13 Noyabr 2023 12:38
1152
ƏDƏBİYYAT

“Həbsxananın həyətində məni görəndə sevindi...”- Mişkinaz xanım...

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.

Əvvəli ötən sayımızda...

Növbəti yazını təqdim edirik:

“Bir saat qədər dayandım. Görüş verəcəkləri adamın adını çağırıb dedilər ki, hansı qapıya get. Hər dəfə pəncərə açılanda ürəyim şiddətlə döyünürdü. Hər görüş istəyənə və hər sürgünə gedənə görüş verilmirdi. Bu gün də dustaq yola salırdılar. Ona görə uzaqdan, yaxından görmək ümidi ilə hamı axışıb gəlmişdi. İynə atsan, yerə düşməz. İndi də o mənzərə gözümün önündədi, o səslər qulağımdadı. Mənə elə gəlirdi ki, yer üzündə bu saat bir nəfər də olsa gülərüzlü şad bir insan yoxdu. Hamı mənzərəni görür, hamı bu ağlaşma və və yalvarış səslərini eşidir. Çoxuna rədd cavabı verirdilər. 

... Pəncərə açıldı. Adlar çağırıldı. Mənim də adım çağırıldı. O bədbaxtların, o böynubüküklərin  içində ən xoşbəxt mən oldum. O saat fikrimdən keçdi ki, Cavidə deyəndə ki, sənə görüş verirlər, nə qədər sevinib və təəccüb edib. 

...Dünənki həyət. Adam az. Divar tərəfdə, yaxında heç kəs yox. Oturub. Gözü qaoıda. Mən girdim əlimdəki şeyləri onun özünə yox, yoxlamaq üçün oranın nəzarətçisinə verib içəri keçdim. Məni görən kimi qalxdı ayağa. Yola baxdı ki, görsün uşaqlar da gəlirmi? Sevincli səslə:

- Nə yaxşı!-dedi. 

Dünənkinə nisbətən bu gün bir az sakit idi. İrəli gün apardığım gözlük gözündəydi. Arada iki nəfər gözçü gəzirdi. Bir elə dolanıb gəlib durdu yanımızda. O keçəndə mən onun dalınca narazı baxışlarla baxdım. Cavid dedi:

- Onun da vəzifəsi budur. Məhbus nəzarətsiz, cəzasız olmaz. 

Mən cəza sözündən darıxmış halda üzünə baxdım. Mülayim və kədərli bir səslə:

- ...Təmiz adına ləkə vurulması, başı-qulağı üç qəpiyə dəyməyənin qarşısında dayanıb təqsirli sözlər dinləmək, anlamaz qarşısında susmaq, anlatmağa haqqın olmamaq cəza deyilmi? Elə təhqirli sözlər deyirlər ki, dözmək mümkün deyil. Gərək nə qədər ürəksiz, şərəfsiz adam ola ki, olmayan sözləri danışa. Nə isə... Sözlərim çoxdu. Əfsuz ki, vaxt azdı. Nə qədər deyiləsi sözlərim var, deyiləsi dərdlərim, görüləsi işlərim var. Əsl xain yaxşıları psi adlandırıb məhv edənlərdi. Vaxt gələcək bu günahsız, ləkəsiz, tarixə, xalqa xeyir verəcək, vaxtından əvvəl itirilmiş bu zavallılar üçün nə qədər təəssüf ediləcək. 

... Bir neçə dostunun adını soruşdu. Dedim:

- Heç birini görməmişəm. 

Biri haqqını dedi:

- Görməsən yaxşıdı, o yarım adam satandı, hələ yaxşısı budu. Neçə kişilər nakişi oldular. Əvvəl-axır ölümdü. Mərd ölmək namərd yaşamqdan yaxşıdı. 

Dedim:

- Canın sağ olsun. Gələndən sonra özün ayırd edərsən. Fikrində danışırmış kimi çox yavaş səslə öz-özünə dedi:

- Həə... umulmaz umud. 

Eşitdim. Üzünə baxıb ağladım. Əlimi bərk-bərk sıxıb dedi. 

- Mən səni ağlar görmək istəməzdim. Keçirdiyin ağır günləri bilirəm. Dönüklük edənləri, əyri yola düşənləri eşitdim. Əsl sədaqət ağır gündə bilir. Silinməz ləkə, kəçiləsi dərd elə dərdlərdi. Şükür o adlar ki, adımızda yoxdu. Mən şad gedirəm, bu hər şeydən üstündü. Qəmli qəlbimin sönməz yıldızı. Ağır qəmim yenilməz xalqımın yenilməsidi. Əllərdə qalxan olmasıdır. Nələr olur, nələr var, bunlar olduğu kimi bu bədbəxt xalqa çatacaqmı? Nə qədər rəzil insanlar varmış İnsn nə qədər alçalarmış.

Mərd ölmək namərd yaşamaqdan üstündü.

Çox qadınlar ərizə verib, ərlərinə “xalq düşməni” deyib boşandılar və ərə getdilər...

Evi soruşdu. Dedim ki, yaxşıdı. Onun dağlardan ağır dərdləri var, hələ bir mən də dərdinin üstünə dərd qoyum, onsuz da bilir narahatdı. 

- Ev sahibi, qonum-qonşu hamısı yaxşıdılar. Bizdən heç nigaran qalma. Yalnız sən mümkün qədər özünə fikir ver, darıxma. 

Soruşdu:

- Evdə sərlərdən bir şey qaldımı?

- Bütün yox, bir neçə parça qalıb. 

Altı-yeddi hazır dram əsərləri vardı. Demək olar ki, əksəriyyəti əl makinasında çap olunmuşdu. Nəşriyyata verməyə. Bir dənə ümumi dəftər nəşr olunmamış əsərlərinin əzmununu, iştirakçıların adlarını... bir-neçə pyesin hamısını narın xətlə yazmışdı. Onu soruşdu:

- O evdə qalırmı?

Mən ölmüş yalan danışmağı bacarmadığım üçün:

- Yox!-dedim. 

Bərk həyəcanlananda, fikrini bir yerə toplaya bilməyəndə, dərin fikirləşəndə iki qaşını bir-birinə yaxın sıxıb, ortada bir qırış görünərdi. Qaşını sıxıb fikrə getdi. 

- Bir o qalsaydı, demək olardı ki, hamısı qalıb.

Gördü ki, mən də çox narahat oldum. Dedi:

- Mənə dedilər, əsərlərindən heç nigaran qalma, özün gələndə hamısını özünə verəcəyik. Ancaq siz adlarını, sayını unutmayın. “Attila”nın adını, bilirsən, dəyişdirib “Gözəl

Eyida” qoydum. Ona görə ki, “Otello” ilə “Attila”nı qarışdırmasınlar. Gözəl Eyida əsərdəki qəhrəman qızın adıdı. Əl makinasında yazılanlardan-hərəsindən birini ayrı qoydular, əvvəl “Çingiz”i, “Telli sazı”, sonra o birini...”.

 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüsey