər sevindik... Gedib soruşdum ki, bu ünvana bağlama göndərmək olarmı? “Olar,-dedilər, ancaq gecdi, mayın axırında olar. İndi yol bağlıdı”. 

Mənə elə gəlirdi ki, kiçicik bir bağlama ona böyük dayaq bir dayaq olacaq. Bizdən də arxayın olacaq ki, sağ-salamatıq. 1940-cı ilin sentyabrının axırında teleqram aldıq ki, “bağlamanı aldım”. Biz nə qədər sevindik ki, o da bizdən arxayın olub. Yarıarxayın günlər keçirdi. İndi ayları yox, illəri sayırdıq. 

... Gəlişini, şad günləri gözlədiyimiz halda, qanlı-qadalı, anaları ağlar qoyan, evlər yıxan 1941-cı il müharibəsi başlandı. Yara üstündən yara. Birinci həftə qardaşım getdi. Noyabr ayında oğlum getdi. Cavidin böyük qardaşının böyük oğlu mənə oğul əvəziydi, o da getdi. Ağır işlərimi, ac günlərimi, yuxusuz gecələrimi demirəm. Deyirdim, Cavidim gələr, dərdlərimi onunla bölüşərəm. Keçirdiyim ağır dərdlərimi unudaram. Demə dərdimin ağırı hələ qabaqdaymış. Cavidin 1941-ci ildə yazdığı məktubunu 1942-co ildə aldıq. Ondan sonra Caviddən heç bir məlumatımız olmadı. 
Bir evin ki, çırağı söndü, heç yandan işıq düşməz. Oğlumu ağır vəziyyətdə Tiflis qospitalına gətirdilər. Özünə demədən, baş həkimin adından mənə teleqramma gəldi...

Aman Allah, gəl demək nə deməkdi? Gör nə haldadı ki, mənə gəl deyirlər. 

Birinci, maddi ehtiyac. 

İkinci, getmək üçün icazə verəcəklərmi? 

Həmişə evdən satılmaq üçün bir şey verəndə deyərdi:-Ana, elə et ki, ac da qalsaq, o halqa üzüyü satma. O babanın yadigarıdı”. 
Dedim, bundan ağır gün olmaz. Cavidimin yadigarına sərf edim deyə, birinci növbədə üzütü barmağından çıxardım. Bir paltarım vardı, geyəndə Cavidin xoşuna gəlirdi. Saxlamışdım ki, o gələndə geyim. Onu da götürdüm. Evə oğru gözüylə baxırdım, görüm evdə dəyərli bir şey varmı? 
Qonşuda bir dəllal arvad var idi, verdim ona. Dedim ki, tez satıb çatdırsın.  Teleqramı aparıb iş yerimə göstərdim. On gün icazə verdilər. 
Çox çətinliklərdən sonra getdim. Sabahı günü saat beşdə çatdım. Həyətdə gəzən xəstələrdən soruşdum. Dedilər:

- O gəzən deyil, ağırdı.

Gedib özünə və həkiminə deyirlər. 

Amman Allah. Həkimi əvvəl yanına gedir ki, görsün necədi, mənim gəlişimi demək olarmı? Gəlişimi bildiyi üçün deyir: “Doktor, icazə verin anam gəlsin”. Bir də gördüm doktor özü gəldi qapıya. Ağsaçlı, dolğun bir qadın idi. Onu görüb ağladım. Məni qucaqlayıb: 

- Elə bir oğulun anası ağlamaz,-dedi. 

Çamadanı özü götürdü. Gəldik onun kabinetinə. Məni bir də qucaqlayıb doluxsunmuş halda dedi:

- Əlimizdən gələni edirik. Görək nə olacaq? Sizin xalqda qədirbilməzlər çoxdu, belə bir ağıllı, mədəni adamı saxlamalıydılar. Bütün həkimlər onun sağalmasına çalışırlar. Baş həkim hamısına tapşırıb. Atasını tanıyır. 

O danışdıqca mən tələsirəm ki, tez gedib görüm. Qoluma girib dedi:

- Amma çalış ağlama, ona həyəcanlanmaq olmaz. 

Qapıya qədər gəlib məni içəri buraxıb, özü geri qayıtdı. Yanında tibb  bacısı oturmuşdu. Mən içəri girəndə başını qaldırdı... Aman Allah, o iri açılmış qara gözlər, qanı qaçmış al dodaqlar. Yaxınlaşıb əyiləndə birinci sözü bu oldu:

- Ağzımdan öpmə: 

Ağız nədi, üz nədi, duz kimi yaladım. Dedim:

- Bu nə sözdü. Adam xəstə də olar. Sağlar da. Sənə nə olub?

Dalbadal deyirdi:

- Nə yaxşı gəldin... Yollar çox çətindi, çox əziyyət çəkdin. 

- Yox, rahat gəldim. 

Çox həssas və ayıq idi. Barmağımda üzüyü görməyib soruşdu:

- Ana, birdən üzüyü...

- Yox, evdədi...

Heç nə demədi. İnandımı, inanmadımı? Ağır-ağır nəfəs alaraq dedi:

- Ana, mən əsgər gedəndə sənə dedim ki, səni qəhrəman anası edəcəm, demədim ki, ağır dərdinin üstünə sağalmaz dərd qoyacam. Adamın ki, taleyi döndü, hərtərəfli dönür. 

- Canın sağ olsun, inşallah, yaxşı olarsan... Hər şey düzələr. 

Ah çəkib:

- Sağalsam...-dedi.

Əyilib üzündən öpdüm. 

- Adam ümidsiz olmaz,-dedim. 

Üzünü yana çevirib yavaş səslə:

- Yazıq anam,-dedi. 

Məni qəhər boğdu. Danışsaydım ağlayacaqdım, odur ki, özümü eşitməzliyə qoydum. Dilim susdu, ürəyim yandı, göz yaşım qəlbimə axdı.

Bir xeyli oturdum. Sonra tibb  bacısı gəlib dedi:

- Doktor sizi çağırır. 

Üzündən öpüb dedim:

- Bir neçə gün burdayam, həkimin mənim qabinetimdə qalarsan deyib. 

Sevincli səslə: 

- Nə yaxşı,-dedi. 

... Həkim çox təəssüflü, qayğılı dedi:

- İkitərəfli sətəlcəm olub, müalicəsi düzgün aparılmayıb. Sonra döndərib vərəmə. Keçən həftə çox qan itirdi. Görək nə edirik...
Səhəri baş həkim gəldi. Ağsaçlı, ucaboylu, arıq bir kişiydi. Azərbaycanca salam verdi:

- Mənim azərbaycanlı dostlarım, tanışlarım çox olub. Ona görə də danışmağı öyrənmişəm.  O dostlarımdan gedənlər çox oldu. Cavidlə 1913-cü ildə Tiflisdə tanış olmuşam. Bir dəfə mən və bir neçə dost getdik Şeyx Sənan dağına. Azərbaycan xalqı böyük bir alimini itirdi. Heç olmasa, barı, onun yeganə oğlunu əsgərlikdən saxlayaydılar. Əlimizdən gələni edirik. Bir az yaxşı olsun, bir il vaxt verərik. Əgər o vaxtacan müharibə qurtarmasa, onu bir də əsgər getməyə qoymaram. Ürəyimdə dedim bəxtvər o xalqa ki, sənin kimi oğlu var. Amma bizim dost dediyimiz alimimiz məni qızdırmalı-qızdırmalı xəstəxanadan çıxardı. Heç salam verən yox idi. O ki, qaldı əsgərlikdən saxlatdıra...”.

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn