SÖZÜN İŞIĞINDA
Kiçik yaşlarında atasını itirdi. Anası və əmisinin himayəsində böyüdü. O çətin və ağır günlərində Tapdıqın ana nənəsi Xurma ana onaçox dayaq oldu. Bir də o vaxtlardan misra-misra dilə gətirdiyisözəlindən yapışdı vəhəmişə ona sirdaş oldu. Bir kimsənin qəlbinə sözü dəyəndə ruhunda alışdı, söz pıçıltıları eşidildi.
Tapdıq həm də mənim uşaqlıq dostumdur. Biz eyni məktəblərdə təhsil almışıq. O,məndən bir sinif yuxarıda oxuyurdu. İstər Bürzünbül kənd səkkizillik, istərsə də Hamarkənd kənd orta məktəbində oxuduğumuz illərdə Tapdıq həmişə başqalarından seçilirdi və çoxları ona həsəd aparırdı. O uzaq illərdə Tapdıqın müntəzəm olaraq məktəbin divar qəzetlərində, rayon qəzetində məqalələri və şeirləri çap olunurdu. Məktəb tədbirlərində həmişə fəal iştirak edirdi.
Məktəb divar qəzetindənbaşlayan yaradıcılığı Tapdıqı bir şair kimi yetişdirməyə başladı. Bürzümbül kənd 8illik məktəbindən başlayıb, Hamarkənd orta məktəbində başa çatan təhsil illəri üzü sonradan Bakıya üz tutdu.
İçimdə büdrəyəndə,
Əlimdən yapışdı söz.
Qəlbimə söz dəyəndə
Ruhumda alışdı söz.
Söz dünyasından süzülüb gələn bu misraları deməmək mümkün deyil. Əslində uşaqlıq dostum Tapdıq oxuduğumuz məktəb illərində poeziyanın söz qapısını açdı, tanınmağa başladı. Sakit təbiətli, dərslərində çalışqan və özünə məxsus istedadı ilə seçilən Tapdıq orta məktəbi də seçimlə qurtardı.
Ruhuna hopan, qələmindən damcılanan poetik misralar, ədəbi yaradıcılıq dünyası onu keçmiş ittifaq dönəmində çox tanınan ali məktəblərdən biri olan Lenin adına Pedaqoji İnstitutunun (hazırda Tusi adına Pedaqoji Universitet) filologiya fakültəsinə gətirdi, əla təhsil aldı.
Ali məktəb illərindən sonra Tapdıqın ədəbi mühitdə bir-birindən uğurlu yaradıcılıq nümunələri diqqətləri özünə çəkdi. Bu gün onun şeirlərinin duaya çevirməsi yaradıcılığından qırmızı bir xətt kimi keçir. Biz yalnız qiymətli nemət olan çörəyi öpüb gözümüzün üstünə qoyuruq, müqəddəsləşdiririk. Qələm dostum isə sözləri öpüb gözlərinin üstünə qoyur. Əslində söz müqəddəs kəlamdır. Allah əvvəlcə qələmi yaratdı, sonra ona əmr etdi, yaz insan. Tapdıq bu seçimində sözün Tanrı nişanəsi olmasını vurğulayır. Onun şeir dünyasının söz çələngi əlvan və rəngarəngdir. Hansı şeirinə üz tutsan düzünü söyləyir, düzündə qalır.
Tapdıqın heç bir yüksək titulu, fəxri adlı yoxdur. Onun fəxri adı bütöv Azərbaycan dünyasının qəlb çırpıntıları, onların narahatlığıdır.
Özünün dediyi kimi:
Şairlər dünyanın söz divanəsi,
“Divanı” üstündə qurulur divan.
Dərisi soyulub, ancaq haqq səsi
Susmayıb, ucalıb susmaz heç zaman.
Tapdıqın yaradıcılıq dünyasının hansı üzünə üz tutsan, misralar səni düşündürür, qəlbinə, beyninə rahatlıq verir. Bütövlükdə onun ədəbi dünyasında bir çox dəyərli fikirləri tapıb kəşf etdik. Özünün ismində olduğu kimi Tapdıqı nə yaxşı ki, poeziya aləmində tapdıq.
Bu gün Azərbaycan ədəbiyyatında bir şair və publisist kimi Tapdıqın özünəməxsus yeri vardır. Ötən illər ərzində onun çoxsaylı kitabları çap olunub. Tapdıq həm də uzun illər uğurla qəzetçilik fəaliyyəti ilə də məşğul olmuşdur.
Yaxınlarda Tapdıq Əlibəylinin 65 yaşı tamam olacaq. Bu münasibətlə köhnə qələm dostumu bağrıma basır və səmimi qəlbdən təbrik etməklə bərabər , ona həm də yeni-yeni yaradıcılıq uğurları diləyirəm.
…Ötən əsrin 70-ci illərinin sonunda o paytaxtdan uzaq Yardımlının ucqar bir dağ kəndindən böyük və sonsuz arzularla yollara çıxan Tapdıq nə yaxşı ki, çox qısa bir zamanda öz xöşbəxt ünvanını tapdı. Həmişə ünvanlı və xoşbəxt olasan, qardaşım.
Böyük hörmətlə:
köhnə dostun - Sabir Abdin
04.06.2026.


Bakı -°C

