14 Noyabr 2023 11:48
979
ƏDƏBİYYAT

“Dedi ki, sən arzu etdiyin kimi olsa, gələsi olsam...”- Mişkinaz xanım...

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.

Əvvəli ötən sayımızda....

Növbəti yazını təqdim edirik:

Cavid söhbətinə davam etdi dedi ki, “Mən elə bildim ki, o əsərlərim evdə qalıb. Demə, götürüblərmiş. Üzülmə, bu işləri gələcək həll edəcək. Harada olsa, bir vaxt aşkara çıxacaq... Turan onilliyi bitirib bir il fasilə versin. Çox üzgündü. Sonra qoysalar, ali təhsil alsın”. 

Mən dedim:

- Oğlum oxuyur, heç bir söz deyən yoxdu. Bu da oxuyacaq. Onu özün gəlib oxudacaqsan. 

Üzümə baxıb dedi:

- Sən deyən olsa. 

Dedim: 

- İnşallah olar.  

Oğlumun oxumağına mane olmadıqlarına çox şad oldu. 

-Şükür, xeyirxahlar, qədirbilənlər varmış. Haqlını haqsızdan xalq ayırıb qiymət verəcək. Əfsus ki, gördüyüm rəzalətləri, keçirdiyim günlərimi heç bir yerdə qeyd edə bilmədim. 

- Gələndən sonra hamısını yazarsan. 

Təəccüblü bir iş, ya bir söz olanda qaşının birini qaldırardı... Qaşını qaldırdı, üzümə baxıb dedi:

- Sözüm çoxdu, vazt az. Bir də kim bilir, görüşmək qismət olacaqmı? Mən istərdim, biz həmişə bir yerdə, el içində şad, xoşbəxt olaydıq. Nə qədər işlərim, arzularım qaldı. 

- Cavidim, sənə ümidsizlik yaraşmır. Gələndən sonra bu acıları unudarsan. 
Üzümə baxıb çarəsi mümkün olmayan təəssüflü bir səslə dedi:

- Zavallı yavrum. Unudulmaz acılar umulmaz umud. 

Ağladım. 

Kədərli səslə:

- Zaman gələcək, yazılmamış əsərlərimə, qaranlıq zindanıma xalqım da ağlayacaq. Azərbaycana vurulan yara çox dərindi. Namərd əllərdə mərd alim oğullar itirdi. Əsrlər boyu bu yaralar sızlayacaq. 

Başımı çiyninə qoyub:

- Can, Cavidim,-dedim.

Əlini başıma çəkib:

- Sən arzu etdiyin kimi olsa, gələsi olsam, onda hamısını danışaram... Üzləri ağ olsun ağ üzləri qara adlandıranların. 

Baxdım ki, nəzarətçi bizə tərəf gəlir. Dedim:

- Vay... Demək vaxt qurtardı. 

Üzümə baxıb udqundu:

- Sağlıq olsa yenə də görüşərik. Məktub yazmaq hüququna malikəm. Harda olsam, məktub yazacam. Məni bu yola yolçu edənlərdən yazsam, təbii ki, buraxmayacaqlar.

Heç olmasa, barı bir-ikisinin adlarını deyim ki, biləsən...

Sözünü başlamışdı ki, nəzarətçi gəldi. Dedi:

- Baxın, hamı gedib, mən sizi gözləyirəm.

Heç olmasa beşcə dəqiqə gec gəlsəydi, o “mərdlərin” adını bilərdim. İkimiz da qalxdıq ayağa. 

Cavidin rəngi ağardı, məni də rənqi qaçmış görüb:

- Vaxt nə tez çatdı,-dedi. 

Nəzarətçi utanmış halda:

- Məndən asılı olsaydı, hələ bir az da gec gələrdim,-dedi. 

İnsafsızlar içində insaflılar da varmış.

Var gücü ilə əllərimi sıxıb titrək səslə dedi:

- Uşaqları öpərsən. Yaxşı dostlara, qonşulara salam de. Darıxmayın. Əlvida...

- Yox,-dedim, yaxın vaxtda görüşənə qədər. 

Bərk əsəbiləşəndə, çox həyəcanlı olanda dodaqları səyriyirdi. Elə titrək dodaqlarnan:

- Sən deyən olsun, ağlar gözlərin gülsün. 

- Amin, əzizim. 

Üzümə baxdı. Məni rəngiqaçmış, gözü yaşlı görüb qəmli səslə:

- Nə qələmim susacaq, nə də gülüm solacaq,-dedi. 

...Gözucu baxırdım ki, nəzarətçi bir qədər bizdən aralansın. Heç olmasa bir kəlmə soruşum. Aman vermədi. Cavid üzü gəldiyi qapıya tərəf getdi. Ayaqlarım yerə yapışmışdı. Bir-iki addım gedib, dönüb baxdı. Gördü dayanmışam. Əlini qaldırıb salamatlaşdı. Həyətdən axırıncı mən çıxdım. Çıxıb yeriyə bilmədim. Söykəndim divara. Gözümü dikdim qapıya. Cavidin solğun üzü, kədərli gözləri, həddən çox zəifləmiş vücudunu gözümün önünə gətirdim. Uzun yollara, ağır günlərə dözə biləcəkmi?..”.

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn