04 Noyabr 2023 11:54
1262
ƏDƏBİYYAT

“O yuxudan sonra Cavidi evdən apardılar...” - Mişkinaz xanım...

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.
 
Əvvəli ötən sayımızda...

“Cavid işləyirdi. Uşaqlar yatmışdılar. Mən həmişəkindən tez olaraq saat 11-də yataq otağıma keçdim. Bir azdan Cavid qapını açıb soruşdu:

- Yatmısan?

- Yox!- dedim, nə lazımdı?

- Heç... Elə bildim yatağına girməmisən, qəhvə istəyirdim,-dedim. 

Qalxdım ki, geyinəm, qoymadı. 

Çox vaxt qəhvəqabını bufetin üstünə qoyardım. Gecələr işləyəndə özü bişirərdi. 

Yuxuda gördüm ki, böyük bir ilan mənə tərəf gəlir. Çığırıb yuxudan ayıldım. Yarıyuxulu, qorxmuş halda evdə qaışıq səslər eşitdim. Heç bir şey ayırd edə bilmədim. Elə bu vaxt Cavid qapını açıb ömrümdə eşitmədiyim narahat bir səslə:

- Qalx, geyin,-dedi. 

Qapının arasında baxıb tanımadığım adamları gördüm. Aman Allah, bunlar kimlərdir? İndi o vəziyyəti demək çox çətindi. Əllərim əsir, geyinə bilmirəm. Saniyələr bir il qədər uzun oldu. Bir təhər geyinib çıxdım. 

Cavid qapının yanında ayaq üstdə durmuşdu. Rəngi ağappaqdı. Onu elə gördüm başım hərləndi. Mən onun hər dəqiqəsinin rahat olmasına fikir verirdim. Bu qara bulud hardan gəldi. Qolumdan tutmasaydı, yıxılardım. Qolumu bərk sıxıb:

- Sakit ol, əyləş-dedi. Qolumu sıxmaqla demək istəyirdi ki, bu başlanğıcdı. 

Qapını açıb bu evə keçəndə birinci bufetin üstünə baxdım ki, görüm qəhvəqabı ordadırmı? Cavid qəhvə bişiribmi? Qəhvəqabı orda yoxdu.

O mənə böyük bir nisgil oldu. Özüm özümü danladım. Niyə mən onun sözünə baxdım, durmadım. O vaxtdan indiyəcən mən bir dəfə də olsa qəhvə içməmişəm. Özüm də qəhvə xoşlayıram. 

Gələnlər üç nəfərdilər. Bir adam da qonşudan çağırdılar, şahid kimi. Gecə 1-in yarısından səhər saat 7-nin yarısınacan evi ələk-vələk etdilər. Baxılamayan yer qızımın yatacağı oldu. Kiçik olduğu üçünmü, ya nə isə onu oyatmadılar. Amma onlardan biri elə hey mırtlanırdı ki, niyə ora baxılmadı. 

Cavid o gecə bir qutu papiros çəkdi. 

Kibriti yandıran vaxt onlardan da biri cibindən papiros çıxardı. Cavid öz papirosunu yandırıb ona sarı tutdu, o yandırmadı. Cavid çöpü söndürüb udqundu. Bu udqunmaqla o nələr dedi. Mümkün olsa idi o adamı boğardım. Ləyaqətsiz adam. 

Cavid hiss etdi ki, mən çox darıxdım. Qəmli-qəmli üzümə baxdı, qaşlarını yuxarı qaldırıb ah çəkdi, sanki demək istəyirdi ki, bu hələ harasıdı?

Haçan ki, bir-birinin papirosunu yandıran adam görsəm, Cavidimin əsəbi üzü, dərdlərimin başlanğıcı yadıma düşür...
Mən elə bilirdim ki, o gecədən ağır dərd olmaz. Sən demə daha ağır dərdlər hələ qabaqdaymış. İki böyük çemodan əlyazmalarını, kitablarını götürdülər. Əlyazmalardan elələri vardı ki, əl makinasında çap olmuşdu, hərəsinin iki-üç üzü vardı. Cavid dedi:

- Bunların hərəsindən biri qalsın.

- Yox,-dedilər. 

Cavid ötkəm səslə:

- Necə lazımdı, elə edin,-dedi.  

Onların başçısı dedi:

- Dəyişəcək və yatacaq götür. 

O kəlmə elə bil, ürəyimə iynə kimi sancıldı. Bütün bədənim titrədi. Yavaş səslə: “Aman Allah”, - dedim. Cavid dönüb mənə baxdı. Ağlayan uşağı mülayim səslə necə kiridirlərsə elə:

- Sakit ol, üzülmə,- dedi. 

Qalxıb o biri evə keçdi ki, geyinsin. Yavaş səslə məni çağırdı. İki dəst kostyumu vardı: biri təzə, digəri nimdaş. 

- Bunların hansın geyim? Cib saatımı götürümmü?-soruşdu. 

- Yox, - dedim. 

Ona görə yox dedim ki, saata baxıb günün ləng getməsi onu daha da darıxdıracaqdı. Kostyumun isə qarasını-köhnəsini geyinib: 

- Qara günə, qara paltar yaraşar,-dedi. 

Çox yavaş hərəkət edirdi ki, qız oyanmasın. Dönüb yatmış uşağın üzünə xeyli baxdı. Dərin bir ah çəkdi. Əlini çiynimə qoyub:

- Can əzizim, darıxma, iki-üç gün çəkər. Görəsən nə soruşacaqlar? Nə soruşa bilərlər axı? Mənim örtülü heç bir içim yoxdu. Nə desələr, inanma. Ovçulara ov lazmdı,-dedi. 

Qapıdan çıxanda oğlum ağlar səslə:

- Baba,-deyə çağırdı. 

Dönüb əlini qaldırdı. Amiranə bir səslə dedi: 

- Kişi ağlamaz, Sınar, əyilməz. 

Bir neçə pullə enib dayandı. Dönüb bizə baxdı. Aşağı enməyə qoymadılar... Hər gün gülə-gülə burdan yola salıb geri qayıdırdım. İndi isə ağlaya-ağlaya qayıtdım. Mənə elə gəldi ki, bu saat ürəyim partlayacaq. Evə girmədim ki, qız oyanar. Bayırda hönkür-hönkür ağladım. Anası ölmüş oğlum (oğlum adını deməyə dilim gəlmir) məni qucaqlayıb:

- Ana, yavaş ağla, Turan oyanar,-dedi”. 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn