06 Noyabr 2023 12:15
1139
ƏDƏBİYYAT

“Cavidin həbsxanadan göndərdiyi məktubunun yarısını cırmışdılar...”- Mişkinaz xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.

Əvvəli ötən sayımızda...

“Başını qoydu çiynimə. Mən də onu bərk-bərk qucaqlamışdım. Mənə elə gəldi ki, bu saat geri qayıdıb oğlumu da əlimdən alacaqlar. Qorxmuş gözlərlə üzünə baxıb:

- Aman Allah,-deyirdim. 

O isə:

- Bu işlərdən Allahın xəbəri yoxdu, bunları edən bəd bəndələrdi,-deyirdi. 

Saat səkkizin yarısında qızı oyatdım. Gözünü açıb çox təəccüblə üzümə baxdı. 
Bir anlığa dilim tutuldu. Nə deyim? Özümü itirdim. 

- Həkimə gedib... – dedim. 

Bir neçə gün idi ki, qolu ağrıdığına görə hər gün müalicəyə gedirdi. Bunu bildiyi üçün inandı. 
Onu hər gün Cavid oyadıb, çörəyini verib məktəbə yola salardı. Evi qarışıq görüb:

- Ev belə niyə?-soruşdu.

-Babanın gərəkli kağızı vardı, onu axtarırdıq. 

Amma inanmadı.

Qızı yola saldıq. Anası ölmüşüm dedi:

- Bu gün inandırıb yola saldıq, sabah nə deyək?

Ana-bala oturub fikirləşirdik ki, nə edək, dərdimizi kimə deyək?

Onu vaxtı ilə ən yaxın dost sandığım, Cavidi özünə qardaş bilən, ən yaxın sirdaşı bilib, köməyinə inandığım bir nəfərin yanına göndərdim. Mənə elə gəlirdi ki, onun köməyi ilə Cavid axşamacan gələcək. Dedim:

- Ondan başqa hələlik heç kimə bir söz demə. Darıxma. Et dərsinə.

... Uşaqlar dərsdən qayıdacaqdı. Əlim gəlmirdi ki, bir şey hazırlayım. Oturub səbirsizliklə gözləyirdim. Əvvəl qız gəldi. Qapıdan girən kimi birinci sözü bu oldu:

- Baba gəldi? 

- Yox,-dedim, bir neçə gündən sonra gələcək. 

Artıq işin nə yerdə olduğunu bilib o da qəm yükünü qoydu çiyninə. 
Saat dördə oğlum gəldi: 

- İki dəfə getdim, görə bilmədim,- dedi. 

O gecəni heç birimiz yatmadıq. Cavid gözümün önünə gəlir: yaralı arslan kimi qəfəsdə çırpınır. Dağlardan ağır kədərin altında. 

Səhərisi gün dedim:

- Bir də get, gör nə deyəcək. 

Mənə elə gəlirdi ki, o “dost”: - Niyə mənə dünən demədin, burda yox idim, evə gələydin,-deyəcək. 

Çox nigaran halda gözləyirdim. Gəldi. Heç nə demədən sualedici bir nəzərlə üzünə baxdım. Qollarını geniş açıb gəlib məni qucaqladı. Doluxsunmuş, titrək səslə:

- Anacan, güvəndiyin dağlar indi vulkan püskürür,-dedi.  

Bağrıma basıb dedim:

- Can bala, bu hələ başlanğıcdır. 

Nə demişdi, nə üz göstərmişdi, heç birini demədi. Gördü mən çox məyus oldum. Çünki mən həmin adamdan inandırıcı kömək gözləyirdim. Onu Cavidə yaxın dost bilirdim. Həmişə deyirdi ki, Cavidin yolunda canımı verərəm. Sən demə, əksinəymiş, canını alarmış. 

Səhərisi gün soraqlaşa-soraqlaşa yerini öyrəndim. Birinci dəfə 1937-ci il iyunun 14-də bağlama verdim. Bir dəst dəyişik üz dəsmalı, mələfə, nazbalınc üzü. Nəyə icazə verilirdisə siyahısını yazmışdılar. Cavabını üç saatdan sonra verəcəkdilər. Üç saat mənə üç il qədər uzun gəldi. İnana bilmirdim ki, o bu on günü dözüb, bu vaxta qədər sağ-salamatdı. Çünki o, əsəbi, çox narahatdı. İşləyən vaxt, bir saatdan, yarım saatdan bir durub gəzir, çay içər, papiros çəkərdi. Çox nadir hallarda birdən üç-dörd saat yerindən qalxmadan oturardı. Deyərdi ki, gərək, dram əsərini elə yığcam qurasan ki, mənalı və məzmunlu olsun. Tamaşaçı oturmaqdan, ifaçı danışmaqdan, hərəkətdən yorulmasın. Romanda hadisələri geniş təsvirli yazmaq olar, dram əsərini yox. Heç vaxt işsiz oturmazdı. Ya kitab oxuyardı, ya da yazı ilə məşğul olardı. Tez-tez çay içərdi. Hər dəfə gərək təzə dəm olaydı...
Elə səbirsiz bir adam elə şəraitdə. Çox ağır, dözülməz dərddi. Amma dünyada insandan dözümlü heç nə yoxdu. Ona görə deyirlər: “Daş olsaydım, ərirdim. Torpağıydım dayandım”. 

İçəridən dəyişiyini verdilər. Evə gəlib bağlamanı açdım. İçindən kiçicik bir məktub çıxdı: “Şeyləri aldım. Çox sağ ol. Mən yaxşıyam. Nigaran olmayın”.
Məktubun yarısını cırmışdılar. Dəfndən sonra qəbiristanlıqdan geri qaytarılan əşya necə təsir bağışlayarsa, bunlar da elə. Əynindən çıxan, kif qoxusu verən paltarı, cırılmış kağızı qoyub, bir cənazə üstündə necə ağlanırsa, yorulunca ağladım. Dərdlilərin, acizlərin silahı göz yaşıdı. Onun da heç nəyə xeyri yoxdu”. 

Ardı var...
“Mənbə: “Cavid haqqında xatirələr”kitabı.
Hazırladı: Vasif Əlihüseyn