09 Noyabr 2023 12:02
1251
ƏDƏBİYYAT

“Cavidin həbsindən sonra bizi yaşadığımız evdən də çıxardılar...”- Mişkinaz xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.

Əvvəli ötən sayımızda....

Növbəti yazını təqdim edirik:
 
“... Yeni bir çağırış gəldi. Amman Allah, bu nədi? Çünki ünvan başqaydı. Oğlum gəldi. 
- Gözün aydın,-dedim,-sabah da başqa bir salona dəvətliyəm. 
- Get görək, bu nə üçündür? Yıxılan ağaca balta vuran çox olar,-dedi. 
... Bunların hamısını qızdan gizlədirdik. Çünki o kiçikdi, qoy ağır dərdləri bilməsin. 
Səhər getdim. Gördüm növbə yoldaşlarımdan bir neçəsi oturublar. Deyəsən, bu, pul məsələsi deyil, başqa idi. 
Yenə qırmızı örtüklü masa. Bu dəfə adamlar başqaydı. Demə, bu ev məsələsidi. Cır-cır səsli bir nəfər üzünü mənə tutub dedi: 
- Evin kişisi olmadığına görə, evin sahəsi artıq olduğu üçün, evi təhvil verib başqa evə köçməlisiz. 
Elə bildim ki, qulağımda bomba partladı. 
- Mümkün qədər münasib yer olsun. 
Onlardan biri:
-Baxarıq,-dedi.
Məndən sonra bir qadın:
- Mənim üçün gün düşən ev olsun,-dedi. 
Masa başında oturanlardan biri yanında oturanlara:
- Xalq düşmənlərinin arvadları kurort istəyirlər,-söylədi. 
Öz-özümə dedim: dilim bağlansın. Dilimi bağlayan. Mən bu nakəsə nə deyim? Əslində baxılsa düşmən elə düşmən deyənin özüdür. 
Çıxdım ki, oğlum durub qapıda. 
- Bu nə üçündür? 
- Evi verib başqa evə köçməliyik,-dedim. 
Mən darıxmayım deyə qolumdan tutub zarafatyana dedi:
- Mənzilimiz mübarək. Çarəmiz nədi? Şər var xeyrə doğrudu. Görək nə olacaq, başımıza nələr gələcək? 
1937-ci il, 28 sentyabr.
Səhər saat doqquzda iki kişi, bir qadın gəldi. Biri meydan oxuyurcasına qaba bir səslə:
- Şeylərinizi yığışdırın. Bu gün burdan köçməlisiniz. Bizimlə üzbəüz bir qonşumuz vardı. Onun da ərini iki ay əvvəl aparmışdılar. İki uşağı vardı, üçüncünün gəlişi münasibətilə xəstəxanada yatırdı. Onun uşaqlarına da mən baxırdım, yuxarı heç kəsi buraxmırdılar, ona görə ki, alt və orta mərtəbədə Baş Sovet idi. Yuxarı çıxmağa xüsusi icazə lazımdı. Belə bir vaxtda:
- Onlar da köçməlidir,-dedilər. 
Dedim:
- Gedib baxım, görüm necə yerdi, haradı?
Güldü:
- Yəni bəyəndin, bəyənmədin, bu gün axırıncı gündü, köçməlisiniz.
Qeyri-ixtiyari, çılğın bir hönkürtüylə ağladım. Uşaqlar da mənə baxıb ağlaşdılar. Biri dedi:
- Ağlamaqdan bir kömək olsaydı, bur dörd ayda olardı. Yaxşısı dur, şeylərini yığışdır. Sat on ikidə maşına gələcəyik. 
Onlar getdilər. Mən də uşaqlarnan endim aşağı:
- İcazə verdilər:
- Yaxşı, get.
Aparıb qoydum xalasıgilə. Qızımı məktəbdən çağırıb gəldik. Vaxt azdı. İki saatdan sonra maşın gəlməliydi. Birinci növbədə Caviddən qalan yadigarları: ona aid nə varsa- şəkillərini, bir-iki parça qurd ağzından düşənlərin hamısını balaca bir qutuya yığdım. 
Saat 12-də səhər gələnlər, iki nəfər də köməkçi ilə gəldilər. Şeyləri yığdılar maşına. Mənə də dedilər:
- Çıx otur şeylərin üstündə. 
- Yox, dedim, mən orda otura bilmərəm. 
Əvvəldən meydan oxuyanlar hamısı orda oturur,-dedim. 
Qadın ona:
- Biz tramvayla gedən, o sürücünün yanında otursun. 
... Köməkçilər yuxarıda oturdular. 
... Bir haldaydım ki, yolların, küçələrin heç birini ayırd edə bilmirəm. 
Gəlib çıxdıq Sovet küçəsi, ev 92-yə. Maşın bir döngənin qarşısında dayandı. Mən dalandakı qapılardan birini açdım ki, soruşum boş ev haradı? Aman Allah, nə həyət, nə ev? 
Az qaldım çığırıb  qaçam. 
Həmin həyətdə on doqquz il nələr çəkdim? Oğullu getdim, oğulsuz çıxdım. 
Bir evin qapısını açıb:
- Bağışlayın, birda boş ev hardadı?-soruşdum. 
... Bunu deyən kimi arvad yerdən qalxmaq üçün hərəkət edəndə elə bil, paraxod tərpəndi. Elə çığırdı ki, donub yerimdə qaldım:
- Sağ olmayasınız... Nə tez xəbər tutdunuz ki, burda boş ev var. 
Mən tez geri qayıtdım... Öz-özümə dedim: “Hələ bu başlanğıcdı, bunlarla necə dolanacam?”.
Bir qədər sonra milis nəfəri gəldi. Demə, ev sahibin cəncəl adam olduğunu bilirmişlər... Evi vermirdi. Ev sahibi ilə milis nəfəri davaya çıxdı. Axır tapançaya əl atanda gələnlərdən biri tez biləyindən tutdu. Ev sahibini milis şöbəsinə apardılar. Sonra şeyləri daşıyıb gətirdilər. Ev onların ixtiyarından çıxarılıb bizə veriləndən sonra kişini buraxdılar. Arvadı gəlib durdu qarşımda. Əlini-qolunu ölçə-ölçə dedi:
- Heç sağlıqla oturmayasan, heç xeyir görməyəsən. 
Ağlaya-ağlaya dedim:
- Əgər mən öz arzumla gəlib sənin evini zəbt etmişəmsə, sən deyən olsun. 
Qoca qonşu arvad ona dedi. 
- Ay arvad, görmürsən o bəndiyi-Xuda səhərdən indiyənəcən ac-susuz oturub göz yaşı tökür. Onu qurban olduqlarım kimi əsir gətiriblər. 
... Oğlum məni qucaqlayıb dedi: 
- Anacan, ağlama. Bir gün gələcək haqq üzə çıxacaq,-əmisi oğlunu, dayısını göstərib,-biz ölməmişik ki, sən ağlayasan. İnsanlıq, şərəf, mənlik yerindədi. Onları itirmək silinməz ləkədi. Evin, əşyanın dərdini çəkmə...”.

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı. 
Hazırladı: Vasif Əlihüseyn