07 Noyabr 2023 15:18
1182
ƏDƏBİYYAT

“Evdə nə qiymətli əşya vardısa hamısını apardılar...”- Mişkinaz xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.

Növbəti yazını təqdim edirik:

Əvvəli ötən sayımızda...

“Ağız dolusu qardaşım, dostum deyənlərin artıq heç birisi yox idi. Görünməz olmuşdular. Elə bir dövrdü ki, heç kəsdən heç nə ummaq mümkün deyildi. Üstündə yeridiyin yer adamın ayağını yandırırdı. Bu gün azad gördüyün sabah zindandaydı. 

Artıq iki ay keçmişdi, ona baxmayaraq mən hər gün, hər saat onun yolunu gözləyirdim.

Bir gün hazırlaşırdım ki, növbəyə yazılım. Üç gündən sonra dəyişik verəcəkdim. Ayda üç dəfə götürürdülər. Hər kəsin müəyyən günü vardı. Əlifba sırası ilə. O günü çatdıra bilməsəydi, gələn həftəyə qalırdı. Onda da o qədər nigaran qalardı. 

Mən çıxmaq istərkən qapı döyüldü, açdım. Üç nəfər tanımadığım kişi buyurun demədən içəri girdilər. Ürəyim şiddətlə döyünməyə başladı. Biri dedi:

- Ev əşyasını aparmağa gəlmişik.

- Nə üçün? – deyə soruşdum. 

O biri qaba səslə:

- Niyəsi iki ay əvvəl sənə məlumdu,-dedi.

Nə deyə bilərdim. Düşmən zalım, mən məzlum. Bütün bədənim əsirdi. Yorğan döşəkdən, qab-qacaqdan başqa, iri dəyərli əşyaların hamısını apardılar. Oturub fikirləşdim. Nə edim? Dərdim çox, dərmanım, köməyim yox. Durub qapını bağladım. Açarın müəyyən yeri vardı, qoyurdum ora ki, uşaqlar gələndə götürüb açsınlar. Amma indi yerinə qoymadım. Ona görə ki, qapını açıb evi o halda görüb nə düşünərdilər. 

Yol uzunu fikirləşdim ki, necə edim ki, qızımın ürəyi sıxılmasın. Axı o balacaydı. Onsuz da dərdi ona ağırdı. Gedib növbəyə yazıldım. Beş-altı qadın iki saat növbədə durduq. Sonra bizi əvəz edənlər gəldilər. Yolboyu uydurduğum yalanı əzbərləyirdim ki, yadımdan çıxmasın. Gəldim ki, ikisi də rəngləri qaçmış halda küçə qapısının qabağında durub məni gözləyirdilər. İlahi, ikisini də birdən qucaqlaryıb küçədəcə hönkür-hönkür ağladım. Dedilər:

- Açarı niyə yerinə qoymamısan?

- Gecikdirdim, başım elə qarışdı ki, yadımdan çıxdı. O gün bir arvad dedi ki, qonşularını evdən çıxarıb başqa evə köçürüblər. Mən də qorxdum ki, birdən bizi də çıxarıb başqa yerə köçürdərlər. Köçümüz yüngül olsun deyə, keçən gün ordan gələndə komisionnıya girdim dedim ki, ev əşyaları götürürsünüz? Dedilər: “Hə”. Belə tez olacağını bilmədim. Heç sizə də demədim. Köçəndə yüngül olarıq. Qızım qorxmuş halda: 

- Hara?-soruşdu.

- Burdan yaxşı yerə,-dedim. 

Danışa-danışa yuxarı çıxdıq. Qapını açdım. Birinci qızım girdi. Yad evə girirmiş kimi tez geri qayıtdı. Titrək səslə:

- Bu nədi? Baba gəlib nə deyər? 

Qızı hər ikimiz birdən qucaqladıq. 

- Baba gələn kimi gedib gətirəcəyik. 

Oğlum vəziyyəti bilirdi. Bir neçəsini eşitmişdi. Qız əlini yumağa çıxanda oğlum:

- Ana dediklərin düzdü?

- Yox,-dedim, bacın bilməsin. 

- Demək, hələlik gəlişini gözləməyək. 

- Belə gedirsə, yox. 

Ağır günlər, ağır aylar gəlib keçirdi. Evin iri və dəyərli əşyalarını aparmışdılar. Ev köçəri haldaydı. Qapı döyüldü. O saat bildim ki, xeyir yox, şər idi. Çünki daha qapımızı xeyirli əllər döymürdü. Gələn ayaqlar, verilən salamlar artıq kəsilmişdi. Ya Rəbbim, görəsən yenə nə bəladı? Qapını açdıq iki nəfər tanımadığım kişi içəri girdi. Evə bir müştəri gözüylə baxırdılar.

Biri dedi:

- Cavidin “Azərnəşrə” iki min borcu var, onu siz verməlisiniz. 

- Görürsünüz,-dedim., hər şeyi aparıblar. Baxın, evdə dəyərli bir şey varsa, aparın. 

- Qonşudan bir adam çağırın. 

Çıxıb bir adam çağırdım. Şahid kimi yazdılar: “Evdə dəyərli bir şey olmadığı üçün verilmiş pulu geri ala bilmədik”. 

Cavidin külliyyatını nəşr etmək üçün “Azərnəşr” tərəfindən müqavilə bağlanmışdı, müqabilində iki min manat almışdı. Aradan 10-15 gün keçmişdi. Bir gün çağırış gəldi.

Məhkəməyə çağırırdılar. Bircə bu çatmırdı. Vərəqi anası ölmüşümə göstərdim. O da çox narahat oldu. 

- Səninlə gedəcəyəm!-dedi. 

- Yox,-dedim. 

O gecəni yata bilmədim. Bu nə olan işdi? 

Səhər saat 10-da getdim. Görmədiyim yerlər, görmədiyim adamlar. Üstü qırmızı örtüklü masalar. Üstündə yazılı dərdlər, ələmlər. 

Ətiacı, qaban boyda bir kişi (kişi adını hər kişiyə demək günahdı) üzünü mənə tutub kobud bir səslə:

- Cavid indi yoxdur, onun “Azərnəşr”dən aldığı iki min manatı siz verməlisiniz,-dedi. 

Başım hərləndi. Ürəyimdə edim: Dünya durduqca Cavid yaşayacaq. Sənin kimi qabanlar olmayacaq. 

- Gərək ki, sizə məlumdur, evin dəyərli və qiymətli əşyalarını aparıblar. Onu ödəyəcək imkanım yoxdu. 

Bir-birinin üzünə baxıb nə isə yazıb sonra da mənə:

- Siz gedin, sonra baxarıq,-dedilər. 

Çıxdım. Oğlum qapıda gözləyirdi:

- Nə üçün çağırmışdılar? 

- Babana verilən o pulu geri qaytarmaq lazımmış. Dedim yoxumdu...”.

 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı. 
Hazırladı: Vasif Əlihüseyn