11 Noyabr 2023 12:14
1173
ƏDƏBİYYAT

“Üç dəfə məhkəməsi olmuşdu, amma heç nəyi...”- Mişkinaz xanım...

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.
 
Əvvəli ötən sayımızda...

Növbəti yazını təqdim edirik:

“1939-cu il iki iyul saat on ikidə görüş verəcəkdilər. Üçümüzdə əlimizdə şeylər durmuşuq qapının qabağında. Fikirləşirəm, görən nə halda görəcəyik?

İçəridən çıxanlar ağlaya-ağlaya çıxırlar. Eşikdəkilər ağlayıb yalvarırlar ki, biz də görüş verin. O mənzərəni görmək, o səsləri eşitmək. Aman Allah, insan nə qədər dözümlü olurmuş. Böyük bir həyətdi. Bir-birindən aralı skamyalar qoyulmuşdu. Əvvəlcədən məhbusları gətirib oturtmuşdular. 

Cavid qapıya yaxın tərəfdəydi. Əlləri dizlərinin üstündə. Gözünü qapıya zilləyib oturmuşdu. Qapıdan girən kimi mən gördüm. Adam çox olduğu üçün bir də ki, gözlüyü gözündə yoxdu, tez görə bilmədi. Yaxına gələn kimi dik qalxdı ayağa. Qollarını açıb üçümüzü də birdən qucaqladı. Birinci sözü bu oldu:

- Dünən niyə gəlmədiniz?

- Çatdıra bilmədim. 

Uşaqları bir də ayrı-ayrı qucaqladı. Uzun müddət görmədiyi üçün ona nə qədər böyümüş görünürdülər. Elə həsrətlə baxırdı ki... Ürəyinə dammışdı ki, bu görüş axırıncı dəfədi. Xeyli arıqlamışdı. Rəngi qaçmışdı. İkimiz yan-yana oturduq. Uşaqlar da bir tərəfində. Bir qolunu açıb ikisini də özünə tərəf sıxmışdı.

Bir nəfər qaratikan kolu kimi arxa tərəfdən oturduğumuz skamyaya söykənib durmuşdu. Darıxmış, yapma bir təbəssümlə:

 - Nə deyəcəkdim... Hamısını unutdum,-dedi. 

İnanmadığı bir adam yanında danışmamaq və onu işarə vermək, bildirmək üçün deyərdi: “Allahü-əbha”. 

Mən yavaş səslə dedim:

- “Allahü əbha”. 

Qolumu sıxıb: 

- Hə”-dedi. 

Fürsət axtarırdım ki, o ürəksiz adam bir balaca bizdən aralansın, pulu verə bilim. Kimsə onu çağırdı. 

Tez pulu qoydum ovcuna. Götürmürdü. Zorla verdim:

- Nəyimə lazımdı? Görən kimi alacaqlar. 

- Elə et ki, görməsinlər. 

- Onlardan şey yayındırmaq olar? Özün gördün ki, o gecə baxılmayan bir yer qalmadı.

- Yaxşını yaman qələmə verənlər yox olsunlar,-dedim. 

- Olacaqlar,-dedi,-ağır itkilərdən sonra sağalmaz yaralar qoyub edəcəklər. Üç dəfə məhkəmə etdilər, ləkəli, zərərli bir şey tapmadılar, o qərara gəldilər ki, bir qədər vətən dəyişikliyi... Vaxt olacaq, özləri səhv olduğunu bilib geri qaytaracaqlar. Sözlərim çoxdu. Əfsuz ki, vaxt azdı. Sizdən ki, arxayın gedirəm, sağ-salamatsınız, o mənə bəsdi. 

Çox həyəxanlıydı. Amma çalışırdı ki, sakit görünsün. 

Birdən cingiltili bir səs ucadan dedi:

- Vaxt qurtardı. 

Necə quru xəzəl üstündə yeriyəndə xışıltılı səs eşidilər, elə səs eşidildi. Hamı birdən bir nəfər kimi elə səslə: 

“Vay... nə tez”,-dedi. Hamı birdən qalxdı ayağa. 

Cavidin gözləri iri-iri açıldı, üçümüzün üzündə dolandı titrək səslə:

- Söz qəvinindi,-əvət,-dedi. 

Əvvəl üçümüzü birdən qucaqladı, sonra təkbətək. Bir qolunu oğlunun boynuna doladı, o biri əli ilə bizi göstərib: 

- Bunları sənə tapşırıram. Darıxmayın. Mərd olun, mərd ölün. Bu da bir cərəyandı, keçib gedəcək. Mərdlik, namərdlik, kişilik, nakişilik hamısı bu illərdə məhək daşından keçəcək,-dedi. 

Qızı bir də qucaqladı, dedi:

- Nənəsim amanatı. 

Həmişə ona “nənəsim” deyərdi. 

Nə qədər sakit görünməyə çalışırdısa da, bizim də həyəcanlı olduğumuzu görüb daha da həyəcan keçirirdi. Onun yanında heç birimiz ağlamadıq. Bərk əsəbiləşəndə, həyəcanlananda dodaqları səyriyərdi. Biz görməyək deyə, tez-tez dodaqlarını sümürürdü. Kövrək və ümidsiz bir səslə dedi:

- Ayrılıq olmayaydı. 

Qapı açılmamış əvvəl məhbusları apardılar. Sonra qapı açıldı. 

Qapıdan çıxan kimi üçümüz də ağladıq. 

Bu ayrılıq birinci ayrılıqdan ağır oldu. Son görüşü xatırladırdı. İlahi, insan da insana bu qədər zülm edərmi? Ələlxüsus, özü də günahsız olanda. Gəlib evə gördüm ki, üz dəsmalı, bir də köynəyi yaddan çıxıb. Çox darıxdım. Sonra özüm-özümə dedim, bəlkə bunlar yaddan çıxıb qalıb ki, aparıb ikinci görüş ala bildim?

Oğlum:

- Sabah aparıb verərəm,-dedi. 

- Yox,- dedim, sabah da dərsdən qalma, özüm apararam. İnsanı qəm qədər heç nə belə yormur. Üç ildi qəm dəryasına qərq olmuşam. Ona görə deyirlər: “İnsanı qəm yıxar, divarı nəm”. 

Birinci getdiyi gündən bu daha ağır idi. Onda elə bilirdik ki, yaxın vaxtlarda gələcək. Amma indi isə... Heyhat kim bilir, nələr olacaq. 

... Arteldən paltar gətirib tikirdim. Neçə gündü ki, iş yığılıb qalıb, vaxtında çatdırmaq lazımdı.

Həmişə maşın işlərini gündüz, əl işlərini gecə tikirdim. Lampanı yandırıb işığı söndürdüm ki, uşaqların gözünə düşməsin. Dedim, siz yatın, mənim yarım saaylıq işim var. Bir də baxıb gördüm ki, hava işıqlandı. Tez lampanı söndürüb girdim yerimə. Uşaqlar bilməsin ki, yatmamışam. İşim çox olanda həmişə belə edirdim.

Bir saat sonra yatmış adamlar kimi, qalxıb çay qoydum. Uşaqlar da durdular. Çay içib, onları dərsə yola saldım, özüm isə Keşləyə gəldim. Nə gördüm? İlahi, nə qədər adam. Hər qapıda iki-üç əli tefəngli dayanıb. Adamları qoyun sürüsü kimi belədən belə qovurlar. Qoyun çox     qiymətlidi. Sürüdən bir qoyun istə onu bir neçə adam axtarar. 

Bir pəncərənin qarşısında o birilərinə nisbətən adam az idi.  Yanaşıb soruşdum ki, burda nə üçün durmusunuz? Dedilər: 

- Görüş üçün ərizə vermişik. Cavab gözləyirik. 

Elə bu vaxr orda işləyən bir qadına rast gəldim: 

- Dünın yadımdan çıxıb qalan şeyləri gətirmişəm. Mümkündürsə, mənə görüş verməyə kömək edin. 

O tanıyırdı:

- Keç, orda dayan,-dedi...”.

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı. 
Hazırladı: Vasif Əlihüseyn