15 Noyabr 2023 13:01
1269
ƏDƏBİYYAT

“Cavidi sürgünə göndərəndən sonra məni də...”- Mişkinaz xanım...

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.

Əvvəli ötən sayımızda... 

Növbəti yazını təqdim edirik:

“Əvvəl onun rahatlığı üçün şərait yaratmağa çalışardım. Sonra uşaqların qayğılarına qalardım... Cavidin işsiz, boş oturan vaxtı olmazdı, ya kitab oxuyar, ya da yazıları ilə məşğul olardı. Çörək yediyi vaxtda da o, fikirləşərdi. Baxırdım ki, iki qaşını bir- birinə yaxınlaşdırıb fikrə daldı. Az çəkmədən əlindən qaşığı qoyub, qalxdı, yazı masasına yaxınlaşdı, bir neçə kəlmə nə isə yazıb, sonra gəlib otururdu.

... Bəs nə uzun illər o, qələmsiz, kağızsız o dolu ürəyini, ümman fikrini hara yazdı. Deyərdi: “Sənətkar kürreyi-ərz kimi dayanmadan çalışmalıdı, yaratmalıdı”. Elə bir sənətkarı dili bağlı, əli bağlı qapalı qatarda, qarlı-şaxtalı səhralarda doğrusu sürgünə aparırlar. Ona rəhbərlik edənlər kimlərdi?

Aman Allah!

Gedib arvada təşəkkür etdim. O kömək etməsəydi, mən görüş ala bilməyəcəkdim. Soruşdum:

- Nə vaxt aparacaqlar? 

- Bilmək olmaz, yarım saat bundan əvvəl iki maşın apardılar. Bu qədər camaat da durub gözləyir. Gəlsən də görə bilməyəcəksən,-dedi. 

Ona sağ ol, deyib ayrıldım. 

Gəlib gördüm ki, uşaqlar məni gözləyir. Qapıdan girən kimi əlimə baxdılar ki, görsünlər, şeyləri verə bilmişəmmi?

- Babadan sizə çoxlu-çoxlu salamlar,-babanın əvəzinə,-deyib, hər ikisini öpdüm. 

İkisi də birdən dedi:

- Kaş biz də gedəydik, necəydi, nə dedi?

Ona düzünü dedim, narahat oldu, bunlara yalan deyib sakit etdim. 

Onun qəmli sözləri, dumanlı ahı, kədərli üzü, nəmli gözləri... barədə uşaqlara heç nə demədim.

- Çox yaxşıdı.

... Kiçicik bir bağlama verdim, bir şələ dərd, kədər, nisgil gətirdim. 

Ayın 5-də Keşləyə getdim ki, bir xəbər bilim. Bir pəncərəyə yaxınlaşıb soruşdum. Dedilər:

- Dünən gecə yola saldılar. 

Mənə elə gəldi ki, ayağımın altında bir quyu açıldı, məni çəkdi aşağı. Başım gicəlləndi. Yerə baxdım. Quyu-filan, heç nə yoxdu. Soruşdum:

- Neçə il iş veriblər?

Dedilər:

- Səkkiz il. Nədi ki, beş ildən sonra gələcək. 

Demək, 1937-ci ilin iyunun 4-də evdən çıxdı, 1939-cu il iyunun 4-də isə vətənindən qapalı qatarda qarlı-şaxtalı səhralara doğru əsir getdi. Ağız dolusu “qardaşım, dostum” deyənlərə də səfalı bağlara, sərin yaylaqlara...

Gəldim evə. Uşaqlar da gəldilər. Anası ölmüş oğlum dedi: 

- Ana, sabah gedək, bəlkə görüş ala bildim. 

- Artıq görüş yox, məktubunu gözləməliyik. Bu gün getmişdim. Dünən yola salıblar. 
Üçümüz də ağladıq. 

- Ağlamaqdan bir şey çıxmaz. Çalışın yaxşı oxuyun, babanıza layiq olun, heç kimə əyilməyin. Üzünüz ağ, alnıız açıq olsun. Şərəfli ad dünya qədər qiymətlidir. Ac qalmaq, solğun geyinmək, ağır işlərdə çalışmaq əksiklik deyil. Açıq alınla ac qalmaq alçaq yaşamaqdan qat-qat şərəflidi. 
Gözümüzü bağlı qapılardan çəkib uzaq yollardan gələcək məktubların yoluna dikmişdik. 

Mən xəstələndim. Xəstə yatası oldum. Bir gün xəstələri yoxlamağa gələn həkim xəstələrin çarpayısından asılmış vərəqəni oxuya-oxuya gəlib mənə çatdı. Vərəqə baxıb qorxmuş, uca səslə:

- Cavid-dedi. 

Orada “Mişkinaz Cavid” yazılmışdı.

Əlini elə çəkdi ki, elə bil, əlini od yandırdı. Qınamayan olsaydı, çıxıb qaçardı. O biri xəstələrə gözucu baxıb getdi. Vay o baxmağa. 

Bir neçə gündən sonra 8-9 yaşından tanıdığım bir həkim, şəfqət bacısı ilə gəlib xəstələri yoxlamağa başladı. Mənə çatanda lap yavaş səslə şəfqət bacısına Cavidin vaxtı ilə çox yaxın dost dediyi oranın hörmətli həkiminin adından:

- Deyib, yazın, bu çıxsın.-söylədi. 

O rus olduğu üçün rusca çox təəccüblə yavaş səslə:

- Niyə? Axı sabah rentgenə salınacaq,-dedi.

Görünür onun bizimkilərin şücaətindən xəbəri yoxdu. Onlar belə etməzdilər. Halbuki, həkim üçün dost-düşmən fərqi yoxdu. Müalicəsini et, sonra lazım gəlirsə güllələ. Qaldı ki, tanıdığın xəstə bir qadın.  Çağırıb desəydi ki, səndən qorxuram, çıx get, o mənə belə ağır gəlməzdi, nəinki o şəfqət bacısının yanında. Onun nəzərində o həkim və başqaları nə qədər sönük görünürdülər. Mən ondan utandım. Onsuz da rəhmətlik Sabir demişkən, “Qeyrətimiz bəllidi hər millətə”. 

Səhərisi gün:

- Yazın,-dedim, çıxıram. 

Can, Cavidim, özünə vətənində, ailənə xəstəxanada yer yoxdu”.

 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı. 
Hazırladı: Vasif Əlihüseyn