31 Oktyabr 2025 10:32
115
SİYASƏT

“3+3 formatının reallaşmasına ABŞ icazə verməyəcək”

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin təşəbbüsü ilə Cənubi Qafqazda iqtisadi əməkdaşlığı nəzərdə tutan “3+3” formatı — yəni Azərbaycan, Türkiyə, İran, Rusiya, Ermənistan və Gürcüstanın birgə platforması — gündəmə gətirildi. Hərçənd bu ideya regionda müəyyən dövrdə aktuallıq qazansa da, hazırkı şəraitdə onun reallaşması mümkün görünmür”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, əgər 2020-ci ildə regiondakı vəziyyət fərqli idisə, bu gün Cənubi Qafqazda yeni siyasi konfiqurasiya formalaşıb: 

“O dövrdə Rusiya bölgədə əsas oyunçu idi və Üçtərəfli Bəyannamə (10 noyabr 2020) hələ də qüvvədə idi. ABŞ isə region proseslərində passiv rol oynayırdı. Lakin bu ilin 8 avqustunda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Zəngəzur dəhlizinin -TRİP marşrutu açılması və sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı oldu. Bu razılaşma ilə ABŞ bölgədə həm siyasi, həm də iqtisadi təsir imkanlarını artırmağa nail olub”. 

Politoloq bildirib ki, Gürcüstan Rusiyanın iştirakına etiraz olaraq “3+3” formatına qoşulmaqdan imtina edib: 

“Hazırkı şəraitdə isə ABŞ nə Rusiya, nə də İranın bu platforma çərçivəsində Cənubi Qafqazda fəallaşmasına müsbət baxacaq. ABŞ-nin Zəngəzur dəhlizi -TRİP marşrutu  üzərində təsir imkanlarını artırması, onun regionda yeni iqtisadi və nəqliyyat xəttini idarəetməyə başlaması deməkdir. Bu isə Rusiya və İranın Cənubi Qafqazdakı strateji mövqelərinin zəiflədilməsinə yönəlib. Demək olar ki, “3+3” formatı öz funksionallığını itirib. ABŞ-nin regiondakı artan rolu və yeni geosiyasi reallıqlar fonunda bu formatın dirçəldilməsi və ya yeni əməkdaşlıq modeli kimi aktuallaşması real görünmür. Ermənistan xarici işlər naziri A. Mirzoyan "3+3" formatının Yerevan və Bakıda növbəti iclasının keçirilməsini qeyd edib. Sadəcə, erməni tərəfi çalışır ki, bununla Azərbaycanla yaxınlaşma siyasəti aparsın”.

Vasif ƏLİHÜSEYN