Polislər üstümdəki qanı görüb...- İlqar Əlfioğlu yazır

1998-ci il idi, yazı yazmamaq barədə verdiyim beşillik vədin müddəti günə-gün bitən kimi, adam içinə çıxdım.
Bir-iki gün sonra, söz gəzirdi ki, güclü mitinq var, dedim görüm nə mitinqdi, orda nə danışacaqlar.
Səbayel metrosuna piyada çatanda baxdım ki, "Azadlıq" meydanına getməyə çalışan camaatın qabağını polis kordonu kəsib, camaatın qışqırığından qulaq batırdı. Qəflətən, ara möhkəm qarışdı. Mənim vəziyyətimi təsəvvür edin də: sakitlikdən çıxan, sonuncu mitinqi Yanvar qırğınından sonra görmüş birisi ola, birdən belə soxa-soxa düşə...
Dəvə nalbəndə baxan kimi gözumü anlamaz-anlamaz zilləmisdim polislə qarın-qarına durmuş, var gücüylə çığırışan camaata.
Bixəbər canım, tərs kimi, toqquşmanın düz episentrində, küçənin tən ortasında idim, guya, yolu keçəcəkdim ki, bu dəhşətli yerdən birtəhər aralanım. Təsəvvür edin ki, küçənin bir tərəfində polislər, digərində qan-qan deyən adamlar...
Elə o məqamda, elə bil, camaatın arasından komanda gəldi, kütlə kordonu yarmaq üçün, polisə cumdu. Bir saniyənin içində ara elə qarışdı, it yiyəsini tanımadı. Bir də onda ayırdım ki, yaşı qırxa yaxın olan bir kürən polis nəfəri düz mənim yanımda sürüşüb, tappıltıyla asfaltın üstünə yıxıldı. Qeyri-ixtiyari, onu yerdən qaldırmaq üçün əlimi uzatdım. Qolundan yapışacaqdım ki, camaatın arasından özünü keçi kimi səkə-səkə yetirən idmançı qiyafəli ucaboy oğlan əlindəki zırpı daşı yerdə uzanmış dəyənəksiz polisin düz təpəsinə zərblə çırpdı. Yazığın kürən, yarıkecəl başından qan fışqırdı. Gədənin ürəyi soyumadı, zərbəsini bir də endirmək istəyəndə, çiynimlə vurub, onu da yerə yıxdım. Polislərin yaxınlaşdığını görən oğlan yerdən cəld qalxıb, özünü izdihama təpərək camaata qarışdı...
Polis nəfərini yerdən qaldırdım, qoluna girib, küçənin o üzündəki polis maşınlarından birinə oturtdum.
Pencəyim tamam qan olmuşdu. Key-key baxırdım. Başa düşə bilmirdim ki, bu xalq bir-birinin qanına niyə belə susayıb...
Bu an qarşı səkidən dəbilqəli polis nəfərləri qalxanlarını döyə-döyə camaata tərəf addımladılar, bayaqdan çöx cəsur görünən kütlə pərən-pərən düşdü, polis onların səkisinə çatanda, artıq kimsə qalmamışdı. Qalan, küçənin ortasında yeddi-səkkiz taykeş ayaqqabıydı...
Məni isə, indicə gördüyüm vəhşilikdən elə bil şimşək vurmuşdu, yerimdən tərpənə bilmirdim.
Bir də baxdım ki, polislər üstümdəki qanı görüb, mənə cumdular, yəqin elə bildilər ki, mən də toqquşma iştirakçılarındanam. Gördüm ki, bunlara niyə burda olduğumu anlada bilməyəcəm, daha dinmədim. Qollarımı burub, maşınlarına oturtdular, apardılar yaxındakı polis şöbəsinə...
Orda zabitlərdən hansısa məni görən kimi tanıdı, rəislərinə dedi ki, bu oğlan bayaq yaralı polisimizi ölümdən xilas elədi, özüm gördüm, pencəyindəki qan da həmin polisin qanıdı...
Buraxdılar. İdarədən çıxmamış, tualetə girib, pencəyimi təmizlədim. Qapıdan çıxdım, küçəni keçdim, bulvarla fikir içındə addımlaya-addımlaya, Azneft meydanına çatdım, ordan da Goburnat bağıyla duz Baksovetə qalxdım, evə sarı yollandım...
Gecəni qarışıq yuxular məni əldən saldı. Səhər duranda, beynimdə elə, dünənki cavabsız sualım fırlanırdı:
"Görəsən, bu xalq niyə bir-birinin qanına belə susayıb?.."
Sonralar başı dağılmış, adını da bilmədiyim kürən polisi Bakı Sovetinin qapısı ağzında görür, hər dəfə hal-əhval tuturdum. İşi yüngül oldun deyə, ora keçirmişdilər.
Bir dəfə mənə başını göstərdi, səkkiz tikiş vurmuşdular. Dedi ki, Allah köməyin olsun, sən olmasaydın öldürəcəkdi məni... Soruşdum ki, bu xəsarətlə niyə təqaüdə çıxmırsan, cavabı belə oldu: "Müəllim, təqaüdə sağlamlığıma görə çıxsam, müavinəti az alacam. Bir çətən külfətim var, gərək birtəhər dözüm..."
Belə-belə işlər... Siz də, day çox zad eləməyin, olur belə şeylər.
Sonralar kürən polisin başından ölümünə vuran cantaraq gədə yadıma düşəndə, hər dəfə öz-özümə deyirdim: "Nə yaxşı ki, ixtiyar o oğlankimilərin əlinə keçmədi və nə, necə olmalıydısa, elə də oldu..."
P.S.Şəkildəki Gürcüstan polisidi. Amma nə fərqi var ki, onlar da qarabaladı...