03 Noyabr 2023 11:56
1106
ƏDƏBİYYAT

“Cavidin axır yeri qaranlıq zindanlar, şaxtalı səhralar oldu...”- Mişkinaz xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.

Əvvəli ötən sayımızda...

 “Ətirlərdən də gül ətrini xoşlardı. Bir yerə gedəndə hədiyyə nə olursa olsun, üstündə mütləq bir qızılgül ətri də olmalıydı. Çayına gülab tökərdi. Gül mürəbbəsini xoşlayardı. Böyük bacısı Cavid haqqında deyirmiş: “Qardaşlarımın gülü qardaşım”.

Gül adlanıb güllə bəslənən Cavidin axır yeri qaranlıq zindanlar, şaxtalı səhralar oldu. Canından artıq sevdiyi güllü vətənin torpağı da ona qismət olmad...

“El içində. Öl içində!”-deyərdi. Müalicə məqsədilə bir yerə gedərdisə vaxtının qurtarmağına beş-altı gün qalmış geri dönərdi. 

Sevdiyin xalqın nakəsləri səni yel eliyib səhralara sovurdular. Əfsus, yaranı eldən aldın. Yad ellərdə itkin məzarlı oldun. 
İşlədiyi vaxt sakitliyi sevərdi. 

“Maral” pyesini yazdığı vaxtlardı. Bir dağıstanlı dostugilə qonaq gedir. Çox hörmət və sevinclə qarşılayıb ona xüsusi bir otaq ayırırlar. Dağıstanlılarda qonağı evdə tək qoymaq hörmətsizlik hesab olunurmuş, ona görə də dostunun qardaşı bütün günü oturarmış onun yanında. 

“Söhbət olsun deyə, ya yersiz suallar verir, ya öskürüb fikrimi dağıdırdı. Üç-dörd gün dözdüm, axırda bir gün dostuma:-Ay qardaş, sənin bu qardaşının işi-gücü yoxdur ki, məni işimdən edir, fikrimi dağıdır? Sən Allah, buna bir iş tap ki, mən də işimi rahat görüm. Dostum mənim narahat olmağıma utanmış halda dedi: - Cavid əfəndi, onun burda oturması bizim işimizi nə qədər geri salır. Axı sizi tək qoymaq ayıbdı. Dedim: - Mən tək deyiləm. Yazdığım əsərdəki iştirakçılar o qədərdilər ki, onları küsdürmək, barışdırmaq, ağladıb-güldürmək...
Sabahdan rahat işləməyə başladım”. 

“Knyaz” pyesini yazdığı ilin yayında Barjoma getmişdik. Olduğumuz evin balkonu Kürə baxırdı. Evlə Kürün arası 50-60 addım olardı. Qarşı görünüşü üç yüz metr ucalığında yamyaşıl meşəlikdi. Üst tərəfi qoruqdu. Orada maral, ceyran saxlayırdılar. Ətraf dəmir barmaqlıqdı. Marallara barmaqlıqdan baxanda adama elə gəlirdi ki, oradan Kürə düşəcəklər. 

Cavid saatlarla balkonda oturub işləyirdi. Mən də ona mane olmasınlar deyə, uşaqları parka aparırdım. Saat ikidə-üçdə Cavid gələrdi. Parkın yanında yaxşı bir yeməkxana vardı. Həyətindən çay axırdı. Çayın üstündə körpü kimi düzəldib masalar qoymuşdular. Orada oturub yemək yeyirdilər. Amma elə düzəldilmişdi ki, masaların hər cərgə arası açıq idi, suyun axarı görünürdü. Üstü çardaqlı ən yaxşı yerdə Cavid bir masa götürmüşdü... Yeməkxananın sahibi ilə danışmışdı ki, saat 3-dən sonra o yeri heç kimə verməsin...

Bir-iki saat dincəlib axşamüstü parka gedirdik. Cavid bəzən getmirdi. Balkonda oturub işləyərdi. Mən uşqlarla enərdim Kürün sahilinə. Hərdən baxırdım, oturub işləyir, əllərini yelləyir, ya barmağını silkələyir. 

Barjomda iki ay qalıb sonra Tiflisə getdik, bir ay da orada qaldıq. Cavid bir gün dedi:

- Gedək, mənim keçmiş mənzilimə baxın. 

Tiflisin uca bir məhəlləsində ikinci mərtəbədə iki balaca otaq. Axar-baxarlı balaca balkon. Bütün şəhər görünürdü. Özünün çox xoşuna gəlirmiş. Biz ora gedəndə Cavidin qaldığı evdə aşağı mərtəbədə olan adamın oğlu yaşayırdı. Bizi çox yaxşı qarşıladılar. Cavid orada yaşayanda bu oğlan kiçikmiş. Elə bildi ki, Cavidin xoşuna gəldiyi üçün yenidə bura kömək istəyir:

- Mən köçüm aşağıya, siz gəlin, yaşayın-dedi.

Cavid:

- Yox,-dedi, - uşaqları gətirdim ki, buranı görsünlər. Sonra Cavid otağın yanındakı balkonsuz bir otağı göstərib dedi:

- Bir gün gəlib gördüm ki, bu otağın qapısı açıqdı. Demək, mənə qonşu gəlib. Allah sən saxla. Gedib sahibədən soruşdum ki, əgər ailəsi, uşaqları çoxdusa, mən buradan köçüm. Amma heç köçmək istəmirdim, amma mənim üçün olduqca əlverişli idi. Sahibə:

- Bizim qohumdu, özü də tələbədi, təkdi,-dedi. 

... Sən demə, haqlıymışam. Yeni qonşu musiqiçiymiş. Özü də necəsindən? Qalın səsli truba çalırdı. Dedim: “Hə, Cavid, indi otur işlə”. Əvvəlki rahatlığım getdi. İki ay birtəhər dözdüm, sonra başladım ev axtarmağa. Tiflisin “Şeytan bazar” deyilən məhəlləsində ev əldə etdim...

... Hər ayını, hə gününü rahatlıqla keçirən Cavidin ömrünün axırı rahatsızlıqnan keçdi. Səbəbkarlara nifrət, Evyıxanlara lənət.”.

Ardı var...  
Mənbə: “Cavid haqqında xatirələr” kitabı. 
Hazırladı: Vasif Əlihüseyn