10 Noyabr 2023 15:25
1344
ƏDƏBİYYAT

“Cavidi Keşləyə sürgünə göndərmək üçün qaytarmışdılar...”- Mişkinaz xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.

Əvvəli ötən sayımızda....

Növbəti yazını təqdim edirik:

“Bəlalı başım, qanlı-qadalı müharibə onların üçünü də əlimdən aldı. Oğlumun soyuq məzarına sahib oldum, onlarınkına isə binəsib qaldım. Oğlum əsgərlikdə xəstələnib geri qaytarıldı, sonra tələf oldu. Onlar isə o gedən oldular. 

... Ev nə ev. Üç pillə aşağı enir. Bir göz otaq. Nazik taxta ilə aradan kəsilmiş. Hərəsi doqquz kvadratmetr. Birini mənə, birini də qonuşam verdilər. Onlara verilənin heç qapısı da yoxdu. Bir pənəcərydi. Xeyli sonra o pəncərəni     qapı açdılar. Onlar da bizim evdən keçirdilər. İndi gəl, fəryada bax. Üç uşaq. İki böyük bacısı da onunla olurdu...”. 

...Bir həftə olardı ki, Cavidi Keşləyə aparmışdılar. Buraya köçəndən birinci dəfəydi ki, dəyişəcək aparacaqdım. Ev haqqında heç nə yazmadım. Amma o cavabında başdan birinci yazmışdı: “Evin ünvanını yaz”.

- Aparıblar şəhərə. Şeylə əlimdə, gəlib növbəyə yazıldım. Üç gündən sonra mənim növbəm çatdı. Hər dəfə yerini dəyişəndə tələsirdim ki, tez lazım olan şeyləri verim ki, nigaran qalmasın, bilsin ki, evdəyəm. Çünki qadınlardan da gedənlər çoxdu. 

Bir dəfə əlimdə şeylər mərkəzi poçtun qabağından bikef gedirdim. İki qadın üzü mənə tərəf gəlirdi.  Qəmli üzümdən, gəldiyim yoldan bildilər ki, hardan gəlirəm. Biri soruşdu:

- Bacı, ordan gəlirsən?

- Bəli.

Biri o birinə:

- Kaş biz də yerini biləydik. 

O birisi ona:

- Hardan olduq o bəxtəvər?-dedi.

Elə bir dövrdü ki, bədbaxtlıq içində xoşbaxtlıq axtarırdın. Aylarnan axtarırdılar, harada olduqlarını demirdilər. Ona görə yerini bilənlər xoşbəxt sayılırdı. 

Cavidin yerini tez-tez dəyişirdilər: gah Bayıla, gah da Keşləyə. Müəyyən günüm çatanda harda olduğunu deyirdilər. İki ay olardı ki,

Bayıldaydı. Əgər Keşləyə qaytarılsaydı, deməli, sürgünə göndəriləcəkdi. 

... Divara söykənib durmuşdum. Növbəni gözləyirdim. Bir də gördüm anası ölmüş oğlum rəngi qaçmış gəldi:

- Ana, gedək, baba Keşlədədi, məktub göndərib bura, ayın birində görüş verəcəklər. 

Mən ağladım. Dedim ki, sürgünə göndərəcəklər...

Dərdim bir idi, indi oldu üç: Onun qarlı-şaxtalı Sibirə getməsi ona isti paltar, yol üçün yemək. Arada iki gün vaxt vardı. İki arşın göy sətin aldım. Döşəkdən yun çıxartdım. Bir canlıq tikdim. 

Evə oğru gözüylə baxırdım ki, görüm evdə dəyərli, satılası nəsə var.

Cavidin köhnə bir ayaqqabısı vardı. Onu və onun kimi yararsız olan şeyləri əvvəlki evimizə yaxın olan bir pinəçiyə verdim ki, gərəkli yerlərindən istifadə etsin. İndi təzəsini almağa imkanım yoxdu. Qaldım məəttəl. Bəs nə edim? Çarəsiz qalıb getdim pinəçinin yanına. Neçə ildi ki, tanıyırdı, bu məsələni də bilirdi. Dedim:

- Usta, əgər o çəkmələr qalırsa, onu ver, o ölçüdə çəkmə alacam. 

O yolu gedişim, o sözü deyişim nə qədər ağırdı, deyə bilmirəm. Yaxşı ki, uzun müddət bir tərəfə atılıb qalmışdı, gətirib verdi. 

... Bir təfə bazardan gəlirdim, gördüm Müşfiq pinəçinin qapısının yanında böyük bir daş var, oturub onun üstündə bir tay ayaqqabısını çıxarıb, ayağını qoyub o biri ayağının üstünə. Usta da nə isə tikir. Müşfiq məni görüb qalxdı ayağa, gülüb dedi. 

- Kasıb oğlanıq, neyniyək? 

- Canın sağ olsun, adın ki, üstündədi. 

Bizə tez-tez gələrdi. O günün axşamı gəldi, gülüb dedi:

- Bax, Cavid əfəndi, ayaqqabımı yamatmışam. İndi təzədi. 

Cavid:

- Adın yamaqlı olmasın, ayaqqabının fikrini çəkmə. Onu təzəsiylə əvəz etmək olar, adı isə yox,-dedi. 

Allah mərdimazarın evin yıxsın. O cür kişinin qədrini bilmədilər. Hələ o tifil. Onun günahı nəydi? Oğlum deyir ki, bu gedənlərin heç günahları yoxdu. Çox bədbəxt millətik. Bir-birimizin qənimiyik...

O ayaqqabıydı ki, onu görəsi gözüm yoxdu. Təzəsi alınanda nə qədər sevinmişdim. İndi isə ona pənah gətirmişəm. 

Gətirib başqa bir pinəçiyə verib dedim:

- Buna alt sal, necə olursa birtəhər düzəlt. 

Baxıb dedi:

- Ay bacı, bu atılasıdı.

- Necə olursa, gərək düzəldəsiniz. Çarəsiz olduğumu görüb heç nə demədi. Gətirib, əvvəlcə yudum, sonra çəkmə yağı ilə yağladım. Altının qalın yamağına, altının qalın tikişinə baxıb ağladım. Ona yaraşmayan, layiq olmayan yol tədarükü. O ayaqqabı heç vaxt yadımdan çıxmaz.

O vaxtın bazarında altı, yeddi yüz manata olan bir mis qazanı verdim üç yüzə. İki yüzünü ayrı qoydum ki, verim özünə. Nə edim? Borc almaq olardı. Sonra necə qaytarım? Bir dənı yarıyun köynək aldım, bir cüzi yemək hazırladım. Ayın 1-i gedə bilmədik. Çox narahat oldum ki, o nə qədər nigaran qalıb, fikirləşib ki, yəqin məni də aparıblar. Çünki gedən qadınlar çox idi”. 

Ardı var...
Mənbə:  “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn